1611820428 20210128 115207

 

 İnsan hüquqları hər bir​ bəşər övladının​ malik olduğu ayrılmaz hüquqlardır​ və bu​ hüquqların qorunması,​ əsasən milli səviyyədəki inkişafdan,​ mexanizmlərdən asılıdır.

Milli səviyyədə mövcud olan qanunlar, prosedur və mexanizmlər, məhz​ hər bir ölkədə insan hüquqlarının təmin olunması üçün əsasdır. Buna görə də, hüquqlara hörmət etmək, onları təmin etmək və həyata keçirilməsi ilə bağlı​ dövlətlərin öhdəliyi əsas​ hesab olunur.

​ ​ ​ Onu da bildirək ki, hər kəs doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqlara​ və azadlıqlara malikdir.​ Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır​ və insan haqlarının qorunması, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul​ olunur.​ Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə,​ insan haqları inkar olunmaz bir hüquq kimi qəbul​ olunmuşdur. Bütün bunlara baxmayaraq, dünyanın bir çox inkişaf etmiş ölkələrində insan hüquq və azadlıqları pozulmaqda davam edir. Uzun illərdir ki, belə bir xoşagəlməz mənzərə ilə üz-üzə qalan, hüquqları tapdaqlar altına atılan şəxslərdən biri də, Azərbaycan Respublikasının Ağdam rayonundan olan Həsənov Natiq Hüseynxan oğlu adlı şəxsdir. Çünki, bu şəxs bir vətəndaş olaraq öz hüquqlarının bərpası uğurunda ötən illər ərzində mübarizə aparsa da, təəssüflər olsun ki, hələ də o, belə bir məqsədinə nail ola bilməyib.

İsveç məhkəməsinin ədalətsiz qərarı həmyerlimizi hüquqlarından məhrum edib

Ona görə də Natiq Həsənov pozulmuş hüquqlarının, üz-üzə qaldığı problemlərin varlığını ictimailşdirmək qərarına gəlir ki, hər kəs bu yöndə müəyyən qədər məlumatlara malik olsun. Yəni, bir-iki gün bundan öncə adı çəkilən bu şəxsin GundemXeber.Az saytı redaksiyasına təqdim etdirdiyi səsyazılarında, məhz problemlərin varlığı tam aydınlığı ilə bəlli olur. Belə ki, Natiq Həsənov səsyazılarında bildirir ki, “Mən​ 26 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşam. Bəzi səbəblər üzündən 2005-ci ildə İsveç dövlətinə getdim və çox keçmədi ki, bu ölkədə əmək fəaliyyəti ilə məşğul olmağa başladım. Buna baxmayaraq, 2007-ci ildən bəzi şəxslər mənə qarşı fiziki zor tətbiq etməyə, hətta məni silahla da hədələməyə başladılar. Yəni, həmin şəxslərlə aramızdakı gərginlik o həddə qədər gəlib çatdı ki, həyatıma ola biləcək təhlükənin aradan qaldırılması üçün, iki dəfə İsveçin polis orqanlarına yazılı şəkildə müraciət etməyə məcbur oldum. Təəssüflər olsun ki, polis orqanları bu yöndə müraciətlərimə heç bir halda məhəl qoymadılar.

​ ​ ​ Onu da qeyd edim ki, 2010-cu ildə İsveç vətəndaşı olan bir qadınla rəsmi qaydada nigaha girib ailə həyatı qurdum. Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, gərgin münasibətdə olduğum şəxslərlə aramızdakı ziddiyyətlər daha da kəskinləşdi və 2007-ci ildə özümü müdafiə edərkən təsadüfən cinayət hadisəsi törətdim. Çox keçmədi ki, İsveç polisi tərəfindən saxlanıldım, barəmdə cinayət işi qaldırıldı və toplanmış iş materialları məhkəməyə göndərildi. Keçirilən məhkəmə prosesləri zamanı 2007-ci ildə iki dəfə İsveçin polis orqanlarına etdiyim müraciətlərimə məhəl qoymadılar, belə bir səbəbdən də, bütün hüquqlarım kobudcasına pozuldu. Həmin vaxtlarda mənə “Bütün məhkəmə prosesləri videolentə çəkilir, bütün danışıqların səsyazısı həyata keçirilir və məhkəmə yekunlaşdıqdan sonra, bunların hamısı arxivə göndəriləcək” dedilər. Törətdiyim cinayət əməlinə görə həm mənə 8 il həbs cəzası verildi, həm də barəmdə İsveç dövlətindən​ ömürlük deportasiya olunmağımla bağlı məhkəmə qərarı çıxarıldı. Həbs olunduğum vaxtdan altı ay keçdikdən sonra, rəsmi qaydada müraciət edib məhkəmə proseslərində həyata keçirilmiş videoçəkilişləri, səsyazılarını tələb etdim. Belə bir müraciətimə məhkəmədən “Üzr istəyirik, belə hallar olur, biz həmin videoçəkilişləri, səsyazılarını silmişik” deyə, rəsmi cavab verdilər. Məhkəmə prosesləri zamanı isə, “Bunların hamısı arxivə göndərilir” deyirdilər.

​ ​ ​ ​ ​ Onu da qeyd edim ki, səkkiz il həbs cəzası alsam da, hər ay İsveç dövlətinin Miqrasiya Xidmətinə ərizə yazıb bildirirdim ki, həyat yoldaşım Avropa vətəndaşıdır, mən normal insanam, cinayəti törətməzdən əvvəl həyatıma ola biləcək təhlükənin aradan qaldırılması məqsədilə iki dəfə polis orqanlarına müraciət etmişəm, onlardan köməklik istəmişəm, buna baxmayaraq İsveç polisi mənə köməklik göstərmədi. 2015-ci ilin dekabr ayında bu ölkənin Miqrasiya Xidmətindən cavab məktubu aldım və həmin məktubda qeyd olunmuşdu: “Sizə tətbiq olunmuş ömürlük deportasiya beş ilə endirilib”. Onlar belə bir qərarı həyat yoldaşımın Avropa vətəndaşı olmasına görə çıxarmışdılar. Bu gün də məndə belə bir rəsmi sənəd var. Elə ki, qeyd olunmuş vaxt 2020-ci ildə başa çatdı, o halda bu ölkənin Miqrasiya Xidmətinə müraciət etdim və İsveçdəki ailəmə qovuşmaq istəyində olduğumu bildirdim. Müraciət etdiyim vaxt polis əməkdaşları “Sən İsveç qanunlarını pozmusan” deyib məni saxladılar. Həmin vaxt Miqrasiya Xidmətindən verilmiş cavab məktubunu polis əməkdaşlarına təqdim etsəm də, onlar “Bu sənəd boş şeydir, bu düzgün qərar deyil, Miqrasiya Xidməti məhkəmənim qərarını ləğv edə bilməz” deyə cavab verib məni buraxmadılar. Bu yolla 2020-ci ilin fevral ayında məhkəmə prosesi keçirildi. Həmin vaxt məhkəmədən tələb etdim ki, bu sənədi təsdiq edib mənə verən şəxs bura gəlsin və yaranmış problemə aydınlıq gətirsin. Bundan əlavə, mən Miqrasiya Xidmətinin çıxarmış olduğu qərar əsasında bura gəlmişəm desəm də, bu yöndə etdiyim tələblərə və danışıqlarıma əhəmiyyət verilmədi və barəmdə iki ay müddətinə həbs cəzası çıxarıldı. Hətta, məhkəmə Miqrasiya Xidmətinin mənimlə bağlı çıxarmış olduğu qərarı ləğv etdi və ömürlük deportasiya olunmağımla bağlı məhkəmənin əvvəlki qərarını qüvvədə saxladı. Son cəzamı çəkib qurtarsam da, İsveç dövlətinin ərazisinə keçməyimə imkan vermədilər və belə bir səbəbdən də, hüquqlarım pozulmaqda davam edir. Hazırda Polşada, Almaniyada müəyyən fəaliyyət növü ilə məşğul olsam da, heç cür İsveçdəki ailəmin yanına gedə bilmirəm. Səbəb də, İsveç məhkəməsi tərəfindən ömürlük deportasiya olunmağımla bağlı çıxarılmış qərarın varlığıdır.​ Baxmayaraq ki, Avropa qanunvericiliyinə görə, əgər bir şəxs cinayət hadisəsi törətməzdən öncə ailəli olubsa, o halda ona ömürlük deportasiya tətbiq oluna bilməz. Qanunvericiliyin belə bir tələbinə baxmayaraq, 2007-ci ildə İsveç məhkəməsi barəmdə belə bir əsassız qərar qəbul etmişdir. Bu da bir vətəndaş olaraq, hüquq və azadlıqlarımın kobud şəkildə pozulması ilə nəticələnir”.

​ ​ Ötən illər ərzində Həsənov Natiq Hüseynxan oğlunun üz-üzə qaldığı belə bir qanunsuzluqların, haqsızlıqların varlığını eşitdikcə, Avropada demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının əsas təminatçısı və s. hesab etdiyimiz İsveç dövləti haqda, bu gün düşüncələrimizdə yanıldığımızı anlamalı oluruq. Çünki, ələlxüsus Avropanın bu dövləti haqqında elə bir təsəvvürə, elə bir düşüncəyə malik idik ki, bu ölkədə insan haqları heç zaman pozula bilməz! Baş verənlər isə, məhz düşündüklərimizin əksini söyləməyə əsas verir. Ümidvarıq ki, Natiq Həsənovla bağlı belə bir problemin ictimailəşdirilməsi, İsveç dövlətinin rəsmi şəxslərinin diqqətini cəlb edəcək və baş verənlər, bu ölkənin qanunları əsasında ədalətli həllini də tapacaq.

​ Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az

araz.az xəbər portalı.