1611821581 20 42 1527853779

Yenixeber.org: Media ilə bağlı siyasi hakimiyyətin hansısa qərar verəcəyi gözlənilən idi…Səbəblər çox olsa da 44 günlük Vətən Müharibəsində Azərbaycan media cəbhəsinin ön cəhbə ilə adekvat olmaması da bu istiqamətdə stimullaşdırıcı faktor oldu. Ölkə mediasının görməli olduğu işi de-fakto dövlət başçısı görməli oldu… Məlum oldu ki, bu qədər qayğının, dövlətin milyonlarla vəsait xərcləməsinin qarşılığında Azərbaycan mediasının səsi heç “Biləcəridən o tərəfə də eşidilmir”. Səbəb nədir? Nələr olmalı idi, olmayıb? Səbəbkarlar kimdir? Və s. Bütün bunlarla bağlı xüsusi ilə son günlər çox yazılır, çox deyilir. Və dövlətin aidiyyatı strukturları da gərəkən ölçüləri götürməkdədir. Mənim də bu yazıda diqqət çəkmək istədiyim medianın çabaladığı problemlər bataqlığından xilas, həll yollarıdır.

                                                                ***

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Beləliklə də, yeni yaradılan quruma müstəsna səlahiyyətlər verilir. Agentliyin müxtəlif istiqamətli çoxfunksiyalılığa malik olması media cameəsində birmənalı qarşılanmır… Bu haqda bir az sonra.

Xatırladım ki, nizamnaməsinə əsasən, Agentliyin fəaliyyət planı ümumilikdə 4 funksiyadan ibarətdir. 1-ci funksiya medianın inkişafına metodiki dəstək, media mənsublarına təlim-tədrisin təşkili, bu sahədə tədrisin formalaşması ilə bağlı köməkliyin göstərilməsi, 2-ci funksiya medianın inkişafına texniki dəstək, media subyektləri və media subyektlərində çalışan əməkdaşlar üçün təlimlər keçirərək onların peşə və ixtisalarını artırmaq, 3-cü funksiya normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim olunması, 4-cü funksiya isə maddi dəstək, yəni, media subyektlərinin biznes modelinə keçid mərhələsində fəaliyyət istiqamətinə dəstək və bununla da medianın iqtisadi müstəqillik əldə etməsinə şərait yaratmaq.

Bəs Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonudunun (KİVDF) Medianın İnkişafı Agentliyinə (MEDİA) çevrilməsi, mediamızda nəyi dəyişəcək? İllərdir haqqında danışdığımız və sadalamaqla bitməyən problemlərin başlıca səbəbi olan medianın iqtisadi asılılığına son qoymaq, bu sahədə şəffaf biznes mühitinin formalaşması mümkün olacaqmı? Və s. Hələ ki, bu kimi suallar açıq qalır.

                                            Müstəqil və senzurasız media

Hədəf müstəqil və senzurasız media olmalıdır və deyilənə görə belədi ki, var. Başlıcası bunu hədəfləmək və bu istiqamətdə çarpışmaqdır. Bu hədəfə gedən yol isə medianın iqtisadi asılılıqdan qurtulmasından və biznes subyektinə çevrilməsindən keçir. Təəssüf ki, çağdaş Azərbaycan media cameəsində iqtisadi asılılıqı olmayan, sözün bəlli mənasında müstəqil media quruluşu haqqında danışmaq yumşaq desək çətin məsələdir. İllərdir ki, bu ölkədə bir yandan KİVDF-nin, digər yandan isə hansısa məmur zümrəsinin sayəsində ələbaxımlı, buyruq qulu imicli media formalaşmaqdadır. Belə olduqcada “Səsimiz Biləcəridən o tərəfə eşidilmədi və eşidilməyəcək də”. Hansısa saytın iki yox, üç, lap elə beş dilli olması ölkə xaricində oxucu kütləsi qazanması üçün yalnız və yalnız ilkin şərt ola bilər. Hansısa ingilisi, ya da rusu oxucu olaraq qazanmaq üçün onun ana dili ilə istədiyini tapa biləcək media quruluşu qurmalıyıq…Müstəqil-hansısa kənar təsirlərdən, asılılıqlardan sığortalanmış media.

Bu arada Medianın İnkişafı Agentliyinin İcraçı direkoru Əhməd İsmayılov Agentliyin sələfi KİVDF-dən fərqli olaraq medianın biznes subyektinə çevrilməsini təmin edəcəyini bildirir: “Məqsədimiz, hər bir media subyekti ilə ayrı-ayrılıqda biznes fəaliyyətinin araşdırılması, oun təhlil olunması və beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesinin idarəedilməsi istiqamətindəki aparıcı təcrübənin bizim media subyektlərinə də tətbiq edilməsi imkanlarını araşdırmaq və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməkdir. Bu, bizə imkan verəcək ki, iqtisadi asılılıq baxımından bizim media subyektləri müstəqilliyini təmin etmiş olsunlar. Çünki media subyektinin birbaşa məqsədi məhz informasiyanın yaradılması, əldə edilməsi və ötürülməsindən mənfəət əldə etməkdir. Biz bu mexanizmin işə düşməsini təmin etməliyik ki, bu gəlirlər vasitəsi ilə media subyektləri özlərinin inkişafına, eyni zamanda mediada çalışan jurnalisltərin sosial təmiantının yaxşılaşmasına, onların peşə hazırlıqlarının artrılmasına yardım edilsin”.

Əhməd müəllim beynəlxalq aləmdəki aparıcı media biznesi təcrübəsinin ölkə mediasında tətbiqini qeyd edir. Çox ümüdverici mesajdır. Əslində “ikinci Amerika kəşf etməyə ehtiyac da yoxdur”. Gözümüzün önündə ən azı Türkiyə, Avropa media modeli var… Təbii ki, əgər görmək istəsək.

Ümüd edək ki, Medianın İnkişafı Agentliyi dövlət vəsaitinin mediada ənənəvi paylanmasını, hansısa kənar meyarlarla baş redaktorlar arasında bölüşdürülməsini yox, icraçı direkorun da dediyi kimi, “beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesini araşdırmaq… və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməyi” üstün tutacaq.

                                                               ***

İqtisadi özünütənzimləmə ilə bərabər, həm də kənar təsirsiz media… Yuxarıda Medianın İnkişafı Agentliyinin müstəsna səlahiyyətləri dedikdə məzmuna müdaxilə, cəzalandırma və istiqamətvermə kimi hüquqları nəzərdə tuturam. Bəli, Agentliyin istənilən media orqanı haqqında qərar vermək və gərəkirsə aidiyyatı dövlət strukturuna müraciət etmək hüququ var. İnkişaf etmiş, müstəqil medianın hədəflənməsi fonunda Agentliyin bu səlahiyyətləri narahatedici görünür. Nəzərə alsaq ki, jurnalistika yenilənir, yeni janrlar…, yeni texnologiyalar və s. onda təzadlı mənzərə ilə üzbəüz qalırıq.

Qanunlar, müstəqil məhkəmələr var ikən Agentliyə cəzalandırmaq kimi bir hüququn verilməsini anlamaq bir az zor. Kimsənin hansısa şikayəti olarsa aidiyyatı üzrə məhkəmə instansiyasına müraciət etmək haqqı və hüququ var. Arzu edək ki, Agentliyin medianı cəzalandırmaq hüququ mediamız, jurnalist ordumuz üçün problem doğurmayacaq.

                                                            ***

Media-məmur münasibətlərindəki problem də aktuallığını qorumaqdadır. Hələ də əksər səlahiyyət sahibləri mətbuatla işləməyin, jurnalist sorğularına zamanında və qaydasında cavab verməyin onların həm də vəzifə borcu olduğunu qəbul etmək istəmirlər. (Ya mətbuat xidmətləri yoxdur, ya da yox kimi bir nəsnədir.İ.S.) Nəticədə isə dərc olunmuş hansısa məlumatın yanlışlığı səbəbindən problem, qalmaqal yaşanır…Nizamnaməsinə uyğun olaraq Medianın İnkişafı Agentliyinin bu istiqamətdə də işləyəcəyi gözlənilir.

Jurnalistlərin hüquqları, daha doğrusu hüquqlarının qorunmaması da bir başqa bəladır. Az qala hər gün mediada hansısa jurnalistin təhdidə, təhqirə məruz qalması haqqında ya eşidir, ya oxuyuruq. Hər epizod da hüquq-mühafizə orqanlarının araşdırma predmeti olmur…

Medianın İnkişafı Agentliyinin medianın, jurnalistlərin güman yeri, sözün dayağı olacağı ümidi ilə…

 

İlqar Salmanov: yenixeber.org saytının baş redaktoru

 

araz.az xəbər portalı.