eli naqiyev rustem

“Bu gündən etibarən türk və rus sülhməramlılarının birgə monitorinqi başlayacaq və PUA-lardan istifadə olunacaq”

“Nə qədər ki, Türkiyə Azərbaycanın yanındadır, Kreml heç nə edə bilməyəcək”

“Rusların hazırda Qarabağda həyata keçirdiyi provokasiya siyasəti 4-5 ayda tamamilə iflasa uğrayacaq”

Yaxın günlərdə Dağlıq Qarabağda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun görüşü baş tuta bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Nazirlikdən bildirilib: “Qurumlararası formatda Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə ilk görüşü yaxın gələcəkdə keçirməyə hazırlaşırıq”.

Danışıqların bu dəfə də 2+2 formatında olmayacağı gözlənilir. Rusiyanın bütün ciddi-cəhdlərlə Türkiyəni siyasi masadan uzaq tutma çabaları göz önündədir.

araz.az  xəbər verir ki, prosesləri “Sherg.az”a dəyərləndirən siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev söyləyib ki, əslində Azərbaycanla Ermənistan arasındakı razılaşmanın səbəbkarı və oyunun iştirakçısı məhz Rusiyadır. Analitik qeyd edib ki, Rusiya XİN başçısı Sergey Lavrov erməni xislətinə uyğun hərəkət edir:

“Məqsəd odur ki, Azərbaycan cəmiyyətində müəyyən narazılıq və gərginlik yaratsınlar. Həmin gərginliyin fonunda ölkəmizin hazırkı monolit birliyini dağıtmaq istəyirlər. Məlumdur ki, Azərbaycanın daxilindəki müxtəlif qruplar və Rusiyanın adamları cəmiyyətimizdə qarşıdurmalar yaratmağa çalışırlar”.

Türkiyənin danışıqlarda olmamasına gəlincə, C.Nuriyev vurğulayıb ki, Rusiya qardaş ölkəyə həddindən artıq qısqanclıqla yanaşır:

“Qısqanclığın başında həm Rusiyanın Baş naziri Mixail Mişustin, həm də Xarici işlər naziri Sergey Lavrov durur. Ermənistan və Rusiyanın məqsədi Türkiyəni kənarda saxlamaqdır. Bu gündən etibarən türk və rus sülhməramlılarının birgə monitorinqi başlayacaq və PUA-lardan istifadə olunacaq. İstər-istəməz indiyə qədər rusiyalı hərbçilərin Qarabağda həyata keçirdiyi ikibaşlı siyasət nəzarət altına alınacaq. Rusiya üzdə Qaregin Njdeni pisləyir, amma məhz rus sülhməramlılarının nəzarətində olan Xocavəndin mərkəzində onun heykəli qoyulur. Guya xəbərləri yoxdur, təbii ki, belə deyil. Bu, Azərbaycana qarşı düşünülmüş bir provokasiyadır. Əsəblərimizi sınağa çəkirlər. Lakin bütün bunlara reaksiya verməli deyilik”.

Politoloqun sözlərinə görə, Putinin çıxışlarına aldanmaq lazım deyil:

“O, həddindən artıq riyakar bir mövqedədir. Çünki peşəkar təhlükəsizlik orqanının işçisi olub. Adamın dediyi ilə elədiyi bir-birindən 180 dərəcə fərqlənir. Putin üzdə Azərbaycanı dəstəkləyirsə, o deməkdir ki, bu dəqiqə imkanı olsa, dövlətimizi öz nəzarəti altına keçirmək istəyər. Rusiyanın mövqeyindən asılı olmayaraq, nə qədər ki, Türkiyə Azərbaycanın yanındadır, Kreml heç nə edə bilməyəcək”.

C.Nuriyev sonda xüsusi bir məqama da diqqət çəkib:

“Rusların hazırda Qarabağda həyata keçirdiyi provokasiya siyasəti 4-5 ayda tamamilə iflasa uğrayacaq. Rusiya necə ki, Şuşanı, Hadrutu azad etməyə mane ola bilmədi, tezliklə 3 rayon da Azərbaycanın nəzarətinə keçəcək. Buna tam əminəm, adım kimi bilirəm ki, belə də olacaq”.

araz.az xəbər portalı.