Bu günlərdə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistin suallarını cavablandırarkən, kobud şəkildə təhqirlərə yol vermişdir.
Bu fikirlər sosial şəbəkə aktivlərinin də diqqətini cəlb edib. Yayılan səs yazısına münasibət bildirən tanınmış hüquq müdafiəçisi Namizəd Səfərovun mövqeyi belə olub: “Təsadüfən rast gəldim. Sosial şəbəkələrdə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllının Rəfail adlı vətəndaşla telefon danışığının səs yazısı yayılıb. Onlar arasında gedən dialoqun məzmunundan göründüyü kimi, vətəndaş çox mədəni şəkildə, küçədən keçən su borusunun partlayaraq, suyun küçə boyu axıb getdiyi, nəticədə ərazidə su qıtlığının yarandığı barədə məlumat verir və qəzanın aradan qaldırılmasını xahiş edir. Anar Cəıbrayıllı bazar günü olduğunu, bu gün xidmət göstərmədiklərini, təmir briqadasının olmadığını, qəzanı təcili olaraq aradan qaldıra bilməyəcəklərini bəyan edir.
Vətəndaş da, aşkar etdiyi qəza barəsində ondan əvvəl zəng edib, cəmiyyətin sədri Qorxmaz Hüseynova da, məlumat verdiyini Anar Cəbrayıllının nəzərinə çatdırır. Bunu eşidən Anar Çəbrayıllı, bir neçə dəqiqə, ara vermədən, vətəndaşı, nəinki məmura, vəzifəli şəxsə, tanınmış mətbuat işçisinə, hətta adi vətəndaşa belə yaraşmayan, ən nəlayiq, təhqiredici ifadələrlə söyüb təhqir edir. Dayanmaq bilmədən, dişinin dibindən çıxan küçə söyüşlərini onun ünvanına yağdırır. Başlıca arqumenti isə onunla bağlıdır ki, niyə sən cürət edib, bazar günü mənim müdirimə zəng edib, qəza haqqında məlumat vermisən. Niyə onu narahat etməyi özünə rəva bilmisən. Sədrin istirahətini pozmusan.
Güman edirəm ki, “Azərsu” ASC-nin rəhbərliyi, nə qədər müdafiə etməyə çalışsa da, Anar Cəbrayıllını “qoruya”, xilas edə bilməyəcək. Şübhə etmirəm ki, Anar Çəbrayıllının bu danışıq tərzi heç də təsadüfi deyil və daim ona müraciət edən vətəndaşların və muxbirlərin hamısı ilə elə bu tərzdə danışıb. Mətbuatda yayılan bu fakt, onun üçün heç də, yeganə hal deyil. Onun karyerasına son qoyulmuşdur. Bu mədəniyyətin sahibi, nəinki mətbuatda, heç jekdə çilingər belə işləməyə layiq deyil.
Bütün bunlar bir tərəfə.
Məni, bu statusu yazmağa vadar edən, bir sıra saytların baş vermış olayın səbəblərini saxtalaşdırmaqla, Anar Cəbrayıllının müdafiəsinə səfərbər olunmaları, onun istifadə etdiyi leksikonuna haqq qazandırmağa çalışmalarıdır. Təəssüf ki, bu məqsədlə tanınmış jurnalist Elçin Şıxlıdan da, sui-istifadə edilmişdir. Elçin Şıxlı isə, zəng edən vətəndaşın-jurnalistin Anar Cəbrayıllını özündən çıxardığını bildirərək , onu müdafiə etməyə uğursuz cəhddə bulunmuşdur. Bu müdafiə kompaniyasına Mirşahın Ağayevin qoşulması isə, başa düşüləndir və çox məqamlara aydınlıq gətirir.”(Gundemxeber.Az)
araz.az xəbər portalı.