mart 937

“Şərq məsələsi”ndə çirkin alət kimi istifadə olunan ermənilər havadarlarının hərtərəfli siyasi, ideoloji və maddi yardımı ilə mənfur və məkrli niyyətləri, sonu görünməyən ərazi iddiaları ilə tarixin ayrı-ayrı dövrlərində –  xüsusi ilə 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və müstəqilliyin ilk illərində xalqımıza qarşı dəhşətli cinayətlər, qətliamlar, qırğınlar, terror aktları törətmiş,  sovet rejiminin repressiya və sürgün siyasətinin həyata keçirilməsinə rəvac vermiş, on minlərlə azərbaycanlını qanına qəltan etmiş, yüz minlərlə soydaşımızı doğma ocağından didərgin salmış, şəhərləri, kənd və qəsəbələri  yandırmış, viran qoymuşlar.

1918-ci il martın 30, 31 və   aprelin  1-də  bolşevik cildinə girmiş S.Şaumyan,  G.Korqanov, T.Əmiryan, H. Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak quldurlarının rəhbərliyi ilə Bakıda, Şamaxıda, Göyçayda, Ərəş və Quba qəzalarının  kəndlərində, Azərbaycanın digər bölgələrində soydaşlarımıza qarşı ağlasığmaz üsullarla kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan qətlə yetirmişdilər.  Bakıda 15 min nəfərdən, Şamaxı qəzasında 8 min nəfərdən çox əliyalın, müdafiəsiz azərbaycanlı misli görünməmiş vəhşiliklə  öldürülmüş, şəhərlərin əsas mədəni, tarixi, dini binaları, maarif, təhsil müəsisələri, nəşriyyat və qəzet redaksiyaları yandırılmışdır. Quba qəzasında  122,  Şamaxı qəzasında 86 müsəlman kəndi dağıdılmış, Gəncə,  Qarabağ, Zəngəzur, Naxçıvan, Zəngilan və ölkəmizin  digər bölgələri də eyni taleyi yaşamışdır.

Yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti  1918-ci ilin  mart hadisələrinin araşdırılmasına və onun qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xüsusi  diqqət  yetirmişdir. İki dəfə – 1919 və 1920-ci illərdə mart  ayının 31-i ümummilli matəm günü  kimi  qeyd  edilmişdir.  Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin    Zaqafqaziyada dinc müsəlman əhalisinə qarşı törətdikləri zorakılığın təhqiq  edilməsi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat  Komissiyasının  yaradılması haqqında qərar qəbul etmişdir. Bakı qırğını demək olar ki, tam sənədləşdirilmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra bu Komissiya öz fəaliyyətini dayandırmış, beləliklə, erməni cinayətləri  sona qədər təhqiq edilməmiş, ona siyasi-hüquqi qiymət verilməmişdir.

Böyük dövlətlər  bu dəfə də erməni vəhşilyini laqeydliklə seyr etmiş, bəşəriyyət bu cinayətlərə biganə qalaraq yenə susmuşdur… Yanlız bir səs- Azərbaycanın istiqlalı uğrunda bolşevik rejiminə və kommunist ideologiyasına qarşı amansız mücadilə aparan  mühacir mücahidlər susmamışdır. Mart qırğınlarına dair materiallara mühacirlərin yazdığı məqalə və memuarlarda (Ceyhun  Hacıbəylinin “Bir il xəyallarda… və bütöv bir ömür”,  Mirzə Abay Dağlının  “Onlar türklərdi”, Hüseyn Baykaranın  “Azerbaycan istiklal mücadelesi tarixi”, Məhəmməd Altunbayın “Hürriyyətə uçan türk” və s.), dövri nəşrlərdə («Yeni Qafqasya», «Odlu yurd», «Azəri türk», «Azərbaycan yurd bilgisi», «Mücahid», «Türk izi»- (İstanbul), «İstiqlal», «Qurtuluş» (Berlin), «Azərbaycan» (Ankara) və s. kimi), mətbu orqanlarda  təsadüf edilir.

Sovet hakimiyyəti illərində mart soyqırımının əsl mahiyyətinin ciddi cəhdlə xalqdan gizlədildiyini, tarixi hadisələrin  saxtalaşdırıldığını, mənbələrin məhv edildiyini nəzərə alsaq, mühacirlərə məxsus materialların bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyi aydın olar. Bu baxımdan mühacirət və ümumən Azərbaycan mətbuat tarixinin ən şərəfli, döyüşkən nümunələrindən olan “Yeni Qafqasya” dərgisində dərc olunan yazılar xüsusi ilə diqqəti çəkir.

Dövrün mühüm hadisələrini, o cümlədən Mart qığrğınlarını, erməni cinayətlərini öyrənmək, nəticə çıxarmaq nöqteyi- nəzərindən əvəzsiz mənbə olan    “Yeni Qafqasya” dərgisi 1923-cü il sentyabrın 26-da  M.Ə.Rəsulzadənin rəhbərliyi ilə  İstanbulda nəşrə başlamış, 5-il sonra -1927-ci il oktyabrın 15-də sonuncu- 95-ci nömrəsi buraxılmışdır.  “Ədəbi, ictimai, siyasi məcmuə” kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə  çıxan “Yeni Qafqasya”nın ilk nömrəsində  M. Ə. Rəsulzadənin “Atəş çalan Prometey (Proqram məqaləsi əvəzinə)” yazısı dərc olunmuşdur. Proqram məqalədə və dərginin 4 oktyabr 1924-cü il tarixli 1-ci nömrəsində “İkinci ilə girərkən” sərlövhəli baş məqalədə Məhəmməd Əmin Rəsulzadə “Yeni Qafqasya” qarşısında duran məram və vəzifələrdən geniş bəhs edir, dərginin 3 oktyabr 1925-ci il  tarixli 1-ci nömrəsində isə müəllif “Yeni Qafqasya”nın proqramını maddələr şəklində belə ümumiləşdirir:

“1. “Yeni Qafqasya” milliyyətçi, radikal və demokratdır.

“Yeni Qafqasya” Türkçüdür. Türklərin mədəni tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçir.

“Yeni Qafqasya” Türk davasının Azəri cəbhəsini müdafiyəyə mükəlləf Azərbaycan istiqlalçılarının ümumi fikridir.

“Yeni Qafqasya” Qafqaz millətlərinin Rusya əsarətindən xilas olmasını və baş verə biləcək Rusya istilasına qarşı müvəffəqiyyətlə durmasını təmin üçün Qafqazın konfederasiya şəklində birləşməsi tərəfdarıdır.

“Yeni Qafqasya” yalnız Azərbaycançılıq, Türkçülük və Qafqazyaçılıqla qalmaz; o, Şərqdəki milli istiqlal hərəkatını da, məqbul hesab etdiyi ictimai fikri mənimsəmiş, Şərqin radikal bir surətdə müasirləşməsini bütün səmimiyyəti ilə gələcək fəaliyyəti üçün seçmişdir;

“Yeni Qafqasya” xüsusilə Rusiya imperializminə qarşı mücadilə edir, o çarizmi olduğu qədər bolşevizmi də Türk dünyası üçün zərərli və Qafqaza düşmən görür“.

Yeri gəlmişkən, dərginin bütün dəsti kitab şəkilində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə nəşr olunmuşdur (“Yeni Qafqasya”. 4 kitab. 1923-1927-ci illər. Nəşrə hazırlayanlar: Yavuz Akpinar, Səlcuk Türkyılmaz, Yılmaz Özkaya. TEAS Press Nəşriyyat evi., İstanbul, 2018). “Yeni Qafqasya”nın mətbuat tariximizdəki yeri və rolunu, onun bolşevik reyiminə, kommunist ideologiyasına qarşı amansız və ciddi mübarizəsini Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, digər mücahidlər çox yüksək dəyərləndirmişlər.

Dərginin (M. Qərib. “Türklüyünn böyük günlərindən (15 Sentyabr münasibəti ilə)” ( №1, 1923);  Azəri. “31 Mart 1918” (№13, 1924); Azəri. “Erməni məsələsi” (№16, 1924); Miralay İsrafil bəy İsrafilov. “Azərbaycan Ordusu haqqında”;  “Azərbaycan İstiqlal Cəmiyyəti”i Mərkəzi Heyətindən. “Bir intibahnamə” (№17, 1924); Azəri. “Mart faciəsi” (№13, 1925); “15 Sentyabr” (№24, 1925); M.Ə. Rəsulzadə. “Üçüncü il başında” (№1, 1925); Mirzə Bala Məhəmmədzadə. “Azərbaycan misaqi-millisi” (№17, 15 , №18, №19, №20, №21, 1926;  №1, 1927);  “15 Sentyabr münasibəti ilə” (№24, 1927-ci il)  və digər yazılar 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qanlı aksiyalar, dəhşətli cinayətlər, onların miqyası və  amansızlığı, faciə qurbanlarının sayı haqqında daha geniş, dolğun məlumat əldə etmək üçün  etibarlı məxəzlərdir. Mühacir müəlliflər xarici ölkələrdə, eləcə də Türkiyədə Sovet kəşfiyyatçıları, xəfiyyələri tətəfindən təqib olunduğu, qətlə yetirildiyi üçün bədii əsərlərini, publisistik məqalələrini, o cümlədən Mart qırğınları haqqındakı yazılarını da gizli imzalarla qələmə almaq məcburiyyətidə idilər.  Türkiyə və Azərbaycanlı tədqiqatçılar “Yeni Qafqasya” dərgisində “Azəri” imzasının haqlı olaraq, Məhəmməd Əmin Rəsulzadəyə aid olduğu qənaətindədirlər.  Fikrimizcə, “M. Qərib” imzası da Məhəmməd Əmin Rəsulzadəyə mənsubdur və bu qənaətimiz üçün ciddi əsaslar var:

– ilk illərdə, Mirzə Bala (M.Ə.Rəsulzadədən sonra dərginin əsas yazarı) İrandan redaksiyaya ara-sıra məqalələr göndərsə də, onun Türkiyəyə gəldiyi vaxta kimi dərginin əksər materiallarını Məhəmməd Əmin Rəsulzadə yazır və çapa hazırlayırdı;

-dərgidə Mart qırğınları mövzusuna əsasən Məhəmməd Əmin Rəsulzadə müraciət etmişdir;

– “M. Qərib” imzası ilə “Yeni Qafqasya”nın yalnız ilk nömrələrində və cəmi 4 yazı dərc edilmişdir. Həmin yazılara məxsus dil, üslub, sənətkarlıq məsələləri, toxunulan problemlər, mövzular  Məhəmməd Əmin Rəsulzadə yaradıcılığına xasdır və bütün bunlar həmin imza ilə dərc olunan yazıların  da Məhəmməd Əmin Rəsulzadəyə mənsub olduğuna dəlalət edir.

“Türklüyünn böyük günlərindən (15 Sentyabr münasibəti ilə)” adlı məqalədə müəllif göstərir ki, çar Rusiyası dağıldıqdan sonra əsarətdəki millətlər, o cümlədən  azərbaycanlılar da öz hürriyyət və istiqlalı uğrunda mübarizəyə qalxdı. Amma bu yolda soydaşlarımız faciəli qətliama məruz qaldılar: “1918-ci ilin 31 martı Bakı müsəlmanlarına yeni bir Aşura və öz vətənləri bir Kərbəla olmuşdu. Daşnaksütyun partiyası bolşeviklərlə ittifaqa girib şəhərin Türk məhəllələrini üç gün, üç gecə qətliama məruz qoyaraq, on mindən çox əliyalın əhalini gülləbarandan keçirmişdir. Azərbaycan milli hərəkatının mərkəzi cəzalandırıldıqdan sonra qətliam Şamaxı, Quba, Lənkəran, Salyan və digər bölgələrdə davam etdirildi”. “Azəri” imzası ilə M.Ə.Rəsulzadənin “31 Mart 1918” adı altında 1924-cü ildə dərc etdirdiyi məqaləsi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar haqqında daha geniş, daha müfəssəl məlumat almaq, xalqımızın tarixinə və taleyinə qanlı hərflərlə yazılmış hadisənin mahiyyətini, törədilməsi səbəblərini, cinayətin miqyasını öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Müəllif 31 Martı  Azərbaycan Cümhuriyyətinin təşəkkülü tarixinə yazılacaq “ən həzin və qanlı tarixlərdən biri” adlandırır və yazır ki, həmin günlər şəhərin müsəlman məhəllələri ermənilər tərəfindən “atəşdən keçirilmiş, müsəlman bazarı talan edilmiş, Təzəpir məscidinin minarələri mərmilərlə dəlik-deşik edilmiş, döşləri kəsilmiş qadınların  çılpaq bədənləri, südəmər körpələrin cansız bədənləri küçələrə atılmışdır”. Böyük publisistin 1925-cü ildə dərc etdirdiyi eyni adlı məqaləsi də Mart faciəsi ərəfəsində Sovet Rusiyasının Qafqazda yürütdüyü çirkin siyasət, V.İ.Leninin tapşırıqlarına uyğun olaraq, S. Şaumyanın Bakı ilə bağlı məkrli planlarının həyata keçirilməsi, o cümlədən cəbhədən qayıdan çoxsaylı əli silahlı rus və  erməni əsgərlərinin şəhərdə yerləşdirilməsi və saxlanılması istiqamətindəki fəaliyyəti, Mart qırğınının coğrafiyası, amansılığı və nəticələri barədə tam və acı  təəssürat  yaradır. S.Şaumyan bolşevik Partiyasının Qafqaz Komitəsi ilə üzdəniraq Daşnaqsütyun Partiyası arasında siyasi və əsgəri ittifaq bağlanılmasına nail olduqdan sonra Azərbaycanlıları cismən və mənən məhv etmək üçün bəhanə axtarır və pusquda duran yırtıcı kimi məqam gözləyir. Lənkəranda təşkil edilməkdə olan Türk milli alayının bir qrup üzvü ilə mübahisəsindən sui-istifadə edən erməni-daşnaq quldurları S.Şaumyanın rəhbərliyi və göstərişi ilə Bakının müsəlman əhalisini topa tutmağa başlayır.  M.Ə.Rəsulzadə Kulka  adlı bir əcnəbi xristianın Mart hadisələri zamanı müşahidələri əsasında hazırladığı sənəddən bəzi sitatları oxucuların diqqətinə olduğu kimi çatdırır. Onun yazdıqlarını oxuduqca ermənilərin insanlığa qarşı, bəlkə də bəşər tarixində görünməmiş dəhşətli cinayətlərin mənzərəsi göz önündə canlanır. Kulka yazır ki, ermənilər müsəlman məhəllərinə girir, dinc əhalini, hətta 3-4 günlük südəmər yavruları süngüdən keçirir, qılıncla param-parça edir, qulağını, burnunu, cinsiyyət orqanlarını kəsir, evləri yandırır, körpələri  diri-diri odun- alovun içinə atır,  öldürülmüş qadınları saçlarından tutaraq çılpaq halda küçələrdə sürükləyir, bəzilərini diri-diri divara mıxlayırlar. Kulkanın bu faciəni qələmə almaqla kifayətlənmədiyini, eyni zamanda bu dəhşətli səhnələrin fotosunu da çəkdidiyi qeyd edən M.Ə.Rəsulzadə yazır: “… erməni xalqının Azərbaycan Türklərinə qarşı necə müdhiş bir kin və ədavət bəslədiyini göstərmək üçün bu qədərini söyləmək də kafidir”. Müəllif ermənilər tərəfindən eyni vəhşiliyin Azərbaycanın digər bölgələrində də- Qubada, Lənkəranda, Şamaxıda…da törətdiyini ürək ağrısı ilə qələmə alır. Bütün bunlardan sonra isə “S.Şaumyanın qəzeti “Bakinskiy raboçi”nin milliyyətçi Azərbaycanlılara “Muxtariyyət deyil, xarabazar taparsınız” –yazdığını qeyd edir.

M.Ə. Rəsulzadənin “Azəri” imzası ilə dərc etdirdiyi digər yazısı -“Erməni məsələsi” məqaləsi həm problemə yanaşma tərzi, həm bu çirkin siyasətin yaranması, tarixi kökləri və Mart qırğınlarına aparan proses barədə maraqlı mülahizələri, dərin və obyektiv təhlili, dəyərləndirilməsi ilə diqqəti çəkir.    M.Ə. Rəsulzadə mətbuat səhifələrini zəbt edən  “erməni məsələsi”nin  tarixinin və mahiyyətinin hər kəsə məlum olmadığını, Türk dünyasına zərər vurduğu kimi, ermənilər üçün də fəlakətə  vəsilə olduğunu kimi  qeyd edir. Bolşeviklər milli məsələdə çarizmin “parçala, hökm sür” prinsipindən imtina etdiklərini iddia  iddia etsələr də, əslində dəyişən rəng olmuşdur,  bu sahədə yenə köhnə  Rusiyanın üsulundan istifadə olunur. Lozanna konfransında “erməni yurdu” haqqında təşəbbüs boşa çıxdıqdan sonra Çiçerin erməni nümayəndələrinə Rusiyada  “yurd” təklif etmişdi. Birinci Dünya Müharibəsində olduğu kimi, yenə Türkiyə əleyhinə qiyama qaldırılan, xəyanət yolunu tutan  ermənilər nəticədə yersiz-yurdsuz qalmış və erməni mühacirlər Don çayı boyunda- Rostov şəhəri yaxınlığnda  salınan Naxçıvan adlı şəhərdə məskunlaşmışlar. M.Ə. Rəsulzadə yazır: “Vaxtı ilə çarizmin yerləşdirdiyi erməni mühacirləri indi də bolşevizm tərəfindən himayə olunur. Çarizm yalnız Don vilayətində erməni qəsəbəsi vücuda gətirməklə qalmamış, Cənubi Qafqazda da erməniliyi hər vasitə ilə dəstəkləyərək gücləndirmiş, mühacir erməniləri burada məskunlaşdırmışdır. Çarizmin Qafqazda istinad etdiyi millət ermənilər idi və onların vasitəsi ilə çar müstəmləkə siyasətini həyata keçirir, Tiflis və Bakını erməniləşdirirdi”. İndi də Çekanın, Moskvanın kommunist müəssisələrinin ən sadiq agentlərinin ermənilədən ibarət olduğunu yazan müəllif erməni partiyalarının, ictimai təşkilatlarının tamamilə Rusiya ağuşuna atıldıqlarını vurğulayır. Amerikada, Bolqarıstanda məskunlaşan ermənilər Rusiyaya sığınmagı yeganə çıxış yolu hesab edirlər. Ermənistanın müstəqilliyini önə çəkənlərə, sovet rejimini tənqid edənlərə rusiyapərəstlərin cavabı da maraqlıdır: “Bolşevizm müvəqqəti ola bilər, fəqət Rusiya daimidir”. Rəhbərləri tərəfindən daim qonşuları ilə vuruşdurulan erməniləri M.Ə. Rəsulzadə “talesiz millət” adlandırır.

Oktyabr inqilabından sonra Stepan Şaumyanın  Bakı sovetinin sədri təyin olunmasını təsadüf hesab etməyən M.Ə.Rəsulzadə V.İ.Leninin «Türkiyə Ermənistanı» haqqında dekretini (bu dekret 1917 – çi il dekabrın 29 – da verilmiş, 1918 – çi il yanvarın 15 – 28 – də III Ümumrusiya Sovetlər qurultayında təsdiqlənmişdir) məqaləyə əlavə edir və həmin dekretin bədnam müdəalarının Türkiyədə həyata kecirilməsinə nail ola bilməyən bolşeviklər bu planı   St.Şaumyanın, «Daşnaksütyun» partiyası və Erməni Milli Şurasının vasitəsi ilə  Azərbayçanda həyata kecirməyə başlayır. Beləliklə, Mart qırğınlarının törədilməsi, azərbaycanlıların qətliamı üçün zəmin hazırlanır. M.Ə.Rəsulzadə məqaləni bu qənaətlə bititrir: “Sovetlərin erməni məsələsindəki istiqaməti də Rusiyanın əskidən bəri  yürütdüyü məlum siyasətin davamıdır”.

“Azərbaycan İstiqlal Cəmiyyəti”nin soydaşlarımıza 28 May münasibəti ilə ünvanladığı intibahnamədə Mart qırğınları, erməni vəhşiliyi  ilə bağlı məqamlara da toxunulur: “1918-ci ilin Mart faciəsindən sonra Bakıda bolşeviklər, silah yoldaşları olan daşnaqlarla bərabər  ağalıq edirdi. Minlərcə müsəlman qanı içmiş ermənilər qələbədən sərməst idilər. Düşmənlər Türklük, muxtariyyət və hürriyyət ocağı olan “İslamiyyə” binasını Azərbaycan türklərinin başına yıxdıqdan sonra öz təbirlərincə, “Türkiyənin məşhur Bakı cəbhəsini yarmış”  oldular. Bakıda dəhşətli yangın törətdikdən sonra bolşevik-erməni qara-qırmızı güruhu  Şamaxı, Kürdəmir, Quba, Lənkəran və Salyan qəzalarına axışdılar. Bu qəzalarda da müsəlman əhalini rəhmsizcə qırdılar, kəndlərini torpaqla yeksan etdilər”.  Bu tarixi sənəd bir daha təsdiq edir ki, məkrli, murdar ermənilər hər cür fürsətdən, siyasi, tarixi təbəddülatlardan- bu dəfə isə Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişindən alçaqcasına, istifadə edərək bolşevik bayrağı adı altında azərbaycanlılara qarşı ən qəddar soyqırım aktı törətmişlər.

“Yeni Qafqasya”nın ən istedadlı və fəal əməkdaşlarından Mirzə Bala Məhəmmədzadə  irihəcmli «Azərbaycan misaqi millisi” adlı məşhur məqaləsində  28 May İstiqlal Bəyannaməsini, Milli Andı maddələrlə izah və təhli edir, Bəyannamədən sonra Azərbaycanda baş verən hadisələri işıqlandırır, dəyərləndirir. Əlbəttə, həmin dövrdən bəhs edən Mirzə Bala “Azərbaycan istiqlal məfkurəçiliyinin fikirdən felə, nəzəriyyədən əməliyyata keçməsinə mane olmaq üçün tətib edilmiş faciə”- Mart qırğınları barədə susa bilməzdi: “O zaman məfkurəni irəli apara biləcək bir məfkurə ordusu yenicə təşəkkül edirdi. Gəncədə, Şirvanda, Qarabağda, Salyan və Lənkəranda Tatar alayı nəfərlərinin himməti ilə milli ordu hazırlığı davam etdiyi zaman idi ki, bolşevik və daşnaq gücləri …meydana çıxaraq Azəri məfkurəçilərinin istinad edəcəkləri maddi gücü beşikdə boğmaq istədilər”.

“Yeni Qafqasya”nın Mart qırğınları ilə bağlı yuxarıda bəhs etdiyimiz yazıları və bu mövzudakı digər məqalələri yekunlaşdıraraq bu qənaətə gəlirik:

 -bolşevik rejimi və kommunist ideologiyasının göstərişi ilə ölkə daxilində Mart qırğınlarının əsl mahiyyəti saxtalaşdırılsa da, mühacirətdə məskunlaşan istiqlalçılar

bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqının cismən yox edilməsinə hesablanmış bu bəşəri cinayəti, erməni vəhşiliyini ifşa etmiş, əsl həqiqəti deməkdən çəkinməmiş, gizli yollarla SSRİ də daxil olmaqla bir sıra ölkələrdə yayılan dərgidə işıqlandırmışlar;

 – Mart qırğınları Rusiyanın “parçala, hökmranlıq et” siyasətinə uyğun olaraq, Cənubi Qafqazda məskunlaşdırılmış ermənilərə Azərbaycan torpaqları hesabına dövlət yaratmaq, eyni zamanda Azərbaycan istiqlal hərəkatına öldürücü zərbə vurmaq məqsədi ilə həyata keçirilən növbəti cinayət aktı idi və məqalə müəllifləri

yazılarında konkret tarixi fakt və hadisələrə istinad edərək erməni-bolşevik ittifaqının çirkin niyyətlərini kifayət qədər ətraflı əsaslandırmışlar;

-Bolşevik-daşnak birləşmələri Mart qırğınları zamanı “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, ”İsmailiyyə” binasını yandırmış, “Təzə pir” məscidinin minarələrini top atəşləri ilə dağıtmış, onlarca digər milli, dini, tarixi abidələri, maarif, mədəniyyət, təhsil müəssisələrini məhv etmiş,  soyqırım  nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq azərbaycanlı ağlasığmaz vəhşiliklərlə qətlə yetirilmişdir;

-Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müvafiq qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyası Azərbaycan ərazisinin müxtəlif bölgələrini dağıdan, viran qoyan, dinc müsəlman əhalisinin həyatına və əmlakına qarşı vəhşilik edən quldur dəstələrinin törətdiyi cinayətləri, vurulmuş zərərin qədərini müəyyənləşdirmək üçün  ciddi və sanballı fəaliyyət göstərmiş, erməni cinayətləri ilə bağlı cildlərlə sənəd toplanılmışdır. Sovet hökumətinin qərarı ilə komissiyanın topladığı çoxcildlik materiallar nəinki xalqa çatdırılmamış, on illərlə arxiv dustağına çevrilmişdir. “Yeni Qafqasya” dərgisinin Mart qırğınları ilə bağlı materialları xalqımızın istiqlalına və istiqbalına susamış ermənilərin tarixi cinayətlərini, vəhşiliklərini öyrənmək baxımından etibarlı, mötəbər mənbələr, məxəzlərdir;

-mühacir müəlliflərin bu problemlə bağlı məqalələri  istər 1918-ci ilə qədər (1905 fevral, avqust) istərsə də ondan sonrakı dövrlərdə ( 1948-1953; 1988-2020)  ermənilərin Azərbaycanlılara qarşı törətdiyi  saysız- hesabsız qətliamların, qırğınların, terror aktlarının, eləcə də onların vasitəsi ilə həyata keçirilən repressisya, sürgün və köçürülmələrin məqsədli şəkildə dövlət siyasəti səviyyəsində reallaşdığına dəlalət edir;

erməni-bolşevik silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından “Yeni Qafqasya”da dərc olunan materiallar müstəsna əhəmiyyət kəsb edir və bu gün də aktualdır.   /modern.az/

araz.az xəbər portalı.