Tez-tez Azərbaycan teleməkanındakı nöqsanların əsas səbəbinin rəhbər problemindən qaynaqlanması barədə fikirlər səslənir. Əslində təkçə TV-də deyil, bütün sahələrdə kimin rəhbər olmasından, idarəetmədən çox şey asılıdır. Sadəcə, teleməkanda baş verənlər dərhal gözə çarpır. Bu yaxınlarda Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin keçmiş sədri Elşad Quliyevin xatirələrini oxuyanda diqqətimi görkəmli dövlət xadimi Heydər Əliyevin bu məsələyə necə böyük həssaslıqla yanaşdığı cəlb etdi. Müəllifin sözlərinə görə, böyük siyasətçi illər sonra ona Moskvadakı İctimai Elmlər Akademiyasında oxumağa getməsinə icazə vermədiyini belə izah edib: “Azərbaycan Televiziyasının tarixində sənin kimi sədr olmayacaq. Hər il İctimai Elmlər Akademiyasında oxumaq üçün bizə müraciət edirdin, bilərəkdən səni oxumağa buraxmırdım. Çünki sənə izn versəydim, bir də respublikaya qayıtmayacaqdın. Səni respublika üçün qorumaq istəyirdim”. Bu, müdrik və uzaqgörən qərar idi. Çünki Azərbaycandan Rusiyaya getmiş Kərim Kərimov, Ənvər Məmmədov və başqa intellektual, istedadlı soydaşlarımız buna bariz nümunə idilər. Əlbəttə, onlar daim qürur mənbəyimizdir, amma, necə deyərlər, Azərbaycanın “kisə”sindən getmişdilər.
-
SSRİ Dövlət Teleradio Komitəsi sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş Ənvər Nazim oğlu Məmmədovdan danışmaq istərdim. İlk dəfə onun haqqında elə Elşad Quliyevdən eşitmişdim. Həmyerlimiz barəsində iftixarla danışırdı. Təsəvvür edirsinizmi, Azərbaycan Televiziyasına da göstərişlər verən Mərkəzi Teleradio Komitəsinə azərbaycanlı balasının rəhbərlik etməsi, onun sədrliyilə keçirilən toplantıların iştirakçısı olmaq nə deməkdi?
Atası sovet repressiyasının qurbanı olarkən, Ənvər Məmmədov milliyyətcə rus anası və digər yaxınları ilə Azərbaycanı tərk edib Moskvaya köçmüşdü. İllər sonra vəzifə borcu ilə əlaqədar Bakıya gəlmişdi. Elşad Quliyevin sözlərinə görə, o zaman Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə də görüşmüşdü. Hər zaman Azərbaycanın adını ucaldan həmvətənlərimizlə qürur duyan Heydər Əliyev bu tanışlıqdan, onunla söhbətdən çox məmnun qalmışdı. Amma Ənvər Məmmədov şəxsiyyətinə heyran olan təkcə bizimkilər deyildi. Rusiyanın ən tanınmış televiziya mütəxəssisləri, məşhur jurnalistləri indiyədək həmyerlimizi tərifləyir, onun fəaliyyətinə yüksək qiymət verirlər. Onu fenomenal, əfsanəvi, bütün zamanların və xalqların görkəmli şəxsiyyəti adlandırırlar. Əbəs yerə deyil! Ənvər Məmmədov rus, ingilis, alman, italyan və fransız dillərində mükəmməl danışır, siyasəti, diplomatiyanı, tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, jurnalistikanı əla bilir, güclü intellektə, təhlil qabiliyyətinə, yumor hissinə və sanbala malikdir.
-
1967-ci ildə Parisdə fransız teleradio yayımının baş direktoru ilə aparılan beynəlxalq danışıqların fasiləsi zamanı Ənvər Məmmədovun Fransa, İtaliya və Almaniyadan olan həmkarlarının hər biri ilə onların doğma dillərində danışması sovet jurnalistlərini heyrətə gətirir. Rəsmi danışıqlar zamanı isə tərcüməçi Ənvər Məmmədovun bəzi ifadələrini yumşaltmağa cəhd edəndə, həmyerlimiz onun sözünü mükəmməl fransız dilində kəsir: “Siz tərcüməçisiniz, mənim şərhçim deyilsiniz. Gələcəkdə bunu nəzərə almağınızı xahiş edirəm”.
Kəşfiyyatçı kimi II Dünya müharibəsinin cəhənnəmindən keçmişdi, SSRİ-nin İtaliyadakı səfirliyinin press-attaşesi kimi italyan partizanları ilə gizli çalışmışdı. Nürnberq prosesində tərcüməçi kimi iştirak etməklə yanaşı, sovetlərin əlində əsir olan alman feldmarşalı Fridrix Paulyusun gizli şəkildə beynəlxalq hərbi tribunala gətirilməsi tapşırığını yerinə yetirmişdi. Bioqrafiyasında atasının repressiyaya uğraması və həbsxanada ölməsi faktına baxmayaraq, 20 yaşında ali təhsili olmadan diplomat kimi çalışmağa başlayır və gizli imzalarla mətbuat orqanlarında məqalələri dərc edilir. Sonra ali təhsil alır, diplomatiya və jurnalistika karyerasında müxtəlif yüksək vəzifələr tutur. ABŞ, İngiltərə və Latın Amerikasına yayım redaksiyasının, Vaşinqtonda ingilis dilində nəşr olunan “USSR” jurnalının baş redaktoru olur. Amma karyerasının ən maraqlı anları SSRİ Dövlət Teleradio Komitəsi sədrinin birinci müavini təyin olunması ilə bağlıdır. Əslində, sədr əsas vəzifə sayılır, amma Ənvər Məmmədovun hadisəsində yox. Birinci müavin olsa da, o, Mərkəzi televiziyanın faktiki rəhbərinə çevrilir. Onun imzası olmadan efirə heş bir veriliş və proqram getmir. Və televiziyanın inkişafında, mədəniyyətin bir parçasına çevrilməsində müstəsna xidmətlər göstərir. Təşkilatçılığı, dəqiqliyi və həssaslığı ilə avtoritar dövlətin telekanalında demokratik və yaradıcı mühit yarada bilməsi “Вокруг смеха”, “Кабачок 13 стульев”, “Что? Где? Когда?”, “Кинопанорама” kimi verilişlərin böyük populyarlıq qazanması ilə nəticələnir. Çevrəsi çox geniş idi. Ləyaqətli olduğundan Kremllə çəkinmədən, yaltaqlanmadan danışmağın üsulunu bilirdi. Ə.Məmmədovun sayəsində “Baharın 17 anı” (“17 мгновений весны”) və “Taleyin istehzası” (“Иронии судьбы”) filmləri efirə çıxır. “Baharın 17 anı” filminə baxış zamanı SSRİ-nin ideoloji sahəsinə nəzarət edən Sov.İKP MK katibi Mixail Suslov “nasistlər belə olmayıblar” replikasını atır. Ənvər Məmmədov sərt şəkildə ona 1941-ci ildən 1942-ci ilə qədər döyüşdüyünü, Nürnberq prosesində tərcüməçi olduğunu xatırladır. Bununla da Suslovu susdurur. SSRİ-nin Kinematoqrafiya üzrə Dövlət Komitəsi “Taleyin istehzası” filminin ssenarisindən imtina edəndə Ənvər Məmmədov heç kimlə razılaşdırmadan təkbaşına filmin istehsala buraxılmasına əmr verir. Çaşqın duruma düşən rejissor Eldar Ryazanova öz addımını belə izah edir: “Əgər razılaşdırmağa başlasam, ideyanı heç kim dəstəkləməyəcək”. Film efirə çıxandan sonra məlum strukturlar onu “antialkoqol kampaniyasına zidd getmək” ittihamı ilə süçlamağa çalışır. Lakin əsərin tamaşaçı sevgisi qazanması və yaranmış ictimai rəy gerizəkalı bədxahları geri çəkilməyə vadar edir. Əlbəttə, ideoloji buxovlar Ənvər Məmmədovu da bəzən senzorluğa vadar edirdi, amma hətta bu durumda da verilişin və ya proqramın efirə büraxılmamasını müəllifə elə həssaslıqla izah edirdi ki, kimsə ondan incimirdi, əksinə onun düşdüyü vəziyyəti dərk edirdi. Mərkəzi televiziyanın binasında keçirdiyi müşavirələri, görüşləri, müzakirələri məharətlə idarə edir, çox dəqiqliklə təqdim olunmuş filmlərin, verilişlərin üstünlüklərini və nöqsanlarını sadalayır, amma müəllifin, redaktorun, rejissorun əməyini də, bəxş etdikləri töhfəni də xüsusi göstərirdi. Ən əsası, yaradıcı heyətə televiziyanı çox sevməyi və tamaşaçılara hüdudsuz hörmət göstərməyi təlqin edirdi. Kollektiv onun maraqlı çıxışlarını, irad və təkliflərini diqqətlə və heyranlıqla dinləyirdi. Səsləndirdiyi fikirlər isə sonradan zərb-məsələ çevrilirdi. Televiziyanın və radionun tanınmış jurnalistləri, rejissorları ondan çəkindiklərini etiraf edirdilər. Rəhbər olduğuna görə yox. Çünki tabeliyində olan əməkdaşlarla hər zaman nəzakətlə davranır, səsini ucaltmır və heç kimi işdən çıxarmırdı. Sadəcə, hətta istedadlı əməkdaşlar ssenari, rejissor, montaj işlərini peşəkarlıqla mənimsəmiş, ruhən jurnalist olan təcrübəli rəhbərin qarşısında qeyri-peşəkar duruma düşmək istəmirdilər. Veriliş və proqramların baxışı zamanı yaradıcı qruplar Ənvər Məmmədovun beyninin ildırım sürətilə çalışmasının şahidi olurdular və şoka düşürdülər. Baxış ərzində telefon zənglərinə cavab verir, nə isə tapşırır, problemləri həll edir, sənədləri, ssenariləri sürətlə oxuyub, hətta səhvləri düzəldərək imzalayırdı. Baxış bitdikdən sonra isə dəqiqəsinə və saniyəsinə qədər yol verilmiş səhvləri sadalayır, onlar düzəldildikdən sonra efirə getməsinin mümkünlüyünü bildirirdi. Çox heyf ki, Mixail Qorbaçovun hakimiyyətə gəlişi 1985-ci ildə Ənvər Məmmədovun böyük əmək sərf etdiyi televiziyadan “təqaüdə çıxması” bəhanəsilə uzaqlaşdırılmasına səbəb olur. Amma soydaşımız bundan özü üçün faciə düzəltmir. Yenidən “Новости” xəbərlər agentliyinə siyasi icmalçı kimi qayıdır. Hazırda ömrünün 98-ci ilinə qədəm qoyan Ənvər Məmmədov “РИА Новости” agentliyinin baş redaktorunun müşaviridir. Və hər doğum günündə ondan müsahibə alan reportyorların “Memuar yazırsınızmı?” sualına yarızarafat, yarıciddi şəkildə “Hələ tezdir…” cavabını verir. İndi bildinizmi, Azərbaycan televiziyaları nə zaman baxımlı ola bilər? Belə rəhbər tapılanda… KONKRET.az
araz.az xəbər portalı.