“Qırmızı Xaç Komitəsinin mənə heç bir köməyi dəymədi. Məhkəmə vaxtında komitənin əməkdaşlarından tələb etdim ki, mənə vəkil lazımdır və siz bunu Azərbaycan hökumətinə, ailəmə, yaxınlarıma çatdırın. Lakin Qırmızı Xaç Komitəsinin əməkdaşları bu tələblərimi yerinə yetirmədi”.
Bu fikirləri Konkret.az-a açıqlamasında bir müddət öncə əsirlikdən vətənə qayıdan Dilqəm Əsgərov bildirib. Onun sözlərinə görə, Qırımızı Xaç Komitəsinin bir əməkdaşı var idi Thomas Əli. Bu adam bir il müddətində belə bizə heçnə vermədi.
“Hətta ailəmə məktubları belə nəzarətlə yazırdım. Mənə dedi ki, məktubda ancaq yaxşı olduğunu yazmalısan. Amma mənim barmaqlarım və baş nahiyədə sümüklərim qırılıb, vəziyyətim yaxşı deyil. Thomas Əli deyilən adam mənə dedi ki, biz bu faktları Azərbaycana çatdıra bilmərik. Ölsən belə gəlib akt tərtib edəcəyik ki, ölüb vəssalam”.
Qırımızı Xaç Komitəsinin əməkdaşları əsirlər üçün komitədən gələn ərzaqları belə mənimsəyib. Dilqəm Əsgərovun sözlərinə görə, beynalxalq qanunlara əsasən komitə mənə ərzaq çatdırmalı idi. Lakin bu ərzaqlar mənə çatmırdı.Ümumiyyətlə komitənin Ermənistanda heç bir nüfuzu yox idi.
“Bəzi hallarda bizlə görüşməyə belə icazə vermirdilər və Qırmızı Xaç Komitəsinin İrəvandakı əməkdaşları bu faktlarla razılaşırdılar. Sanki əlbir işləyirdilər. Qısası bu komitənin Ermənistanda heç bir təsiri yox idi. 5-il 7 ay ərzində əsirlik həyatımda mən bunu gördüm”- deyə D.Əsgərov qeyd edib.
araz.az xəbər portalı.