Publika.az xəbər verir ki, bu barədə immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov danışıb.
“Məsələn, immuniteti boğan dərmanlar qəbul edən xəstədə immun çatışmazlığı yaranır. Bu, daxili orqanların transplantasiyasından sonra onkoloji, otoimmun xəstəliklərdə də mümkündür. COVID-19 peyvəndindən sonra spesifik immunitetin əmələ gəlməsi daha yavaş baş verə bilər”, – həkim bildirib.
Bundan əlavə, mütəxəssisin fikrincə, immunitetin əmələ gəlmə sürəti ciddi fiziki fəaliyyətdən və güclü stressdən də təsirlənə bilər. Kryuçkov allergiyası olan insanların çoxunun koronavirusa qarşı vaksinasiyaya icazə verilə biləcəyini və xəstələrin qəbul etdiyi standart anti-allergik dərmanların immunitetin formalaşmasına təsir göstərmədiyini söyləyib. Eyni zamanda immunoloq bəzən allergiyanın müalicəsi üçün də təyin olunan hormonal dərmanların əks göstərişlərə səbəb ola biləcəyini vurğulayıb. Mütəxəssis bu vəziyyətdə həkimlərlə məsləhətləşməyin vacibliyini qeyd edib. Həkimin sözlərinə görə, peyvənd vurulmuş hər kəsdə koronavirus üçün spesifik immunitet inkişaf edir. Ancaq insanlarda antikorların səviyyəsi fərqli ola bilər. Eyni vəziyyət virusu keçirənlərdə də olur: bəzilərində ümumiyyətlə antikor olmaya bilər. Mütəxəssisin sözlərinə görə, antikorların yaranmama səbəbini öyrənmək demək olar ki, mümkün deyil.
“Bu, yalnız bədənin və ya hansısa xəstəliyin xüsusiyyəti ola bilər. Peyvəndə çox zəif reaksiya verən bir qrup insan var. Bəzi xəstələrdə antikorlar altı ay və ya bir il qalır, bəzilərində üç aydan sonra yox olur”, – həkim deyib.
İmmunoloq insanın immun sisteminin reaktivliyinin yaşla birlikdə azaldığını bildirib. Belə ki, yaşlı insanlarda spesifik immunitetin formalaşması prosesi daha yavaş olur.
Eyni zamanda həkim bildirib ki, immunitet səviyyəsini yalnız testlə aşkarlanan antikor sayına görə qiymətləndirmək lazım deyil. Çünki bütün test sistemləri koronavirusun müxtəlif antigenlərinə reaksiya verir, buna görə göstəricilər testdən asılı olaraq dəyişəcək.
Aytən Məftun
Anaxeber.info
araz.az xəbər portalı.