Ölkədə karantin rejimi yumşaldılsa da, hələ də toyların keçirilməsi ilə bağlı qadağa ləğv edilməyib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, vaksinasiyadan sonra toylara icazə verilə bilər:
“1 ilə yaxındır ki, ölkədə toylar keçirilmir və çoxları toy etmək üçün qadağanın götürülməsini gözləyir. Hesab edirəm ki, bu məsələyə vaksinasiya prosesi yekunlaşandan sonra baxıla bilər. Qarşıdan da yay fəsli gəlir və məncə, açıq havada 40-50 nəfərlə toyların keçirilməsinə icazə verilməsi məqsəduyğun olar.
Əgər yaxın günlərdə metronun fəaliyyətini bərpa etməsi ilə bağlı qərar qəbul edilərsə, düşünürəm ki, 30-40 nəfərlik kiçik məclislərin keçirilməsi qərarının da verilməsi doğru olar”.
Millət vəkili Musa Quluyev isə bildirib ki, apreldən sonra toyların keçirilməsi ilə bağlı məsələyə baxıla bilər:
“Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Mənim fikrimə gəlincə isə çox arzulayardım ki, vaksinasiyanın birinci mərhələsi bitəndən sonra, yəni təxminən apreldə bununla bağlı məsələlərə baxılsın. Aprelə qədər isə toylara icazə verilməsi tezdir. Bir il ərzində koronavirusa görə çox əziyyətlər çəkdik. Üçüncü dalğanı istəmiriksə, hələlik gözləməliyik”.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/_22hHdO1qfI’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.