Ekspert parkinq qiymətlərinin baha olmasına münasibət bildirib, məsələnin həll ediləcəyinə ümidvar olduğunu söyləyib.
Milli Məclisin iclasında millət vəkili Siyavuş Novruzov yeraltı parkinqlərin qiymətinin baha olmasından danışıb. O, dövlət tərəfindən kifayət qədər vəsait ayrıldığını, yeraltı parklar tikildiyini, lakin içərisinin boş olduğunu dilə gətirib: “Çünki 7-9 manat qiymət qoyulub. Aya vuranda bu, 300 manata yaxın pul edir. Kim maşınını 300 manat verib yeraltı parkinqdə saxlayar? Bu qiymətlər aşağı salınmalıdır. Aidiyyəti strukturlar buna da baxmalıdırlar”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhərində parkinq qiymətləri hələlik müəyyən edilməyib:
“Bakı Nəqliyyat Agentliyi bununla bağlı təkliflərini verib və Nazirlər Kabineti qiymət məsələsinə baxır. Parkinq məsələsinə yeni yanaşma tətbiq edilməli və vətəndaşın ziyanına olmamalıdır. Parkinqlərin hamısını ödənişli etmək barədə düşünməməlidirlər. Ödənişli parkinqlərdə qiymətlər insanların cibinə uyğun olmalıdır. Bu gün yeraltı parkinqlər var və bu parkinqlərə insanlar getmirsə, deməli, qiymət bahadır. Qiymətlər normal olsa, parkinqlərdən istifadə edənlərin sayı çox olar. Qiymət baha olduğu üçün parkinqlərə getmirlər. Parkinqlərdən istifadə edilməyəndə tıxac baş verir”.
“Parkinqlər uyğun yerlərdə, əlçatan yerlərdə olmalıdır. Bundan başqa, bu gün elə binalar var ki, 300-400 mənzili var, lakin 20-30 parkinq yeri yaradılıb. Müvafiq qurumlar bunlara nəzarət etməlidir. Hazırda Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilir. Digər tərəfdən, Bakı şəhərinin yeni Baş Planı hazırlanıb və burada bu məsələlər öz əksini tapıb. Ümid edirəm ki, bunlar öz həllini tapacaq”, – deyə ekspert qeyd edib.
araz.az xəbər portalı.