Bakıda milyonlar mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. İşdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun adamlarının adı keçir. Həbs edilən şəxs özünün zərərçəkmiş olduğunu, MTN-nin onu oğurlayaraq döydüyünü deyir.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb.
Həbs edilən şəxs 1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğludur. Şeydayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) 178.3.2-ci (Dələdulzuq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Təqsirləndirilən Cavad Şeydayev iş görmək adı ilə bir neçə nəfərdən külli miqdarda pul almaqda və onların etibarından sui-istifadə edərək aldatmaqda və Əziz Quliyev adlı şəxsə hədə-qorxu gəlməkdə suçlanır. Elə iş üzrə əsas zərərçəkmişlərdən biri 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğludur.
İttihama görə, Cavad Şeydayev Əziz Quliyevin 919 min manat pulunu ələ keçirib. İş üzrə digər zərərçəkmişlərin bir neçəsi ilə Cavad Şeydayev arasında barışıq əldə edilib.
Cavad Şeydayev yalnız Əziz Quliyevin epizodu üzrə özünü təqsirli bilmir və deyir ki, digər şəxslərə də borcunun yaranmasının səbəbkarı Əziz Quliyevdir.
Məhkəmə araşdırması zamanı Cavad Şeydayevin ifadəsi ilə maraqlı faktlar və iddialar ortaya çıxıb. Cavad Şeydayev zərərçəkmiş kimi tanınan Əziz Quliyevin Ramiz Mehdiyevin adamı olduğunu, “ağsaqqal” deyərək onun adından istifadə etdiyini deyib.
Hadisələrin başlanğıcı 2013-cü ilə gedib çıxır. Cavad Şeydayev özünə məxsus klinikanı satmaq istəyib. Bu zaman Əziz Quliyev müştəri kimi Ramiz Mehdiyevi tapdığını, bütün işləri də Ramiz Mehdiyevin köməkçisi Anar vasitəsi ilə həll edəcəyini bildirib.
Cavad Şeydayev deyir ki, klinikanın cərrahiyyə şöbəsinin baş həkimi Elşən Əliyev olub. Dayısı Tofiq Nəsirov isə klinikanın direktoru imiş.
Həbsdə olan Cavad Şeydayev ifadəsində göstərib ki, klinikanı satmaq üçün 5 milyon desə də son olaraq 4 milyon 200 min manata razılaşıblar.
“Bundan bir müddət əvvəl Türkiyədəki biznesimdə xeyli pul itirmişdim. Buna görə də borclarım var idi və klinikanı satmalı idim. “Azəriqazbank”dan 2 milyon 400 min manat kredit götürmüşdüm.
Əziz Quliyev dedi ki, Ramiz Mehdiyevə qiyməti 4 milyon deyəcək. 200 min də özü qoyacaq. Əziz söyləyirdi ki, alıb özləri işlədib, Ramiz Mehdiyevin sayəsində çörək qazanacaqlar”- deyə Cavad Şeydayev bildirib.
Onun sözlərinə görə, kredit məsələsini həll etmək üçün Əziz Quliyevlə birlikdə “Azəriqazbank”a gediblər. Bankın rəhbəri olan Çingiz Əsədullayevlə görüşüblər.
Xatırladaq ki, Çingiz Əsədullayev sabiq MTN rəhbəri Eldar Mahmdovun yaxın adamı olub. Eldar Mahmudov vəzifədə olduğu müddətdə Çingiz Əsədullayev həm də deputat idi. Mahmudov postunu itirəndə Əsədullayev də mandatını itirdi.
Cavad Şeydayev ifadəsinin davamında göstərib ki, banka gedən zaman Əziz Quliyev orada deyib ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardılar və Çingiz Əsədullayev onları gözləyir.
“Bizi qəbul etdilər, Sonra ƏZiz Quliyev Çingiz əsədullayevlər görüşdü və məsələ həll oldu”- deyə Cavad Şeydayev qeyd edib.
İşin davamında Əziz Quliyev Cavad Şeydayevə ilkin ödəniş olaraq 150 min manat verib.
“Bankdan götürülən kreditlə mənə verilməli olan pulun bir hissəsi də verildi. Əziz Quliyevin mənə 919 min manat verəcəyi qaldı. Sonra pulumu ödəmədi. Tələb edəndə isə məni hədələməyə başladı. Deyirdi ki, iş “ağsaqqala” çatsa axırı yaxşı olmayacaq. Müxtəlif dostlar vasitəsi ilə Ramiz Mehdiyevə çıxmaq, problem demək istəyirdim. O zaman Prezident Aparatının səhv etmirəmsə, təhlükəsizilik idarəsinin rəsi Teymuraz müəllim var idi. Dostlar vasitəsi ilə onunla əlaqəyə girdim. Amma nəticə olmadı.
Bir gün də Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə görüşdük. Əziz Quliyev də orada idi. İlham Əliyev Əzizə dedi ki, mənim adımdan istifadə edirsən? Sonra İlham Əliyev məni günahkar çıxarmağa başladı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm. Çünki mən çox yerə şikayətlər edirdim. Amma bir nəticə yox idi. Hər yerə teleqram vurdum, polisə getdim. Şikayətlər edən ərəfədə, 2014-cü ildə ofisimdə oturduğum zaman MTN əməkdaşları başıma torba keçirib apardı. 8-9 nəfər qara maskalı şəxs idi. Mənə dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqar tapşırıb. Səhərə qədər döydülər. Dedilər ki, Əzizi şantaj etdiyimi yazım. Bununla da mənim almalı olduğum pulu Əziz məndən tələb elədi. Mənə həm hədə-qorxu və şantajla pul tələb etmə, həm də dələduzluqla cinayət işi açdılar. Hara da şikayət etdimsə baxan olmadı. Hara gedirdimsə deyirdilər ki, Anar müəllim tapşırıb, “ağsaqqal”ın adını verib”- deyə C.Şeydayev dediklərinə əlavə edib.
Bildirək ki, bu işdə adı keçən Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilmişdi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmişdi.
Polkovnik-leytenant Vüqar Mahmudov 2017-ci ildə həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, iş adamlarına hədə-qorxu gələrək pul tələb etməkdə və mənimsəmədə ittiham edilirdi.
Cavad Şeydayevin cinayət işinin yeni təfərrüatlarını növbəti məhkəmə reportajımızda təqdim edəcəyik. /Musavat.com/
araz.az xəbər portalı.