Navalnının regional qərargah şəbəkəsinin rəhbəri Leonid Volkov Rusiya mediasına həbs olunan müxalif siyasətçi Aleksey Navalnıya dəstək məqsədilə növbəti etiraz aksiyalarının fevralın 14-nə planlaşdırıldığını bildirib.
“Növbəti aksiya fevralın 14-də keçiriləcək. Bu gün və ya sabah onun formatı barədə danışacağıq. Sadəcə, bu, tamamilə fərqli bir format olacaq. Hər şeyi daha məharətli şəkildə edəcəyik və polislə birbaşa qarşıdurma olmamasına çalışacağıq, bundan qaçacağıq” – deyə, Volkov bildirib..
O daha sonra aksiyanın formatını izah edib: “Navalnının qərargahı Rusiyanın böyük şəhərlərinin bütün sakinlərini fevralın 14-də axşamı, düz saat 20.00-da bir sadə işi görməyə dəvət edir. Həyətinizə çıxın. Telefonunuzdakı fənəri açın, yuxarı qaldırın və bir neçə dəqiqə belə dayanın”.
Rusiyada yanvarın 23-də və 31-də və fevralın 2-də keçirilən etiraz aksiyaları polisin sərt müdaxiləsi və Rusiyanın müasir tarixində rekord kütləvi həbslərlə müşayiət olunmuşdu. Polis etirazçılara qarşı hətta bəzən saxlanılanların müqavimət göstərmədiyi yerlərdə belə elektoşok silahlardan istifadə etmişdi.
Levada Mərkəzinin keçirdiyi son sorğuya görə, Rusiyanın hər beş sakinindən bir Navalnının fəaliyyətini bəyənir. Sosioloqlar rusların əksəriyyətinin (68%) son hadisələr – onun qayıdışı və sonrakı həbsi, “Putin sarayı” ilə əlaqədar film və mitinqlərə görə Navalnıya qarşı münasibətinin dəyişmədiyini bildirir.
Volkov fevralın 4-də növbəti etiraz aksiyalarının yalnız bu yaz baş verəcəyini bildirmişdi.
Yanvar ayının sonunda Volkova qarşı yeniyetmələrin razılaşdırılmamış mitinqlərdə iştirakına razı olduğu üçün cinayət işi açılıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 151.2-ci maddəsinin 2-ci hissəsi). O hazırda ölkə xaricindədir, Rusiyada isə axtarışa verilib.
Fevralın 5-də Navalnının qərargahının rəhbərinin valideynlərinin evində axtarış həyata keçirilib.
araz.az xəbər portalı.