Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 deputatını məhkəməyə verib.
araz.az bildirir ki, bu barədə “AzPolitika.info”-ya mötəbər mənbədən məlumat daxil olub. AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.
R.Mehdiyevin məhkəmədən tələbi nədir və hansı deputatlar məhkəməyə verilib, təfərrüatlar məlum deyil. Lakin AMEA prezidentinin kimləri məhkəmə vasitəsilə cəzalandırmağa çalışdığını təxmin etmək çətin deyil. Ötən ilin avqust ayının 25-də R.Mehdiyev ona qarşı hücumlara AMEA-nın saytı vasitəsilə yaydığı cavab yazısında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrini xatırladaraq, 16 deputatın adını çəkmiş, onları açıq şəkildə hədələmişdi. Həmin məqalədən sitat: “… Məsələnin siyasi və hüquqi aspektləri onun mənəvi tərəfindən daha ağırdır. Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov … unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm”.
Belə görünür ki, R.Mehdiyev xatırlatdığı hüququndan istifadə edib və deputatlarla məhkəmə yolu ilə haqq-hesab çəkmək qərarına gəlib. Lakin belə görünür ki, AMEA prezidenti adlarını çəkdiyi deputatlardan birini “əfvə salıb” – bəyanatda 16 deputatın adını çəksə də, onlardan 15-ni məhkəməyə verib.
Digər bir maraqlı məqam R.Mehdiyevin təqdim etdiyimiz bəyanatında deputatları xüsusi ittiham qaydasında məhkəməyə verə biləcəyini elan etməsidir. Çox böyük ehtimalla, elə bu qaydada da verib və deputat toxunulmazlığına əhəmiyyət verməyərək, onların həbsini tələb edir.
R.Mehdiyevin deputatları məhkəməyə verməsinin təfərrüatlarını və adları çəkilən millət vəkillərinin buna münasibətini təqdim edəcəyik.
araz.az xəbər portalı.