Bakıdakı svetaforlardan saniyə göstərən tabloları yığışdırırlar. Bu, bəzi sürücülərdə çaşqınlıq yaradır və onlar hesab edirlər ki, saniyə göstərən tabloların ləğvi qayda pozuntularının artmasınma səbəb olacaq.
Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Modern.az-abildirib ki, svetaforun iş rejiminə uyğun olan geriyə sayım göstəricilərinin götürülməsi ilə bağlı bir neçə arqument var:
“Əslində cüzi problemlər var idi. Həmin o cüzi problemlər hamının məsələsi deyildi. Bu diqqətsiz, intizamsız sürücülərin problemi idi. Bir neçə diqqətsiz, intizamsız sürücüyə görə onları ləğv etmək düzgün deyil. Gətirilən əsas bəhanə o oldu ki, bəzi sürücülər həmin geriyə sayım tablosunda sonuncu saniyə qalanda hərəkətə can atırlar. Tutaq ki, qırmızı işığın sonuncu 2 saniyəsi qalıb, onlar buna fikir vermədən hərəkət etməyə başlayırlar.
İkinci bir arqument gətirdilər ki, yaşıl işığın son saniyələrini görən sürücü yolayrıcının yaxınlığında sürəti artırır ki, yaşıl işığı çatdırıb, keçsin. O da bəzən qəza riski yaradır”.
Ə.Hüseynov qeyd edib ki, hər iki arqument diqqətsiz və məsuliyyətsiz sürücülərin problemidir:
“Bütövlükdə intizamlı, diqqətli sürücünün problemi deyil. Çünki gerisayım rəqəmləri əslində sürücülərə burada bir neçə saniyə gözləməli olmalarını və yaxud da qırmızı işığa konkret nə qədər vaxt qaldığını, yaşıl işığın bitmək üzrə olduğunu göstərməkdə yardım edir. İnsanlara “dayanmağa hazırlaşın, çünki yolayrıcına çatırsınız” məlumatını ötürür. Bəzi yolayrıcılarına sarı kəsişmə yolu çəkdilər. Sarı kəsişmə olmasa belə yolayırıcının kəsilməsinin qaydası var. Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, əgər yolayırıcının əks tərəfində tıxac yaranırsa və bu sürücünün yolayrıcının arasında dayanmağa məcbur edəcəksə, sürücü həmin yolayrıcına girməməlidir”.
Ekspertin fikrincə, geri sayım saniyələri olanda sürücülər qaydanı daha az pozurlar:
“Geri sayımın yığışdırılmasında əsas səbəb o oldu ki, onları svetaforlarla sinxron idarə edə bilmirdilər. Svetaforun yaşıl, qırmızı işıqlarını mərkəzdən dəyişə bilirdilər. Lakin saniyələri dəyişə bilmirdilər. Tutaq ki, yaşıl işıq 70 saniyə idi. 70 saniyəyə uyğun olaraq da geriyə sayım da 70 saniyədən başlayırdı. Mərkəzdən müdaxilə edib, 70 saniyəni 50 edə bilmirdilər. 70 saniyə davam edirdi, birdən sürücü görürdü ki, 20 saniyə yaşıl işıqa qalıb, lakin o sönüb, qırmızıya keçdi. Bunu aradan qaldırmaq üçün onları yığışdırmağa başladılar”.
araz.az xəbər portalı.