WhatsApp Image 2021 01 11 at 22.41.43

“Rəsmi məlumatlara əsasən, 1-ci Qarabağ Müharibəsində 11557, 44 günlük Vətən Müharibəsində isə, 2855 hərbçimiz Vətən yolunda canından keçərək, Şəhidlik Zirvəsinə ucalıb. 1990-cı ilin Qanlı 20 Yanvar faciəsi qarışıq, 30 illik müharibə dövründə, ümumən götürdükdə, 20000-ə yaxın şəhidimiz olub. Birmənalı olaraq, Şəhid ailələrinin, qazilərimizin qayğısına qalmaq dövlətimizin, xalqımızın mənəvi borcudur. Təbii ki, dövlətimiz də, Şəhid ailələrinə xüsusi diqqət ayıraraq, onların maddi və sosial şəraitinin yaxşılaşdırılması üçün, mövcud qanunlar çərçivəsində tədbirlər görür, layihələr həyata keçirir.  44 günlük Vətən Müharibəsindəki Şanlı Zəfərimizdən sonra, şəhidlərimizə və qazilərimizə dövlət qayğısı, xalqımızın dəstəyi daha da artıb. Bu proses, az da olsa, müəyyən xoşagəlməz halları da ortaya çıxarıb. Son dövrlər, Şəhid ailələri üçün müəyyən edilən yardım və ödənişlər, ayrılan yaşayış yerləri onların bəzi vərəsələri arasında mübahisə predmetinə çevrilib” — deyə, tanınmış
hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov araz.az-a açıqlamasında bildirib. O, Şəhid vərəsələri arasında baş verən mübahisələrin artmasına münasibətində xüsusi olaraq onu vurğulayıb ki, ortaya çıxan bu ciddi məsələnin, sözsüz, hüquqi və mənəvi tərəfləri var: “İlk növbədə, mülki qanunvericiliyimizə görə, şəhidlərimizin vərəsələrinə mövcud hüquqi normativ aktlara uyğun olaraq, ödənişlər və yardımlar edilir, onların mənzil şəraitləri yaxşılaşdırılır. Təbii ki, söhbət, məhz, birinci növbəli vərəsələrdən gedir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin  1159.1.1.-ci maddəsinə əsasən, “ Birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)” sayılırlar və Qanunla həmin şəxslər bərabər pay hüququna malikdir (MM m. 1159.1).
Analizlər və təcrübə göstərir ki, şəhidlərimizin vərəsələri arasında yaranan mübahisə, əsasən, onların həyat yoldaşları ilə, valideynləri arasında yaranır. Praktiki olaraq, əksər hallarda, şikayətçi tərəf şəhid arvadları olur. Təbii ki, yaranmış mübahisə qanunla həllini tapır, ancaq, məsələnin daha çox mənəvi tərəfi müəyyən narahatçılıq hissi yaradır. 
Bir hüquqşünas olaraq, mən, məsələnin qanunların tələbinə uyğun həll edilməsinin tərəfdarıyam. Çünki yaranmış vəziyyətin qanun çərçivəsində həll edilməsi tam mümkündür. Ancaq məsələnin şəhidlərimizin ən yaxın addamaları arasında, yəni, həyat yoldaşları ilə, ata-anaları arasında baş verməsi, həqiqətən, utancvericidir və təəssüf hissləri doğurur. Bu, cəmiyyətimiz üçün də, xoşagəlməz bir haldır. 
Eyni zamanda, mən, bir azərbaycanlı olaraq, milli dəyərlərimizi olduqca vacib sayıram. Əvvəla, bizim millətimizin, digər millətlərdən fərqli bir çox əsas meyarları, hətta onlarda olmayan xüsusiyyətləri, yalnız özünə xas mentaliteti, milli düşüncə tərzi, ailə dəyərləri, adət-ənənələri və inancları var. Hansılar ki, bizim milli kimliyimizi müəyyən edir. Bu səbəbdəndir ki, şəhidlərimizin vərəsələri arasında mübahisələrin məhkəmə predmetinə çevrilib, getdikcə dərinləşməsi heç bir tərəfə baş ucalığı gətirmir.
Təbii ki, millətimizi və etnosumuzu qoruyub, saxlamaq üçün, bütövlükdə, milli kimliyimizi müəyyən edən bütün dəyərlərimizi qorumağa borcluyuq. Axı, bütün bunlar milli kimlik məsələsidir və elə buna görə də, qədirbilən xalqımız başda olmaqla, dövlətimiz də, şəhidlərimizin ruhunu şad etmək naminə, onun yaxınlarının həyat şəraitlərini yaxşılaşdırmağa bütün imkanlarla çalışır. Di gəl ki, bəzən, şəhidlərimizin həyat yoldaşları onların ata-analarına milli kimliyimizə uyğun hörmət və ehtiram göstərmir, onlarla mülk və vəsait mübahisələri edirlər. Çox təəssüf ki, bu mübahisələrin bəziləri sonda dava həddinə çatır. Bax, məni daha çox incidən də, budur. 
Şəhid ailələrinın həyat şəraitlərinin yetərincə yaxşılaşdırılması və onların hərtərəfli təmin edilməsi ən vacib məsələdir, ancaq, bu da o demək deyil ki, Şəhid valideynlərinə diqqət ikinci dərəcəli məsələdir. Qeyd edim ki, özüm 1-ci Qarabağ Müharibəsi veteranı və qazisi olduğumdan, narahatlıq və həssaslıq yaradan belə hallar mənə olduqca pis təsir edir. Yəni, onu demək istəyirəm ki, cəbhədə gedən döyüşlər zamanı mən də şəhid ola bilərdim. İndi belə çıxır ki, onda, məni 9 ay bətnində saxlayıb, dünyaya gətirən və boya-başa çatdıran anamın, eləcə də xoş həyat tərzim naminə gecə-gündüz əzab-əziyyət çəkən atamın, qurduğum ailəyə görə, üstümdə həyat yoldaşım və uşaqlarım qədər haqqları qalmazdı?! Bu qədər mənəviyyatsız yanaşmamı olar?!    
Qayınata və qayınanaya dava açan gəlinlər, görəsən, düşünmürlər ki, həmin Şəhidi dünyaya gətirən, boya-başa çatdıran, ona Vətən Sevgisi aşılayan və nəhayət, Şəhidi həmin gəlinə ər edən, elə, onun ata-anasıdır?! 
Ay Şəhid xanımları! Əgər həmin ata-ana olmasaydı, Sizin də Şəhid əriniz olmazdı. Bütün varlığımla, tam əminliklə deyirəm ki, rəhmətlik bütün şəhidlərimiz, eləcə də qazilərimiz belə düşünüblər və düşünürlər də! Şəhidlərimiz Vətən üçün canlarından keçib, Vətən isə, Ana deməkdir! Bax, müqəddəs “Ana Vətən!” kəlməsi də, beləcə təşəkkül taparaq, formalaşıb və əbədi olaraq, beyinlərimizə həkk olunub”.
Hüquqşünas vaxtında bildirdiyi bu vacib və xüsusi önəm kəsb edən  münasibətinin sonunda, şəhidlərimizin həyat yoldaşlarına çağırış xarakterli öz müraciətini ünvanlayıb: “Özünüz də anasınız! Bir düşünün, oğul və ya qız övladınız ailə qurandan sonra, haqqınız onların üstündən itəcəkmi?! Əl çəkin, Şəhid analarımızdan! Bu analar canlarının paralarını itiriblər, incitməyin onları! Başımız üstündəki Böyük Allah və Şəhidlərimizin Ruhu belə, bunu sizə heç vaxt bağışlamaz!”.
 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.