Bu gün bəzi media qurumlarında Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin keçirilən şübhəli tender əməliyyatları zamanı 10 min manat məbləğində yeyintiyə yol verməsi və belə bir səbəb üzündən də, mədəniyyət naziri cənab Anar Kərimovun onu daşıdığı vəzifəsindən azad etməsi barədə məlumatlar yayımlanıb. Düzdür, bu cür məlumatların yayılması geniş ictimaiyyətin müzakirəsinə səbəb olduğu kimi, məhz bir media qurumu olaraq bizim də diqqətimizi cəlb etdi və yayılmış məlumatların nə dərəcədə həqiqi olub-olmamasını dəqiqləşdirmək məqsədilə Nazim Ağayevlə əlaqə saxladıq. Sabiq idarə rəisi cavabında “Bu cür məlumatlar heç də həqiqəti ifadə etmir və hal-hazırda 67 yaş həddindəyəm. İki il idi ki, müqavilə əsasında işləyirdim. Artıq müəyyən yaş həddini keçmişəm və səhhətimdə müəyyən problemlər də əmələ gəlib. Ona görə də daşıdığım vəzifəmdən azad olunmağımla bağlı rəhbərliyə ərizə ilə müraciət etdim. Cənab Nazir də yaş həddimin keçməsini və digər halların varlığını nəzərə alaraq məni daşıdığım vəzifəmdən azad etdi. Qaldı ki, şübhəli tenderlə bağlı yayılan məlumatlara, tenderləri Xaçmaz Regional Mədəniyyət İdarəsi keçirmir. Ona görə də hər bir media qurumu məlumat yayarkən reallığı nəzərə almalı və ictimaiyyəti çaşdırmamağa da çalışmalıdır”.
Araz.az xəbər portalı
araz.az xəbər portalı.