Xəbər verildiyi kimi, martın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. FED.az xəbər verir ki, müşavirədə çıxış edən prezident pambıqçılıq sahəsində baş verən irəliləyişlərlə yanaşı problemli, daha dəqiqi məhsuldarlığın aşağı olduğu rayonları da sadalayıb. Dövlət başçısı həmin rayonları bu iraddan nəticə çıxarmağa çağırıb. İlham Əliyev deyib:
“Məndə olan cədvəldə həm yüksək, həm aşağı məhsuldarlıqla seçilən rayonların adları var. Bəzi məlumatları təqdim etmək istərdim.
Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner.
Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar.
Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux – 8,8, Ucar – 9,3, İmişli – 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz. Ona görə bir daha demək istəyirəm, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik. Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır”.
araz.az xəbər portalı.