Azay 9 1610 4cff 455

 
Millət vəkili Azay Quliyev bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı son günlər seçicilərdən, eləcə də ayrı-ayrı vətəndaşlardan mexaniki-elektron sayğacların yazdığı vəsaitin faktiki sərfiyyatdan fərqlənməsi barədə ona daxil olan şikayətlərdən söz açıb.
 
araz.az  Turkustan.info-ya istinadən  xəbər verir ki, Azay Quliyev qeyd olunan problemin şəffaf araşdırılması və həlli üçün “Azəriqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət komissiyanın və eyni zamanda kommunal xidmət göstərən qurumların yanında İctimai Şuraların yaradılmasını təklif edib.

Deputatın parlamentdəki çıxışından sonra “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev onunla əlaqə saxlayaraq səsləndirdiyi təklifə müsbət yanaşdığını və tezliklə İctimai Şuranın formalaşdırılması ilə bağlı müvafiq prosesə başlanılacağını bildirib.

“Mən də öz növbəmdə Ruslan Əliyevə verdiyi operativ reaksiyaya və məsələnin həllində maraqlı olduğunu nümayiş etdirdiyinə görə təşəkkür etdim. Hesab edirəm ki, əhaliyə xidmət göstərən bütün qurumlarda effektiv fəaliyyət göstərən İctimai Şuraların yaradılması cənab Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə əməl etməklə yanaşı vətəndaş hüquqlarının daha yaxşı qorunması istiqamətində atılan mühüm addımdır. Ümid edirəm ki, “Azəriqaz” İstehsalat Birliyinin yanında fəaliyyət göstərəcək İctimai Şura vətəndaşları narahat edən məsələlərin həllində fəal iştirak edəcək, şəffaflığın daha yaxşı təmin olunmasına öz töhfəsini verəcəkdir”, -deyə Azay Quliyev qeyd edib.

araz.az xəbər portalı.