ll Qarabağ müharibəsində aktiv hərbi əməliyyatlar 10 noyabrda imzalanan üçtərəfli bəyannamə ilə yekunlaşdı.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladıqları bəyannaməyə əsasən rus sülhməramlı kontingenti Qarabağa yerləşdirildi. Onların yerləşirilməsində əsas məqsəd sülhyaratma prosesini təmin etmək, erməni silahlı birləşmələrini Qarabağdan çıxarmaq və bəyannamədən irəli gələn öhdəliklərin yerin yetirilməsinə nəzarət etmələridir.
Digər tərəfdən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin noyabr bəyanatının 7-ci bəndinə əsasən, qaçqınlar Dağlıq Qarabağ və ətraf ərazilərə BMT-nin qaçqınlar üzrə ali komissarının himayəsində qayıtmalıdırlar.
Lakin hələlik qanunsuz yerləşdikləri yaşayış yerlərini müharibə zamanı tərk edən ermənilər fəal şəkildə həmin yerlərə qaytarılırlar. Azərbaycanlı qaçqınların öz yerlərinə qaytarılması ölkə başçısının diqqətində olsa da, hələlik bu istiqamətdə konkret tarix açıqlanmayıb. Ümumi olaraq isə bu istiqamətdə işlərin aparıldığı və ərazilərin minalardan təmizləndiyi məlumdur.
Lakin Xocalı, Xocavənd, Xankəndi kimi minalanmamış yaşayış yerləri də var.
Bəs azərbaycanlı qaçqınlar nə zaman öz yurdlarına köçürülməyə başlanacaq?
Məsələyə münasibət bildirən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, dövlət başçısının göstərişi ilə yaradılan komissiya bu istiqamətdə intensiv işlər aparır:
“Görünür ki, belə məsələlər ilk növbədə Rusiya ilə razılaşdırılır. Biz ilk növbədə azərbaycanlı qaçqınları Xankəndinə köçürməliyik. Sovet dövründə Xankəndində yaşayan əhalinin böyük bir hissəsi azərbaycanlılar olub. İndi orada azərbaycanlıların evləri boş qalıb və buna əsasən o yerlərə adamlarımızı köçürə bilərik. Birinci burdan başlanmalıdır. Sonra Şuşaya da müəyyən qədər insan köçürmək olar.
Doğrudur, Şuşanı qoruq şəhər, mədəniyyət mərkəzi elan etmişik. Lakin hər halda ora təhlükəsiz zona olduğu üçün müəyyən qədər insan köçürmək olar. Yəni bu formada məskunlaşma işlərinə başlamalıyıq. Heç olmasa, məskunlaşma Ağdamdan başlamalıdır. Onsuz da Ağdamın yarısı bizdəydi və digər yarısında da minlardan təmizlənmə işi aparılır. İndidən köçürüləcək şəxslərin siyahısı tutulmalıdır.
Məlumata görə, artıq siyahıya almaq işinə də göstəriş verilib. Ölkə başçısının göstərişi ilə “Böyük Qayıdış” planı hazırlanır və bunun üçün komissiya təşkil olunub.
Həmin komissiya qayıdışın əsas konseptual istiqamətlərini müəyyənləşdirir.
Bu əsasla da müvafiq dövlət strukturlarına göstərişlər virilib. Yəni qayıdışın planlı və məqsədyönlü, eyni zamanda operativ olması üçün nə lazımsa, hamısı həyata keçirilir. Hesab edirəm ki, qaçqınların Dağlıq Qarabağ və ətraf ərazilərə qaytarılmasına həm də BMT-nin qaçqınlar üzrə ali komissarlığı da nəzarət etməlidir”.
Politoloq hesab edir ki, Rusiya sülhməramlılarının da səlahiyyətlərindənkənar atdıqları addımların qarşısı da konkret şəkildə alınmalıdır:
“Xocalıda yaşayan əhalinin hamısı azərbaycanlı olub. Qaçqınları Xocalının bizim nəzarətimizdə olan hissələrinə köçürmək lazımdır. Hazırda Xocalı, Xocavən və Xankəndi demək olar ki, qondarma rejimin qalıqlarının nəzarətindədir deyə, həmin ərazilərə bizim əhali köçürülmür. Görünür bu məsələdə ruslar da birmənalı yanaşma sərgiləmirlər. Buna görə də Rusiya sülhməramlılar qarşısında konkret məsələ qoyulmalıdır ki, bəyannamənin müddəlarının yerinə yetirilməsinə mane olmasınlar. Onlar öz üzərlərinə həddən artıq səlahiyyət götürüblər və ermənilərlə bağlı tərəfkeşlik edirlər. Əgər onlara yerləri konkret göstərilməsə, başqa maraqlara da düşəcəklər”. /Cebhe.info/
araz.az xəbər portalı.