1613206376 qa

Yenixeber.org: Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaluyyətilə bağlı araşdırmalar jurnalistlər üçün bina tikintisi zamanı böyük həcmdə yeyintiləri ortaya çıxardı. Hazırda Fondun keçmiş icraçı direktoru Vüqar Səfərli ilə yanaşı, binanı inşa edən “Portos” MMC-nin direktoru Nadir Məmmədov həbsdədir.

Araşdırmalar dövlət informasiya agentliyi olan “Azərtac”ın yeni binasının tikintisindən də yan keçməyib. Bu barədə məlumat verən mənbə bildirib ki, Bakının Binəqədi rayonu ərazisində, Atatürk prospekti 70 ünvanında inşa olunan yeni inzibati binanın tikintisilə bağlı ciddi maliyyə itkiləri aşkarlanıb: “Jurnalistlərin binasının tikintisində baş verənlərə bənzər hadisələr “Azərtac”ın da yeni binasının tikintisində yaşanıb – tikintinin yaxın şirkətə həvalə olunması, şişirtmələr və s. Bu məsələlər ortaya çıxdığına görə yeni binaya köçürülmə məsələsi yubanırdı. Düz bir il əvvəl – 2020-ci ilin fevralında “Azərtac” rəhbərliyi xəbər yaymışdı ki, yaxın vaxtlarda yeni binaya köçəcəklər, agentliyin 100 illiyi də o binada olacaq. Amma bu vəd yerinə yetirilmədi. Agentliyin 100 illiyi keçən il martın 1-də elə köhnə binada oldu”.

Mənbənin sözlərinə görə, Hesablama Palatasının əməkdaşları yoxlama zamanı maliyyə ilə bağlı ciddi çatışmazlıqlar aşkarlayıblar. Lakin “Azərtac”ın İdarə Heyətinin sədri Aslan Aslanov şəxsi əlaqələr və digər imkanlarından istifadə edərək, bu çatışmazlıqların rəsmiləşməməsinə nail olub.

“Yeni binada təkcə mebellərə yarım milyon vəsait xərclənib. Büdcə vəsaiti hesabına alındığına görə mütləq tender elan olunmalıdır. Tenderdə “Qardaşlar Mebel-3” MMC adlı şirkəti qalib elan ediblər. Bu şirkətə 486 min 584 manat vəsait ödənilib”, – deyə mənbə əlavə edib.

“Azərtac”ın uzun illədir ki, Bakının mərkəzində – Bülbül prospekti 30 ünvanında (Nizami kinoteatrının yanı) fəaliyyət göstərir. İddia olunur ki, Aslan Aslanov həmin binanı da əldən buraxmaq istəmir.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

araz.az xəbər portalı.