Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatın verilməsindən sonra ölkəmizin daxili işlər orqanlarında fərqli ab-hava yarandı, yəni qanunçuluğun müdafiə olunması, bu sistemdə rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılması, polis vətəndaş münasibətinin yeni müstəvidə fomalaşması və s. istiqamətində lazımi addımların atılmasına başlanıldı. Bu yöndə atılan addımların varlığına baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsinin 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat şöbəsində, yenə də “bazar qanunları” mütləqi-hakim olmaqda davam edir. Yəni, Ağcabədi rayonunda fəaliyyət göstərən İmtahan-Qeydiyyat şöbəsində “prava bazarı” deyilən bir termin var ki, bu da hər kəsin dilinin əzbərinə çevrilib. Belə ki, bu “Mero”da sürücülük vəsiqəsi əldə etmək, yaxud da hansısa avtomobili texniki baxışdan keçirmək və s. üçün “əlavə şirinlik” ödəməlisən, yoxsa heç bir halda niyyətini “çin edə bilməzsən”. Məsələn, avtomobilin qeydiyyat nişanını dəyişdirmək, yaxud da avtomobili sahibi yaşadığı ünvana qeydiyyata saldırmaq üçün orta hesabla 200-300 manat pulunun “başından keçməli” olur. Elə ki, 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində nəqliyat vasitəsini addan-ada keçirmək lazım gəlir, o halda əsl “əmma” da həmin andan baş verir. Yəni, bu idarədə konkret olaraq hər bir işin “daxili qanunlar” əsasında müəyyən edilmiş “öz qiyməti” var. Bu qurumda baş verən hər cür haqsızlıq və qanunsuzluqlar haqda redaksiyamızı məlumatlandıran Ağdam rayonu, Çəmənli kənd sakini Salahova Şükufə Əmiraslan qızı bildirir ki, “2004-ci ildə Həsənov Natiq Allahverdi oğlu adlı şəxs Baş Dövlət Yol Polisi İdarəsində 1976-cı il buraxılışlı, “Vaz-21011” markalı, dövlət qeydiyyat nişanı 10-HM-611 olan avtomobilə nömrəsiz mühərrik sənədini təsdiq etdirərək əldə edir. 06 mart 2017-ci il tarixdə isə, həmin avtomobil 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat şöbəsində alqı-satqı yolu ilə mənim adıma sənədləşdirildi. Yəni, həmin gündə bizə heç bir problemin olmadığı bildirildi. Bu gün həmin avtomobili başqa bir şəxsin adına sənədləşdirmək istəyirəm, mənə belə bir sənədləşmə işini həyata keçirməyin mümkün olmayacağını bildirirlər. Yəni, bu İmtahan-Qeydiyyat şöbəsində səlahiyyət sahibi olan Aslan müəllim bu sənədləşmə işinin həyata keçirilməsinə imkan vermir və o, “BDYPİ-si vaxtilə düzgün sənəd verməyib” deyərək, məhz adı çəkilən bu qurumu saxtakarlıq etməkdə ittiham edir.
Məsələnin maraqlı tərəfi odur ki, ilk əvvəl Aslan müəllim belə bir sənədləşmə işinin həyata keçirilməsi üçün bizdən 400 AZN tələb etdi. Elə ki, ona bu qədər məbləğin olmadığını dedik , o halda o, “400 AZN verə bilmirsiniz, heç olmazsa 300 AZN verin” dedi. Bu qədər məbləğ pulun da olmadığını bildirdikdə o, tamamilə “valı döndərdi” və BDYPİ—ni vargücü ilə hədəfə alaraq, adı çəkilən bu qurumu saxta sənəd verməkdə ittiham etdi. Düşündürücü hal odur ki, əgər biz Aslan müəllimin tələb etdiyi 300 AZN pulu ona versəydik, o halda o, BDYPİ-nin 2004-ci ildə verdiyi sənədi qanuni sənəd hesab edərdi. İndi maddi vəziyyətimizin ağırlığı səbəbindən 300 AZN pulu ona verə bilmirik, o da, BDYPİ-ni “topa tutmaq”da davam edir. Belə bir səbəblər üzündəndir ki, bu gün 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat şöbəsində hər cür anarxiya, hər cür qanun pozuntusu baş verir və baş verənlər də “sərhəd tanımır”.
Bundan əlavə, bu İmtahan-Qeydiyyat şöbəsində müəyyən bir şəbəkə də mövcuddur. Yəni, hansısa şəxs sürücülük vəsiqəsi almaq istəyirsə, ilk əvvəl bu qurumda səllahiyyət verilmiş şəxs ona “qiymət oxuyur”. Əgər müştəri həmin qiymətlə razı olmursa, o halda ona “Get filan nömrəli otağa, bəlkə həmin şəxs düzəldə bildi” deməklə, bir növ sürücülük vəsiqəsi almaq istəyən şəxsi, sanki “hörümçək toru”na salırlar. 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsindəki bu cür yarıtmaz idarəçilik, açıq-aşkar şəkildə insanların “soyulmalarına” səbəb olur, onların hər cür haqsızlıqlarla üz-üzə qalmaları ilə nəticələnir.
Beləliklə, bütün bunlar onu sübut edir ki, hal-hazırda Ağcabədi “Mero”sunda fəaliyyət göstərən şəbəkə insanlara xidmət etməyə deyil, məhz onların hər cür haqsızlıqlarla, hər cür hoqqalarla üz-üzə qalmalarına yollar açır. Düşünürük ki, 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində yaşanan durum DİN-nin rəhbər şəxslərinin diqqətini cəlb edəcək və adı çəkilən bu qurumda vəzifə sahibi olan Aslan müəllimin rüşvətə rəvacverən hərəkətlərinə, məhz hüquqi müstəvidə “hüquqi qiymət”in verilməsinə də səbəb olacaq. Çünki, artıq neçə illərdir ölkə rəhbəri cənab İlham Əliyev cəmiyyətimizi eybəcərləşdirən hər cür amillərə, ələlxüsus rüşvətxorluğa qarşı mübaricə tədbirlərini gücləndirir, 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində vəzifə sahibi olan Aslan müəllim isə, bu yöndə verilmiş tapşırıqları, atılan addımları heç cür saya salmır. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
P.S. Hörmətli oxucular! Yaxın vaxtlarda hər kəsi 6 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində yaşanan biabırçılıqları özündə əks etdirən video-çəkilişlə də tanış etməyə çalışacağıq. Odur ki, bizi izləyin ki, bizdən xəbəriniz olsun.
araz.az xəbər portalı.