1613317233 2

Bugünlərdə Goranboy RİH əməkdaşlarından biri müəyyən təxribatlara əl atmaqla bərabər, milli ayrı-seçkiliyə, regional qarşıdurmaya və s. zəmin yarada biləcək çağırışlar etdi, hətta o, hazırda mərhum Dədə Şəmşirin adından sui-istifadə etməyə də çalışır. Belə ki, həmin şəxs bu gün ölkəmizdə məmurların özbaşınalıqlarından, korrupsiya əməllərindən yazmağı, sanki öz düşüncəsində Aşıq Şəmşir irsinə “dil uzatmaq” kimi dəyərləndirir. Ehtimal etmək olar ki, RİH rəsmisinin dili “altdan yuxarı” çox uzanır ki, o, hər cür iyrənc, hər cür küçə söyüşü sözlərindən istifadə etməyi özünə rəva bilir. O halda ortaya belə bir sual çıxır ki, görəsən Cavid Qurbanovun korrupsiya​ əməllərindən yazmaq, müəyyən faktları ortaya qoymaq, nə vaxtdan Dədə Şəmşirin irsinə söz atmaq kimi başa düşülür? Bu nə məntiqdir, bu nə əxlaqdır? Belə çıxır ki, hərhansı səhvimə görə tənqid olunaramsa, demək tənqidçilər babalarımın​ irsinə “dil uzatmış” olurlar? Məsələlərə bu cür məntiqsiz, heç bir sübut-fakt olmadan yanaşmaq, vallah ən böyük biabırçılıqdır.

Bu gün belə bir addımları atmaq, əslində icra başçısına yarınmaq, yaltaqlanmaq, “dəridən-qabıqdan” çıxmaq üçün bir bəhanədir. Bəli, Dədə Şəmşirin ruhunu narahat etmək, bütövlükdə kəlbəcərlilərə çağırış etmək və belə bir yolla da​ təxribatlara qol qoymağın özü, birbaşa şərəfsizliyi ortaya qoymaqdan başqa bir şey deyil. Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev tərəfindən belə bir əxlaq normalarına sığmayan hərəkətlərin müşahidə olunmasının özü də, heç cür yolverilməz haldır. RİH Aparatındakı şöbələrdən birinin​ müdir müavini, “dil pəhləvanı” olan həmin şəxs əslən Kəlbəcərdəndir və o, öz rəhbərinin “gözünə girmək” üçün, bu gün Dədə Şəmşir irsinə hörmətsizlik etməklə məşğul olur. Düşünmək olar ki, Dədə Şəmşir irsinə vurğun olanlar yaxın vaxtlarda “ayağa durub”, məhz həmin məxluqa heç də səlahiyyət verilmədiyini lazımi səviyyədə “başa salacaqlar”. İndi sual edirəm ki, görəsən Məhərrəm Quliyevin Goranboyda apardığı “quruculuq-abadlıq” işləri bunlardanmı ibarətdir? Bütün bunlar onu sübut etməyə tam əsas verir ki, cənab Prezidentin bu rayondakı səlahiyyətli nümayəndəsi insanları üz-üzə qoymaqla, vəzifəsindən sui-istifadə etməklə yanaşı, hətta ölkə rəhbərinin həyata keçirdiyi siyasi kursa ciddi xələl gətirməklə də məşğul olur.
Vallah ayıbdır, vallah biabırçılıqdır!

 

Şirin CƏFƏRİ,

“Gündəm Xəbər” qəzetinin təsisçisi və Baş redaktoru.

 

araz.az xəbər portalı.