Şadlıq saraylarında bir stolda 5-6 nəfərin əyləşməsi və məsafələrin qorunması üçün daha geniş imkanlar var.
araz.az Bakı.vs-ə istinadən xəbər verir ki, belə olan təqdirdə şadlıq saraylarına qoyulan qadağanın, məhdudiyyətlərin qarşıdakı günlərdə yumşaldılmasına baxılması zərurəti yaranıb.
Mövcud məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov danışıb. O bildirib ki, bu məsələ şadlıq sarayları və onların rəhbərliyi tərəfindən qaydalara nə dərəcədə riayət edilməsinə bağlıdır:
“Bundan başqa, onların üzərində nəzarəti kim təmin edəcək? Bələdiyyələr, sanitar epidemioloji xidmətlər, tibbi qurumlar, yoxsa polis əməkdaşları? Çünki buna nəzarət olmalıdır. Digər tərəfdən şadlıq sarayları və toy məclisləri ilə bağlı problem masalarla bağlı deyil.
Bir çox mütəxəssis toylara icazə verilməməsini daha çox insanların sıx təmasda olması və alkoqollu içkilərdən istifadə nəticəsində qaydaların pozulma ehtimalı, oynamaq, rəqs və s. ilə əlaqələndirir. Misal üçün biz həmişə demişik ki, kontakt idman növləri problemdir. Amma yarışdırsa, hamı yoxlanılır və ora gedə bilərlər. Lakin gündəlik idmanla məşğul olanlar barədə deyə bilmərik ki, o yoluxub, yoxsa yoluxmayıb. Evdə yoluxan şəxs idmana gəlməklə digərlərini də yoluxdura bilər.
Toylarda rəqs qadağan edilsə belə, ən böyük risk nəzarətin nə dərəcə təmin edilə bilməsindədir. Şadlıq saraylarını hər gün gedib yoxlamaq, orada insanları cərimələmək böyük iş tələb edir. Polis əməkdaşları və tibb işçilərinin kifayət qədər işi var. Ona görə bəzən dövlət tərəfindən daha az problem yaradan həll yolu seçilir”.
araz.az xəbər portalı.