Hüquqşünas: “Texniki imkanlar varsa, avtomobili qovmağa heç bir zərurət yoxdur”
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl, gecə saatlarında Bakı-Sumqayıt yolu üzərində yerləşən Abşeron Gənclər Şəhərciyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Dövlət Yol Polisi (DYP) avtomobilinin qovduğu “Qazel” markalı yük avtomobili məhəlləyə daxil olub. Orada sürücü idarəetməni itirib və nəticədə maşın şəhərcik sakinlərinə məxsus avtomobillərə çırpılıb, bir neçə avtomobilə ağır ziyan dəyib.
Əzilən avtomobilin sakinlərinin sözlərinə görə, hadisə ilə bağlı onlara heç bir qurum tərəfindən izahat verilmir. Sakinlərə dəyən zərərin kim tərəfindən qarşılanacağı sualı açıq qalır.
Milli Hüquq Evinin (MHE) rəhbəri, hüquqşünas Nicat Gözəlov AYNA-ya deyib ki, texniki vasitələr olduğu, kamera görüntüləri əldə edilə bildiyi, əməliyyat-axtarış fəaliyyətini normal keçirmək mümkün olduğu halda, inzibati xətaya görə yol polisinin avtomobili qovması qadağandır: “O avtomobil hara getsə də, bir yerdə dayanacaq. Deməli, sürücüyə normal halda xəbərdarlıq etmək lazım idi. Əgər ki, sürücü əmrə tabe olmursa, onu sonradan məsuliyyətə cəlb etmək lazımdır. Yəni, texniki imkanlar varsa, avtomobili qovmağa heç bir zərurət yoxdur”.
“Qanun da deyir ki, polis dövləti, cəmiyyəti və insanları, onların əmlakını cinayətkar qəsdlərdən və digər hüquq pozuntularından qoruyur. Əgər polisdə məlumat olsaydı ki, avtomibil qaçırılıb, maşında cinayətkar və ya silah var, bu, ayrı məsələ. Operativ məlumatın mövcud olmadığı halda, həmin avtomobili yüksək sürətlə və digər hərəkət iştirakçılarına təhlükə yaratmaq üsulu ilə təqib etmək qadağandır. Ona görə də, burada yol polisi “Polis haqqında” Qanunun tələblərini pozub”, – hüquqşünas bildirib.
Gözəlov onu da vurğulayıb ki, burada sürücü də düzgün etməyib: “O, avtomobili saxlamalı, polisin əmrinə tabe olmalı idi. İstənilən halda, həmin polis əməkdaşlarının əməli Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsində araşdırılacaq və əməllərinə hüquqi qiymət veriləcək. Bilirəm ki, həmin polis nəfərləri törətdikləri qanunsuzluğa görə inzibati qaydada cəzalandırılacaqlar”.
Əzilən avtomobillərin sahiblərinin zərərinin ödənilməsi məsələsinə gəldikdə isə, hüquqşünas qeyd edib ki, həmin vətəndaşlar tez zamanda ərazidəki kamera görüntülərini əldə etməlidirlər: “Məsələ burasındadır ki, ziyanı hadisəni törədən şəxs qarşılamalıdır. Onun avtomobilinin sığortası varsa, sığorta şirkəti ziyanı 5000 manatadək miqdarda ödəməlidir, qalanı isə sürücünün üzərinə düşür. Ümumiyyətlə isə, zərərçəkmişlər müraciət etsinlər ki, bu avtomobil qovulduğuna görə qəza törədilib. Əllərində qovulma ilə bağlı videogörüntülər olarsa, o zaman həmin faktlar əsasında Nazirliyə müraciət edə bilərlər. Bu halda ziyan ödənilməsi asanlaşa bilər”.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) isə AYNA-ya bildirilib ki, istər qəza törədən sürücü olsun, istər zərər çəkən şəxslər şikayətlərini İdarəyə etsinlər: “Nazirliyə, BDYPİ-yə aidiyyəti üzrə elektron və ya əyani şəkildə şikayət təqdim edilsin. Məsələ aidiyyəti üzrə araşdırılacaq, qanuna müvafiq tədbirlər görüləcək”.
araz.az xəbər portalı.