Alqis-m-28-03-2018.jpg

Alqış Həsənoğlu (Musayev)

Mən onları mühacir adlandırmazdım.

Mühacirlik tarixi –siyasi əsasları, mənəvi-əxlaqı yükü və bəlli məsuliyyəti olan bir anlayışdır.

Rus dilində “adioz” sözü var. Bizim dilimizdə “eldən xaric” , “eldən dışarı” mənasını verir…

Bizdən nə istəyirlər, bizi niyə söyürlər? İstəkləri yalnız söyməkmi?

Nədən söyüşə bu dərəcədə təşnədirlər?

Dövlətimizə, ölkə rəhbərliyinə, həm də hər birimizin ünvanına göndərilən maskalı və maskasız həqarətin bədəli necə olmalı?…

Söyüşlərə təhqirlərə reaksiya verilməlidir, yoxsa yox…

Azərbaycan dövləti və cəmiyyəti canlı bir orqanizmdir.

Əlbəttə, ətrafımızda baş verənlərə laqeyd qalmamız mümkünsüz…

Nə və necə cavab verəsən? Axı o çıxışların, necə deyərlər, bir cavablıq canı yoxdur.

Ortaya heç bir ciddi sual qoyulmur, problematik məsələ qaldırılmır.

Ancaq ritorika: asacağıq, kəsəcəyik, yandıracağıq.

Və anlaşılan odur ki, iqtidar sahiblərindən məntiq və cavab əvəzinə, qarşılıq olaraq eyni ritorikanı umurlar. Yəni ,gəlin söyüşək.

Niyə?…

İlk baxışda düşünürsən ki, mənəvi-psixoloji durumu yerində, yatağında olan heç kəs belə şeylər danışmaz.

Bu, sadəcə, nevroloji və sterik tutmalardır… 

Yox!..

O adamlar əsla dəli və xəstə deyillər və onların diaqnozunu həkimlər yox, məhz elə siyasətçilər və siyasi texnoloqlar müəyyən etməlidir…
Prezident köməkçisinin timsalındakı siyasi müdaxilə yerində və təqdirəlayiqdir.

Ümumiyyətlə, Əli müəllimin açıqlamaları həmişə korrekt və mükəmməl olub…

Bu heç də adi mənəviyyat böhranı deyil.

Mövzu ədəb-ərkan çərçivəsindən çox-çox kənara çıxır.

Düzdür , əxlaqsızlıq, tərbiyəsizlik nümayiş etdirilir. Özü də çox iyrənc.

Söyüşlər, təhqirlər idarə olunur və bir neçə , özü də çox məkrli məqsədlərə xidmət edir.

Məşhur, sınaqdan çıxmış bir məsəl var: rəqibin güclüdürsə sən onu oyun üslubunu, döyüş tərzini dəyişməyə vadar etməlisən.

Nəyin bahasına olursa olsun…

Məcbur etməlisən ki, o səninlə öz silahı ilə yox sənin silahınla vuruşsun.

Təbii ki, söyüş iqtidarın silahı ola bilməz.

Bir anlığa düşünək ki, iqtidar komandasında hamı, üstəlik seçki prosesində, elliklə söyüşlərə cavab verir və söyür.

Nəticəni təsəvvür edin, necə bir mənzərə yaranar…

Nümunələr yetərincədir.

Müxalifətlə onun silahıyla döyüşən iqtidar müvazinətini saxlaya bilmir.

Xarizmatik və təcrübəli bir dövlət adamı olan Hüsnü Mübarəkin səhvi onun sonunu tezləşdirdi.

O, müxalifətin nümayişinə nümayişlə cavab vermək kimi uğursuz bir taktika seçdi və…

Həqarətin səmtinə baxın:

Adı xalqımızın nəzərində və qəlbində vətən qədər müqəddəsləşmiş Heydər Əliyev.

İctimai düşüncədə Heydər Əliyevin canlı assosiasiyası kimi qavranılan azərbaycan prezidenti və onun yaxınları.

Heydər Əliyev azərbaycanın ali avtoritetidir, ali etik instansiyasıdır .

Niyyət aydındır: Heydər Əliyevin ictimai fikirdəki əzəmətli obrazını qaralamaq , dövlətçiliyi öz siyasi gücündən, istinadgah mənbəyindən məhrum etmək.

Heydər Əliyevə qarşı basqılar həmişə olub.

Tarixi yazan və yaradan kimlərə qarşı hücum olmayıb ki?

Bir gün Mustafa Kamal Atatürk İsmət İnönüdən soruşur ki, camaatımız nə düşünür, hansısa məlumatınız varmı?

İsmət İnönü cavab verir ki, Paşam barənizdə bir para dedi-qodu gəzişir .

Mustafa Kamalın gözləri yol çəkir. Bir-xeyli fikrə gedəndən sonra deyir: “Ailə qurmadım. Həyatımı, ömrümü millətimə həsr etdim. Onun üçün yaşadım.

Döyüşdüm .Cümhuriyyət yaratdım. Ta bundan artıq mən nə etməliyəm ki, barəmdə ancaq yaxşı şeylər danışsınlar?”

Mustafa Kamal haqlıydı….

Təbii ki Atatürk demokrat deyildi. Hakimiyyəti dövründə demokratik seçki keçirmədi.

Amma demokratik bir irs qoydu.

Gerçəklikdir ki, klassik dövlətlərin hamısını diktatorlar qurub.

Danışmaq, yazmaq, bəyan etmək “demokrat”ların məşğuliyyətidir.

Amerika Birləşmiş Ştatlarının istiqlal bəyannaməsini Cefferson yazmışdı.

Amerikalılar onu yox, daha qətiyyətli və mübariz Corç Vaşinqtonu özlərinin 1- ci prezidenti seçdilər.

Müstəqilliyi bəyan etməklə, hakimiyyət qurmaq, dövləti yönəltmək fərqli-fərqli işlərdir.

Heydər Əliyevə qarşı təxribatların mayası və qayəsi bir qayda olaraq həmişə erməni millətçilərin gəlib. Gizli və açıq.

Onu sıradan çıxarmaq istəyiblər.

Qorbaçovun anti-Əliyev kampaniyası Heydər Əliyevin fiziki məhvinə hesablanmışdı.

Baş tutmadı…

Onu vətənindən xalqında təcrid etmək istəyiblər. Əks effekt alınıb. Onun hakimiyyətə qayıdışını sürətləndiriblər…

Onun tarixi missiyasını qayçılamağa cəhd ediblər.

1918-20-ci illərin materialları üzərində mif uydurub Heydər Əliyevin siyasi boyuna və çəkisinə kölgə salmağa çalışıblar. Alınmayıb.

İrəvanın ermənilərə güzəşt edildiyi bir dönəmin mifoloji obrazını yaratmaq çətin məsələdir.

Yeri gəlmişkən ,torpaqlarımızı güzəştə getmək ənənəsi Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə durdurulub.

İndi 1993-94 cü illərdə işğal edilmiş ərazilərdən danışılır.

Həmin rayonları Heydər Əliyevin ayağına deyil, Azərbaycanı quru yerdə Heydər Əliyevə təhvil vermiş siyasi rəhbərliyin birbaşa alnına yazmaq lazımdır.

Başqa fəndlərə əl atılıb.

Onun çevrəsini zərərsizləşdirməyə və mənimsəməyə girişiblər.

Onun ideoloji əqidədaşlarını təqib ediblər.

Çünki tarixi şəxsiyyətlərin tarixdəki yeri həm də onun çevrəsindən asılıdır.

Düşmən bilir ki, gücün və pulun yanında dayanalar gərəkən zamanda mətanət və dirəniş göstərməyəcəklər.

Hansısa “X “gününə ümid bağlayıblar.

Gözləntilər doğrulmayıb…

Onun qurduğu idarəçilik mexanizmi özünü təsdiqləyir və təkmilləşir.

Zaman Heydər Əliyevin ən sadiq müttəfiqi olaraq qalır.

Bir hadisəni xatırlayıram.

2001-cil, Strasburq şəhərində idim.

Nahar etmək üçün gəldiyimiz kafenin sahibi ilə tanış oluruq.

Məlum olur ki, babası Atatürk zamanında Türkiyəni tərk edib. Türklərdən, tarixdən danışırıq.

Atatürkdən söz düşərkən aqressivləşib sifətini turşudur:
-……
Niyə, – deyə, heyrətlə soruşuram: -Nə pisliyi keçib ki?

– Elə bir sistem yapıb ki, indən belə laxlatmaq müşküldür.

“Pislik”ə bax ha!

Heydər Əliyev anti-azərbaycan, anti-türk dairələri üçün elə bir “pis”lik edib ki…

Eynən Atatürk kimi.

İndən belə söyüşlə, təhqirlə o “pis”liyin hayıfını çıxmaq çox gecdir…

araz.az xəbər portalı.