r-300x196.png

Zəngilan rayonu, Müşlan kənd sakini Abbasov Xaliq Nərman oğlu “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədovu Cinayət Məcəlləsinin 147.2. (böhtan) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirməklə məsuliyyətə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir.

Xatırladaq ki, “Qrand Garden” və “Şurataz” LTD MMC-lərin rəhbəri Abbasov Xaliq Nərman oğlu “Kredit müqaviləsi” üzrə tələbi yerinə yetirmədiyinə görə əmlaklarının üzərinə həbs qoyulması tələbi ilə “Bank VTB” (Azərbaycan) ASC tərəfindən cavabdeh qismində məhkəməyə cəlb olunmasını və onun barəsində digər məlumatları Qafqaznews.az saytı dərc etmişdi.

Xaliq Abbasov ilk əvvəl Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmişdir. Lakin həmin məhkəmə aidiyyəti üzrə davam etdirilməsi üçün işi Xətai Rayon Məhkəməsinə göndərmişdir.

28 mart 2018-ci il tarixdə Xətai rayon Məhkəməsinin binasında hakim Bəxtiyar Məmmədovun sədrlik etdiyi məhkəmə prosesində xüsusi ittiham qaydasında şikayət etmiş Xaliq Abbasovun vəkili Şahin Rəfiyev və barəsində şikayət olunan Araz Məmmədovun özü və onun hüquqlarını müdafiə etmək üçün hakim tərəfindən təyin edilmiş – Vəkillər Kollegiyasının üzvü Hüseynov Məhərrəməli Şaban oğlu iştirak edirdilər.

Xüsusi ittiham qaydasında şikayət etmiş Xaliq Abbasovun vəkili Şahin Rəfiyev çıxışında bildirdi ki, hüquqlarını müdafiə etiyi Xaliq Abbasovun külli miqdarda pul məbləğini hesabatdan gizlətməklə vergidən yayınması və Ukraynada yaşayan erməni əsilli tanışı İrina Kasalap adlı qadını Bakıya qonaq gətirməsi barədə “Qafqaz Xəbər Agentliyi” saytlarda yazılar dərc etmişdir.

Bu məlumatlar həqiqətə uyğun olmayan, yalan olduğu üçün böhtan cinayəti sayılır və bu səbəbə Araz Məmmədovun cinayət məsuliyyətinə cəlb olunmasını Məhkəmədən xahiş etmişdir.

Baş direktor Araz Məmmədov çıxışında rəhbəri olduğu agentliyin fəaliyyətində “KİV haqqında” Qanunun tələblərini pozmadığını bildirərək, dərc olunmuş hər bir yazının mənbəsinin olduğunu şikayətçinin vəkilinin nəzərinə çatdırmışdır. Onun hüquqlarını müdafiə edən vəkil Məhərrəməli Hüseynov isə ittihamın əsassız olduğu üçün xüsusi ittiham qaydasında icraatdan imtina edilməsini hakimdən xahiş etmişdir.

Sonda Hakim Bəxtiyar Məmmədov şikayətçinin təqdim etdiyi sənədlərdə baş direktor Araz Məmmədovu təqsirləndirmək üçün sübutların olmadığını nəzərə alaraq xüsusi ittiham qaydasında icraatdan imtina edilməsi barədə qərar qəbul etmişdir.

Bundan əlavə, xüsusi ittiham qaydasında şikayətçi Xaliq Abbasovun vəkili Şahin Rəfiyev məhkəməyə müraciət etdiyi şikayət ərizəsində göstərdiyi yazılar 2 il öncə – 2016-cı ildə Qafqaznews.az saytında dərc olunmuşdu.

Məntiqli olaraq sual yaranır ki, mətbuatda ona “böhtan atılmasını” Xaliq Abbasov yəni bu günə qədər görməmişdi? Və onu birdən-birə nə vadar etmişdir ki, öz vəkili Şahin Rəfiyevi əsassız və tutarsız dəlillərlə mətbuata hücum etməyə sövq etmişdir?

Sonda isə qeyd etmək istərdik ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu barəsində apardığımız araşdırma nəticəsində məlum oldu ki, 2005-2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Nəzarət şöbəsinin rəisi, 2006-2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin rəisi, 2008-2013-cü illərdə Ordubad rayon Məhkəməsinin hakimi, 2013-cü ildən hal-hazıra kimi isə Xətai rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır.

Qafqaz Xəbər Agentliyi”nin kollektivi adından hakim Bəxtiyar Məmmədova obyektiv və ədalətli qərar qəbul etdiyi üçün öz minnətdarlığımızı bildirir və ona peşə fəaliyyətində uğurlar qazanmaqla bərabər, daha da yüksək vəzifələrə irəliləməsini arzu edirik!

Tamerlan Zeynallı

“Qafqaz Xəbər” qəzeti

araz.az xəbər portalı.