e7e606788e37e1f0ff84e24a41ec042e

 
 
Adəm Məmmədov: “Generalın qətlinin ardınca onun qohumlarını, qardaşını

da işlərindən azad ediblər”
 
İlham İsmayıl“Günah və şübhələr o dövrdə  Müdafiə naziri olan Səfər Əbiyevin üstündə də qala bilər”
 
Ərəstun Oruclu: “R.Rzayevin qətli Azərbaycanın müdafiə sahəsində xarici siyasət vektorunun dəyişməsi ilə bağlı idi” 
 
Fevral ayının 11-də Müdafiə  nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlindən 12 il ötdü. Lakin bu müddət ərzində nə generalın qatili, nə də sifarişçiləri tapılıb. Məlumat üçün qeyd edək ki, Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərib. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi kimi çalışıb.
R.Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin olunub.  General 2009-cu ilin 11 fevralında evinin önündə, Bakı şəhəri, İsmayıl Bəy Qurtqaşınlı küçəsi 125, 172 nömrəli məktəbin yaxınlığında öz maşınında başından vurularaq qətlə yetirilib. R. Rzayev elə həmin gün torpağa tapşırılıb. Hətta onun ölümündən sonra özünə əvvəlcədən qəbir yeri aldığı şaiyələri yayılıb. Generalın məzarının öncədən hazır olduğu söylənilib.  Məşum hadisədən bir müddət sonra sabiq Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında R.Rzayevin qətlinin ardınca onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z.Qaralov onların həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını deyib.   
     
 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. (Aydın Rəfiyev 2016-cı ildə vaxtından əvvəl azadlığa buraxılıb).           
   Zakir Qaralov generalın qətlinin araşdırılmasında xarici ekspertlərin də iştirak edəcəyini açıqlayıb.                                                                                   Baxmayaraq ki, müəmmalı qətl hadisəsindən 12 il ötüb, lakin sirr pərdəsi çəkilməyib. O gündən indiyə qədər dolaşan bir neçə versiya var. Bunları o vaxt mətbuata müsahibəsində sabiq MTN şefi Eldar Mahmudov sadalayıb və generalın qətli ilə bağlı araşdırmaların 4 istiqamətdə getdiyini söyləyib. 
Yazıda qeyd edilib ki, birinci versiyada Rail Rzayevin tikinti sektoru ilə bağlı öldürüldüyü düşünülürdü. Deyilirdi ki, mərhumun tikinti sektorundakı fəaliyyətinin bu sahəni monopoliyaya alan qüvvənin planları üst-üstə düşməyib. Rzayevin şimal qonşumuzun geosiyasi planlarının qurbanı olduğunu iddia edənlər də var idi. Bir də qətlindən qısa müddət sonra generalın ailə münaqişəsi zəminində öldürüldüyü söylənildi:     
                                                                                                             
 “İstintaqın generalın ikinci həyat yoldaşının yaxını tərəfindən öldürülməsi versiyasını əsas götürməsi ilə bağlı xəbərlər gəldi. Orada deyilirdi ki, Rzayevin iki ailəsi olub. Birinci ailəsini ölümündən xeyli əvvəl İsrailə göndərib. Özü də ora getmək fikrində imiş. Hətta qətlindən sonra istintaqçılar Rzayevin iş yerində sənədləri yoxlayarkən onun adına rəsmiləşdirilmiş İsrailə aviabilet də tapıb. Biletin üzərindəki tarix fevralın 12-sini göstərib. Digər versiya isə generalın hakimiyyətdə təmsil olunan generallarla mübahisəsinin nəticəsində aradan götürülməsidir. Şərti olaraq sonuncu versiya isə Rzayevin silah alveri ilə bağlı öldürülməsi idi. Bu versiyaya görə, silah alverindən əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə Rzayevdən soracaqlarmış. Bu alverdə “əli” olanlar generalı aradan götürüb özlərini sorğu-sualdan yayındıra bilərdi”.          
                                                                                                                                                         
Qətlin araşdırmasında bir maraqlı məqam da diqqət çəkib. Demə generalın güllələndiyi ərazi elə Eldar Mahmudovun evinin yaxınlığında imiş. Hər tərəfdən kameralarla əhatə olunan bir ərazidə nazir müavininin öldürülməsi və qatilin tapılmaması da maraq doğurur. O vaxt xəbər yayılıb ki, R.Rzayev qətlindən bir həftə əvvəl izlənildiyini bilib, rəhbəri Səfər Əbiyevə raportla məlumat verib, tədbir görülməsini istəyib. Həmçinin o, MTN-ni də məlumatlandırıb. Sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkov da “ Röyters”ə Rzayevin qətlinin bir həftə öncəsindən izlənildiyini bildiklərini söyləyib. 
   
   
   Generalın sirr dolu qətli ilə bağlı “Sherg.az”a danışan hüquqşünas, vəkil Adəm Məmmədov məsələni belə şərh edib:       

 
 “Adətən belə hadisələrdə Baş prokuror və MTN naziri olay yerinə baxış zamanı birbaşa iştirak edirlər. Onların iştirak etməməsi də maraq doğurur. Hətta sonra oxudum ki, generalın qətlinin ardınca onun qohumlarını, qardaşını da işlərindən azad ediblər. Görmüşük ki, ölmüş insanın yaxınlarına hörmətlə yanaşarlar. Bu işdə əksinədir. Onun yaxınları, qohumları təqiblərə məruz qaldılar. Hələ bunu araşdırmaq lazımdır. Niyə? Səbəb nə idi?İndi onları təqib edənlər yaşayırlar, sağ-salamatdırlar. Soruşulmalıdır ki, niyə etdiniz? Sifarişini kim vermişdi? Bu gün 2 saat bəsdir ki, Dövlət Təhlükəsizlik Xidməti təqsirkar şəxsləri, qətlin sifarişçilərini müəyyənləşdirsin”. 
                         
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl qatilin və  sifarişçilərin professional işlədiyini söyləyib:
 
“Bu günə qədər sirr pərdəsinin açılmama səbəbi isə istintaq tədbirlərinin zəif və ya heç aparılmamasıdır. Gündüz vaxtı bir generalın qətl edilməsinin belə gizli qalması mümkün deyil. Zənnimcə  önəm verilmir. Rail Rzayevin dəfn mərasimindən də məsələyə ciddi yanaşılmadığı məlum idi. İstintaq tədbirləri aparılsa, qətlin sifarişçilərini də, qatili də tapmaq mümkündür. Burda çox fərziyyələr irəli sürmək olar. Görünür müəyyən səlahiyyətlərə malik şəxslərin rolu var və onlar imkan vermirlər. Amma onların kimliyindən asılı olmayaraq, qətlin səbəbləri və sifarişçiləri tapılmaldır. Bu dövlətin də xeyrinə olacaq. Əks halda kölgələr, şübhələr dövlətin səlahiyyətli şəxslərinin üzərinə atılar. Məsələn, o dövrdə  Müdafiə naziri Səfər Əbiyev idi. Elə onun üstündə də qala bilər. Müdafiə nazirliyi ən çox maliyyə vəsaiti ayrılan sahələrdən biridir. Bəlkə, burda pul məsələsi olub. Bütün bunları araşdırmaq üçün xüsusi maraq göstərilmir. Beləliklə, bir sıra şübhələr yaranır. Ona görə Baş və ya Hərbi prokurorluq istintaq işlərini davam etdirməli, ictimaiyyəti də məlumatlandırmalıdır. Dolğun informasiya olmadıqca şübhələr qalacaqdır”.
Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu isə 2017-ci ildə bu məsələdən yazdığını və yazının effekt doğurduğunu deyib:
 
 Bir sıra kütləvi informasiya vasitələrində məqaləmə kölgə salmaq üçün ortaya uydurma versiya atdılar. Guya kimsə R.Rzayevin qətlini boynuna alıb və hadisə hansısa məişət zəminində baş verib. Təbii ki, bu şayiə sonra öz təsdiqini tapmadı. Azərbaycanın müstəqillik dövründə R.Rzayevin ölümü ən müəammalı qətllərdən biridir. Kənardan düşünürsən ki, ölkənin Hərbi Hava Qüvvələrinin komandanı, Müdafiə Nazirinin müavini, general-leytenant qətlə yetirilir. Araşdırmalarım göstərdi ki, R.Rzayevin qətli Azərbaycanın müdafiə sahəsində xarici siyasət vektorunun dəyişməsi ilə bağlı idi. Yəni Azərbaycan  bir müddət Rusiyadan uzaqlaşaraq İsraillə hərbi əməkdaşlıq qurmağa başladı. Rusiya ilə iş birliyinin miqyası xeyli məhdudlaşdı. Çünki Rusiya Azərbaycana çatdırılan silahların qarşılığını bir müttəfiqi, Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü kimi Ermənistana pay verirdi. Əlbəttə bu, Azərbaycanı qane edə bilməzdi. Azərbaycan daha müasir silahlar almaq üçün İsraillə iş birliyinə getdi. Biz də həm Türkiyə, həm də İsraillə əməkdaşlığın müsbət nəticələrini 2020-ci ildə gördük. Rusiya bunun qarşısını  almaq üçün Azərbaycandakı şəbəkəsi, dövlət və hakimiyyət orqanlarındakı adamları vasitəsilə Rail Rzayevi qətlə yetirdi.  Onun öldürülməsi  Azərbaycan müdafiə və təhlükəsizlik siyasətinin dəyişməsinə Rusiyanın reaksiyası idi. Bu məsələ siyasidir, Rusiyada qıcıq, sərt reaksiya yarada bilər. Eyni zamanda qətlin araşdırılmaması, qatilin üzə çıxarılmaması belə cinayətlərin davamına gətirib çıxarır. İndi də  Azərbaycan ordusuna qarşı cinayətləri, saxta ittihamları görürük. Bunlar bir zəncirdir, R.Rzayevin qətli də bura daxildir. Məqsəd isə Azərbaycanın müdafiəsini zəiflətmək, Rusiyadan asılı vəziyyətdə,onun  təsir dairəsində saxlamaqdır. Ölkəmizin başqa potensial tərəfdaşları ilə əməkdaşlığına imkan verməməkdir. Düşünürəm ki, bu qətl hələ açılmayacaq. Azərbycanda birmənalı şəkildə anti-Rusiya siyasəti yürüdülsə, ortaya çıxar. İradə və qətiyyət tələb edir, indi isə çətin məsələdir. Azərbaycanda R.Rzayevin ölümündən sonra xarici əməkdaşlıq vektorunun Rusiyanın xeyrinə dəyişməsi qətlin səbəbinin dediyim kimi olduğunu sübut etdi”.

araz.az xəbər portalı.