Rusiya Azərbaycan üçün, bundan sonra daha nələr hazırlayıb?
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşovun araz.az-a söylədikləri, daha doğrusu, onun Qarabağda qondarma rejim rəhbəri tərəfindən rus dilinin rəsmi dil elan edilməsinə münasibəti, həm də bu sualın cavabı oldu. Hüquqşünas bu ciddi məsələyə münasibət bildirərkən fikrini belə izah etdi: “Bu, bir çox qaranlıq mətləblərin üstünü açır, ancaq, biz, hələ də arzularımızı reallıq kimi görməkdə davam edirik.Müzakirə etdiyimiz bu ciddi məsələ nə Ermənistanla, nə də o Araiklə bağlı iş deyil. Təbii ki, Rusiyanın, öz məsuliyyət zonasında razılığı olmadan Araikin belə bir addımı mümkünsüzdür və bu yöndə baş verənlər təxribat sayılmamalıdır.Qarabağda rus dili ilə bağlı şahidi olduğumuz proses, ümumən götürdükdə, Rusiya dövlət siyasətinin tərkib elementi kimi, ən sərfəli və uzun müddətli perspektivə hesablanmış siyasi hədəfli yeni mərhələdir. Hansı ki, Rusiya bu məlum “dil” kartından Qarabağda da istifadə etmək niyyətindədir. Əlavə olaraq yadımıza salaq ki, Rusiya postsovet ölkələri ərazisində siyasi məqsədləri üçün, ən əlverişli vasitə kimi, məhz, “rus dilli əhalinin müdafiəsi” adı altında faktiki işğalçılıq siyasətini gerçəkləşdirdi. Rusiya Moldovanın Dnestryanı əyalətinə, Gürcüstanın Abxaziya və Osetiyasına, Ukraynanın Krımına və Donbasına ordu yeritməsi də, elə, rus dilli əhalinin müdafiəsi adı altında baş tutub”. Hüquqşünas deyir ki, Azərbaycanın, işğal altındakı əzəli və əbədi Qarabağ torpaqlarında apardığı 44 günlük şanlı Vətən Müharibəsindən öncə, Rusiyanın rus dilindən bir siyasi vasitə olaraq istifadəsi mümkünsüz idi: “Baxmayaraq ki, məhz, Rusiya Qarabağı erməni sifəti ilə 90-cı illərdə işğal etmişdi. Ancaq, indi, 44 günlük Vətən Müharibəsindən sonra, Qarabağda 90-cı illərdən tam fərli bir situasiya yaranıb. Açıq-aydın görünür ki, belə bir şəraitdə və strateji baxımdan da, Rusiyanın Qarabağda daimi mövcudluğu ancaq rus dilli əhalinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmini adı ilə mümkündür. Artıq məlumdur ki, Rusiya bundan sonra Qarabağda ermənilərə rus vətəndaşlığı verməyi planlaşdırır. Görünən odur ki, baş verənlərə qədər narahatçılıqlarımız tam əsaslı imiş və Rusiya daha təhlükəli bir prosesə start verdi. Növbəti mərhələdə isə, təbii ki, yerli erməni əhalisinə rus dilinin kütləvi öyrədilməsi üçün, rus dili tədris müəssisələri yaradılacaq.
Ümumiyyətlə, tarix də sübut edir ki, Rusiya dövləti öz siyasi məqsədləri naminə hər bir mümkün əxlaqi, qeyri-əxlaqi, mədəni, qeyri-mədəni variantlardan, hətta iqtisadi və sosial yönlu, ən çox isə, elmlə, dinlə, dillə və ədəbiyyatla bağlı vasitələrdən geniş istifadə edib. Rus dövlətinin siyasi məqsədləri üçün, öz qadınlarından belə istifadə etməsi də, artıq, dünya miqyasında qəbul edilmiş danılmaz bir faktdır. Bu baxımdan, rusların Qarabağda rus dilindən siyasi hədəfləri üçün istifadə edəcəyi tam aydın, başa düşülən, ən əsası isə, şübhəsizdir. Hələ 2019-cu ildə, ölkə mətbuatında dərc edilmiş və geniş yayımlanmış bir məqaləmdə də, rus dilinin Azərbaycan xalqı və dövləti üçün təhlükə mənbəyi olması barədə yazmışdım. Göründüyü kimi, onda belə, heç də yanılmamışdım.
Ancaq o vaxtın və zamanın gələcəyinə tam əminəm ki, biz də, bir dövlət və millət olaraq, yolumuzdan dönməyəcək, məqsəd və hədəflərimizə addım-adım da olsa yaxınlaşcayıq, necə ki, yaxınlaşırıq. Sadəcə, bir həqiqət var: Bütün tarix boyu Rusiya Azərbaycanın bir nömrəli problemi və baş ağrısı olub, olaraq da qalmaqda davam edir. Başımız üstündəkiBöyük Allahımız dövlətimizi və xalqımızı rus bəlasından qorusun!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.