Sabiq polis zabiti müstəntiqi ciddi ittiham edir, lakin…

WhatsApp Image 2018-03-28 at 23.50.07.jpegAraz.az saytı, öz yazılarında dəfələrlə qeyd edib ki, Azərbaycan polisinin imicinə illər öncə dəyən zərbələr artıq aradan qalxıb. Vətəndaşın güvənc yerinə çevrilən Daxili İşlər Nazirliyinin bu gün respublikada sabitliyin qorunmasında, xalqı narahat edən problemlərin aradan qaldırılmasında əvəzsiz rolu var. Bu dövlət qurumunun hərtərəfli inkişafı, qazandığı yeni-yeni nailiyyətləri göz önündədir. Gündən-günə müasirləşərək, daha operativ fəaliyyət göstərən, illərdir MDB məkanında öz öncül yerini qoruyub, saxlayan Azərbaycan polisi, inkişaf etmiş dünya dövlətlərinin polis sistemi ilə hər mənada ayaqlaşır.

Bu gün həmin dövlətlərin daxili işlər orqanlarının Azərbaycan polisi ilə əməkdaşlıq etməsi də sevindirici haldır. Təbii ki, ölkə rəhbərliyinin bu sistemə hədsiz diqqət və qayğısı bütün bunlara əsaslı zəmin yaradıb. Qanun keşikçilərinin sərəncamına verilən gözoxşayan, yüksək şəraitli iş və yaşayış binaları, ən müasir texniki vasitələr, avtomobillər, onların sosial müdafiəsinin gücləndirilməsi üçün məvaciblərinin bir neçə dəfə artırılması və sairə amillər bu sahədə daha da vicdanlı işləməyə stimul verir. Daxili İşlər Nazirliyinə göstərilən qayğıya, diqqətə, dəstəyə görə, effektiv, səmərəli fəaliyyətinin daha da gücləndirilməsi üçün, ən müxtəlif addımlar atan peşəkar polis naziri general-polkovnik Ramil Usubov da, hər dəfə, ölkə polisi adından möhtərəm Prezident İlham Əliyev cənablarına öz dərin təşşəkürünü bildirir. Təəssüf ki, cənab nazirin şəxsi nəzarəti, hədsiz tələbkarlığı və diqqəti sayəsində, son illər digər hüquq-mühafizə orqanları ilə müqayisədə, haqqında ən az şikayət edilən, insanların problemlərinə daha operativ yanaşan, onların şikayətlərinə dərhal reaksiya verən bir sistemə çevrilən polis orqanında da, peşəkarlığı zəif olanlar, öz mənafelərini qanundan, dövlət maraqlarından üstün tutanlar da var. Bu səbəbdən rast gəlinən müəyyən iradlara da cənab nazir səviyyəsində dərhal reaksiya verilir və belələri haqqında məlumat daxil olan kimi, onların cəzalandırılmasının şahidi oluruq. Bu hallar, bütövlükdə polisə başucalığı gətirmir və Ramil Usubovun apardığı uğurlu kadr siyasətinə, illərdir çəkdiyi əziyyətə kölgə salmağa cəhd kimi qiymətləndirilir. Belə neqativ hərəkətlər edən, polis adına ləkə gətirənlərdən biri də, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Abdulla Əliyevdir. Redaksiyamıza daxil olan bir şikayət məktubu da, onun polis adına ləkə gətirən qanunsuz əməlləri barədədir. Onun polis kimi ürəkaçmayan əməlləri də, 25 il daxili işlər orqanlarında şərəflə işləmiş, bu gün təqaüddə olan bir polis zabitinin ölkə başçısından tutmuş, müxtəlif dövlət qurumlarına ünvanladığı şikayət xarakterli bir məktubunda, eləcə də, prokurorluq və polis orqanlarından onun şikayətlərinə verilən cavab məktublarında öz əksini tapıb. Bir sözlə, onun etdiyi qanunsuzluqlar göz önündədir. Bunun əvəzində isə, dələduzluq işinə dəxli olmayan bir cavan türmə həyatının ağrı-acısı, əzab-əziyyəti ilə üzləşib. Baxmayaraq ki, külli miqdarda biznes gəlirini əlində saxlamaq üçün, fırıldaq üsullarla onu həbs etdirməyə nail olan şəxsin dələduzluq əməllərini açıqcasına ifşa edən dəlil-sübutlar olub. Lakin həqiqəti hansısa maraqlarına qurban verən bu faktları, dəlil-sübutları nəzərə almayıb. Hələ bu harasıdır; Məsələ ondadır ki… Belə hesab etmişik ki, araz.az saytına ünvanlanmış həmin sənədləri nöqtəsinə, vergülünə toxunmadan ictimaiyyətin diqqətinə çatdırmaq daha effektli olardı. Araz.az saytı olaraq, biz isə, müstəntiqin bu qanunazidd əməllərinə hüquqi, qanuni qiymət verilənədək, eləcə də əsl dələduz cəzasını alanadək mövzunu gündəmdə saxlayacağıq – bizi izləyin!

[bt_youtube url=”https://youtu.be/RhNZzOdxYQQ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının XDMX-nin rəisi cənab Vaqif Axundova
Surəti: Azərbaycan Respublikasının XDMX-nin rəis müavini cənab Bəylər Əyyubova

Şikayətçi:
Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski küçəsi ev 54 A,
mənzil 55-də yaşayan Alıyev Mahmud Əvəz oğlu tərəfindən

Tel: 051 538-08-18

Ə R İ ZƏ

Hörmətli Cənab Przident!
Bu gün Azərbaycan ictimai siyasi sabitlik və inkişaf baxımından dünya miqyasında ən qabaqcıl dövlətlərdəndir. Bu müvəffəqiyyət göstəricisi şübhəsiz Ulu öndərimiz Ümummilli Lider Heydər Əliyevin zəkasının müdrikliyinin gücü, polad iradəsi, qətiyyəti, yüksək idarəçilik bacarığı və uğurlu siyasətinin əzəmətli tərənnümüdür. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gələn Millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən cənab İlham Əliyev Ulu Öndərimizin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini dacam etdirir.
Mən polis adına və şərəfinə hörmət edən keçmiş polis zabiti olaraq, Ulu Öndərimizin rəhbərliyi altında polis orqanlarında işləmiş, şərəfli bir polis zabiti kimi fəaliyyət göstərmiş vətənimizə, xalqımıza, prezidentimizə layiqli xidmət göstərmişəm. Mən Alıyev Mahmud Əvəz oğlu 12 il Rusiyanın Lelinqrad şəhərində, 25 il DİO-da Azərbaycanın müxtəlif bölgələrində şərəflə fəaliyyət göstərmiş və 2006-cı ilin noyabr ayında qanunu əsaslarla pensiyaya çıxmış ehtiyatda olan polis mayoruyam. Qarabağ müharibəsində iştirak etmiş, 1993-cü ildə Kəlbəcərdə, Xocalıda döyüşlərdə vuruşmuş, Kəlbəcər rayonun mənfur ermənilər tərəfindən işğal edilən zaman vətəndaşlarımızın vertalyotlarla ordan çıxarılmasına yaxından iştirak etmişəm. Qarabağ müharibəsi veteranıyam. Mən 37 ildən artıq müddətdə DİO-da qüsursuz xidmət aparıb, heç bir tənbeh tədbiri verilməyib, dəfələrlə xidmətlərimə görə mükafatlandırılmışam. Milis əlaçısı döş nişanı iki dəfə xüsusi xidmətə görə medal, fəxri fərman və təşəkkürnamələrlə təltif olunmuşam. Bu peşəni sevərək və məsuliyyətini dərk edərək DİO-da xalqımıza, vətənimizə, prezidentimizə şərəflə xidmət göstərmişəm.
Hörmətli Cənab Prezident!
08 dekabr 2014-cü il tarixində Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Abdulla Əliyev ilkin heç bir araşdırma və təhqiqat aparılmadan ərazi aidiyyatı Yasamal rayonuna aid olmayan, vətəndaş Təhməzov Fəqani Valeh oğlunun, heç bir fakta əsaslanmayan ərizəsinə əsasən oğlumun təqsirinin olmadığını bilə-bilə barəsində cinayət işi başlamış və oğlumu cinayət məsuliyyətinə cəlb edərək söz verdiyi missiyanı uğurla başa çatdırmışdır. Həbsdə olduğu müddətdə dəfələrlə müstəntiqə bildirməyimizə, lazımı orqanlarla şikayət etməyimizə, vəkilinin qaldırdığı vəsatətlərə baxmayaraq, o oğlumla, zərərçəkmiş kimi tanıdığı Təhməzov Fəqani arasında heç bir üzləşmə aparmamışdır. Mənim onunla görüşümdə Fəqani Təhməzov mənə oğlum Alıyev Mənsurun Nazim Abıyevin üzünə durmağı, mənim dediklərimi təsdiq etməyi və bunu edəcəyi təqdirdə ona olan borcun hamısını verəcəyini və sabah onu buraxdıracağını bildirdi. Mən isə ona belə bir şeyin mümkünsüz olduğunu, qanunla hər şeyin üzə çıxacağını, ədalətin bərqərar olacağını bildirdim. F.Təhməzovun əsas məqsədi Ə.Abbasovun oğluma borclu olduğu puldan imtina elətdirmək və Nazim Abıyevi ləkələmək idi. Çünki Ə.Abbasova məxsus olan bütün pullar Fəqani Təhməzovda idi.
Oğlumu susdurmaq və sifarişçi Rusiya Federasiyasının vətəndaşı Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, kifayət qədər maddi imkanı olan “Məkan” MMC tikinti şirkətinin rəhbəri Təhməzov Fəqani Valeh oğlunun öz dələduzluğunu ört-basdır etmək, müstəntiq Abdulla Əliyev tərəfindən quraşdırılmış bu ssenarinin məhkəmə perspektivinin olmadığını bildiyindən, başladığı qondarma cinayət işini üstündən ataraq aidiyyatı üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərdi. 05.12.2015-ci il tarixdə müstəntiq Canəli Nuriyev oğlumun əməlində dələduzluq cinayət hadisəsinin olmamasını müəyyən edərək oğlumun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul etmişdir. Nəticədə oğlum Alıyev Mənsur qanunsuz olaraq 10 ay, 6 gün həbsdə qaldı. F.Təhməzov tərəfindən tam məlumatlandırılan müstəntiq Abdulla Əliyev ssenari qurmuş və oğlumun təqsirsiz olduğunu dələduzluq əməli törətmədiyini və ümumiyyətlə dələduzluq hadisəsinin olmadığını yəni, oğlumun təqsirinin olmadığını bilə-bilə oğlumu cinayət məsuliyyətinə cəlb etmiş və qanunsuz tutaraq Azərbaycan Respublikası CM-nin 290 və 292-ci maddələrinin qanuni tələblərini kobud surətdə pozaraq cinayət əməlini törətmişdir.
Baxmayaraq ki, Abdulla Əliyevin oğluma qarşı cinayət törətməsi Azərbaycan Respublikası DİN-nin Daxili Təhqiqatlar İdarəsi tərəfindən mənə göndərilmiş 04.05.2017-ci il tarixli № 023 saylı məktubunda təsdiqini tapması və ona DİN-nin tərəfindən intizam məsuliyyətinə cəlb olunması göstərilsə də, bununla razılaşmadığım üçün DİN-nə bir daha ərizə ilə müraciət etdim. Buna baxmayaraq Abdulla Əliyevə havadarlıq edən məmurlar onun törətdiyi cinayətə uyğun cəzalandırılmasına mane olur və onu himayə edirlər. Dəfələrlə Baş Prokurorluğu və DİN-nə müraciət etsəm də heç bir nəticəsi olmayıb. Cinayətkar Abdulla Əliyev hələ də polis orqanlarında çalışır və törətdiyi cinayət əməlinə uyğun tədbir görülmür. Nəzərinizə çatdırıram ki, məmur özbaşınalığı nəticəsində ailəmizə qarşı törədilmiş bu cinayətkar dəstəni DİN və Baş Prokurorluq ifşa etmək iqtidarında deyil. Mən də ehtiyatda olan polis zabiti olaraq özüm və ailəm adından sizin uğurlu siyasətinizi dəstəkləyirəm. Xalqımızı real namizədə səs verməyə çağırıram. Dövlətimiz çox güclüdür. Ümid edirəm ki, hər hansı Fəqani Təhməzov kimiləri ölkəmizin dayaqlarını sarsıdacaq gücdə deyil və bununla bağlı siz dəfələrlə lazımı orqanlara öz xəbərdarlığınızı bildirmisiniz.
Hörmətli Cənab Prezident!
Sizə müraciət etməyimə məni vadar edən səbəb, polis ailəsinə verilən bu işgəncəyə son qoyulması, XDMX-nin rəis müavini cənab Bəylər Əyyubovun adından istifadə edərək ailəmizin məhvinə səbəb olan “Məkan” MMC tikinti şirkətinə rəhbərlik etdiyini, kifayət qədər böyük məmurun onu himayə etdiyini, hətta ehtiyac olarsa 10 milyon manat xərcləyəcəyini ancaq qurduğu bu ssenarini heç kimin aça bilməyəcəyini söyləyən Fəqani Təhməzovun ifşa edilməsini, müstəntiq Abdulla Əliyev barəsində cinayət işi qaldırılmasını, ailəmizə dəyən maddi və mənəvi zərərin ödənilməsinə həqiqətənmi belə cinayətkar dəstəyə dövlətin ən sadiq generalına himayədarlıq edib etməməyinə rəsmi olaraq aydınlıq gətirilməsini Sizdən xahiş edirəm.

İmza: Alıyev Mahmud

WhatsApp Image 2018-03-29 at 00.06.00.jpeg

Bakı şəhəri, Nizami rayonu, Cəmşid
Naxçıvanski küçəsi, ev 54 a, mənzil 55

Alıyev Mahmud Əvəz oğluna

25 oktyabr 2017-ci il

05/3618-15

Oğlunuz Mənsur Alıyev barəsində başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılmasına dair müraciətlərinizə Respublika Baş Prokurorluğunda baxılmışdır.
Müəyyən edilmişdir ki, Təhməzov Fəqani Valeh oğlunun dələduzluq yolu ilə külli miqdarda pul vəsaitini ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
08.12.2014-cü il tarixdə Abbasov Əliyar Allahyar oğlu və 31.01.2015-ci il tarixdə Mənsur Alıyevə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Nərimanov rayon məhkəməsinin 06.08.2015-ci il tarixli qərarı ilə Mənsur Alıyev barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir.
Təqsirləndirilən şəxs Abbasov Əliyar Allahyar oğlunun vəkili Bəylər Elgün Nüğay oğlunun vəsatəti əsasında Bakı Apellyasiya məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul olunmuşdur.
Aparılmış istintaq nəticəsində Təhməzov Fəqani Valeh oğlunun müraciəti əsasında Mənsur Alıyevin və Abbasov Əliyar Allahyar oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Mənsur Alıyevin əməlində dələduzluq cinayətin tərkib əlamətlərinin mövcud olmadığı müəyyən edildiyindən 05 dekabr 2015-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Canəli Nuriyev tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmiş və Abbasov Əliyar Allahyar oğlu barəsində məhkəmə tərəfindən seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun istintaq,
təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin rəis müavini baş ədliyyə müşaviri Müşfiq Səfərov

 

 

Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi ev 54 a mənzil 55-də yaşayan

Alıyev Mənsur Mahmud oğluna

Hörmətli Mənsur Mahmud oğlu !

Cinayət məsuliyyətinə əsassız cəlb olunmağınız və digər qanunsuzluqlara dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinizə baxılmışdır.
Müəyyən olunmuşdur ki, Təhməzov Fəqani Valeh oğlunun külli miqdarda pulunun ələ keçirilməsi ilə bağlı şikayəti üzrə toplanmış materiallara əsasən 8 dekabr 2014-cü ildə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. (Dələduzluq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, Siz və Abbasov Əliyar Allahyar oğlu həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə barənizdə «həbs» qətimkan tədbiri seçilmişdir.
Müdafiə tərəfinin vəsatətinə məhkəmədə baxılaraq barənizdə və Ə.Abbasov barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir.
21 may 2015-ci ildə cinayət işinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilməsi haqqında qərar qəbul olunmuşdur.
5 dekabr 2015-ci ildə əməldə cinayət tərkibinin olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsasları ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2. və 39.2. maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur.
Müraciətiniz baş müstəntiq A.Əliyev barəsində eyniməzmunlu şikayətiniz üzrə aparılan araşdırma materialına əlavə edilməsi üçün Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinə göndərilmiş, müraciətinizə baxılmasının nəticəsinə dair həmin idarədən Sizə əlavə məlumat veriləcəkdir.

Hörmətlə,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Emil Usubov

 


Nizami rayonu C.Naxçıvanski küçəsi

ev 54 A mənzil 55
Alıyev Mənsur Mahmud oğluna

Yasamal RPİ İstintaq şöbəsinin baş müstəntiqi Abdulla Əliyev tərəfindən əsassız cinayət məsuliyyətinə cəlb olunaraq 6 ay 6 gün müddətinə həbsdə saxlanılmağınız, sonradan cinayət əməli sübuta yetmədiyi üçün barənizdə cinayət işi üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikası Milli Məclisindən DİN-ə daxil olmuş təkrar müraciətinizə baxılmışdır.
Bir daha bildirilir ki, aparılmış xidməti təhqiqat nəticəsində Yasamal RPİ İstintaq şöbəsinin baş müstəntiqi Abdulla Əliyevin cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq barənizdə cinayət işi üzrə cinayət təqibi iləbağlı bütün halları tam və hərtərəfli araşdırmaması, cinayət törətməyinizə dair kifayət qədər sübutlar olmadığı halda Sizi və Ə.Abbasovu əsassız olaraq şübhəli şəxs qismində tutub təqsirləndirilən şəxs qismində cəlb etməsi, eləcə də barənizdə həbs qətimkan tədbiri seçilməsinə dair əsassız vəsatətlər qaldırması müəyyən olunduğuna görə o, DİN-in müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb olunmuşdur.
Göstərdiyiniz xüsusatlarla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə şikayət etmək hüququnuz vardır.

Hörmətlə,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyev

 

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbirləri.

araz.az xəbər portalı.