Baş nazir Əli Əsədovun imzaladığı qərarla kənd təsərrüfatı müəssisələrində çalışan işçilərin əmək haqqının 20 faizə qədəri natura formasında ödənilə biləcək. Qaydalara görə işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları və digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəzləşdirilmək imkanı olacaq.
araz.az xəbər verir ki, Nazirlər Kabinetinin bu qərarının hansı zərurətdən yarandığını şərh edən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov söylədi ki, müstəqil Azərbaycanda bu təcrübə ilk dəfə tətbiq ediləcək. Ekspert xatırlatdı ki, sovet dövründə buna oxşar qayda kolxozlarda olub
“Kolxozlarda idarə heyətinin qərarı ilə istehsal olunan məhsul natura formasında istehsalçılara verilə bilərdi”, – deyən V.Məhərrəmov hesab edir ki, bazar iqtisadiyyatı şəraitində belə bir qərarın qəbul edilməsi işçilərin haqqının pozulması deməkdir:
“Qərarda qeyd edilir ki, əmək haqqının 20 faizinin natura formasında ödənilməsi könüllü olacaq. Əgər könüllüdürsə, bu dəyişikliyə nə ehtiyac var? Kimsə razıdırsa, rəhbərliklə danışıb, əmək haqqının bir hissəsini natura şəklində ala bilər.
Bu qərar sahibkara imkan verəcək ki, müxtəlif yollarla işçiyə təzyiq edərək razılaşmanı imzalatsın. Sahibkar deyə bilər ki, pulu yoxdur, əmək haqqını tam ödəyə bilmir, ziyanla işləyir. Bu cür müxtəlif bəhanalər gətirərək işçini natura şəkilində əmək haqqı ödənişinə razı salacaq”.
V.Məhərrəmov yeni qaydanın işçilərdə narazılıq yaradacağını düşünür:
“İşçilərdə malın keyfiyyəti, qiyməti ilə bağlı narazılıq yaranacaq. Qərarda natura formasında əmək haqqının necə ödənilməsi tam incəliklərinə qədər müəyyənləşdirilməlidir. Veriləcək malın keyfiyyəti necə olacaq, bazar qiymətinə veriləcək, yoxsa başqa qiymət müəyyənləşdiriləcək? Məsələn, bazarda qiyməti 1 manat olan pomidor da var, 4 manat olan da. İstehsalçı bu qiymət fərqindən istifadə edib daha yüksək qiyməti götürə bilər.
Bu qərardan əslində aqroparklar, iri fermer təsərrüfatları faydalanacaq. Oliqarxlar üçün imkan yaranacaq ki, onlar istehsal etdikləri, amma satış üçün yararlı olmayan mallarını işçiyə satsın. Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı onun təxminən 20 faizi itkiyə gedir, keyfiyyəti aşağı olduğu üçün satışa yararlı olmur. İtkini sənədləşdirib işçilərə, fəhlələrə verəcəklər. Bu qərar çox ciddi ziddiyyət, problem və narazılıqlar yarada, insanları çıxılmaz vəziyyətə qoya bilər.
Təsəvvür edək ki, işçiyə maaş əvəzi 300-400 kq buğda verilib. İşçi bu qədər buğdanı nə etsin? Toyuq saxlamır, mal-qarası yoxdur. İndi dəyirman da yoxdur. Dəyirmanların hamısı mərkəzləşdirilmiş qaydada işləyir. İşçi məcbur olacaq ki, buğdanı aldığı qiymətdən daha aşağı qiymətə başqasına təklif etsin. Məhkəməyə müraciət etsə də, xeyri olmayacaq. Çünki müqaviləsi var və əsaslandıracaqlar ki, bu razılaşmaya əsasən məhsul verilib”. /sfera.az/
araz.az xəbər portalı.