mubariz mensimov e1613655897368

FETÖ ittihamı ilə hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus 12 gəmidə çalışan 150-ə yaxın işçiyə ödənilməli əməkhaqqı borcunun həcmi 3,2 milyon dolları ötüb.

Türkiyə mediası yazır ki,  “Palmali Holdinq”in gəmilərində qalan dənizçilər aclıq aksiyasına başlayıblar. Onlar aylardır ödənilməyən  maaşlarını və evlərinə qayıtmalarına icazə verilməsini tələb edirlər. Dənizçilər bildiriblər ki,  Aralıq dənizinin limanlarında aylardır tərk edilmiş 12 gəmidə kifayət qədər qida və su ehtiyatı da yoxdur. Amma şirkət onları deyil, gəmilərin taleyini düşünür.

Bloomberg-in hesabatına görə, ötən ilin mayından Beyrut limanında atılıb qalmış və borc görə limanı tərk edə bilməyən dənizçilərə 9 günlük aclıq aksiyasından sonra əməkhaqqı borcunun 40 faizindən azı- 114 min dollar ödənilib və onlar evlərinə qayıdıblar.

“Kapitan Nağdəliyev” tankerinin 44 yaşlı kapitanı Samiq Nəbiyev bildirib ki, anası xərçəng xəstəsidir və buna görə Azərbaycana geri dönmək məcburiyyətindədir. Nəbiyev və heyət üzvü şirkətin yerinə təzminat ödəmək istəyən sığorta şirkətinin təkliflərini qəbul edib.

““Kapitan Nağdəliyev” tankeri ötən ilin mayından Beyrut limanındadır, amma şirkət işçilərini düşünmür”,-kapitan  Nəbiyev deyib.

Qeyd edilib ki,  ötən ilin noyabrında gəmi heyətinin 8-nin evlərinə geri dönməsinə icazə verilib, lakin kapitan Nəbiyev və 3 işçiyə gəmini tərk etməyə icazə verilməyib.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da hesabatında Aralıq dənizində tərk edilmiş gəmilərdə çalışan işçilərə 3,2 milyon dollar maaş borcunun yarandığını açıqlayıb. Lakin “Palmali Holdinq”in təmsilçiləri gəmidə qalan dənizçilərin vəziyyəti ilə bağlı federasiya ilə danışmaqdan imtina ediblər.

Federasiya gəmidə qalan dənizçilərə humanitar yardımlar edib, bununla yanaşı, şirkətin, liman rəhbərliklərinin və gəmilərin qeydiyyata alındığı ölkə olan Malta səlahiyyətliləri ilə maaşların ödənilməsi və dənizçilərə evlərinə qayıtmağa icazə verilməsi üçün danışıqlara da başlanılıb.

Federasiyanın ərəb ölkələri və İran üzrə regional koordinatoru Məhəmməd Arrachedi bildirib ki, gəmiçilər evlərinə dönmək üçün aclıq aksiyasına başlayıblar, yeməkləri və suları bitmək üzrədir.

Bildirilir ki, Mübariz Mənsimov saxlanıldığı Silivri həbsxanasından bəzi gəmilərə məktub göndərib, “xahiş edirəm gəmilərə sahib çıxın və səbrli olun” yazıb. Lakin kapitan Nəbiyev deyir: “Mənsimov və “Palmali” bizə sadəcə yalan söylədi. Bizi Livanda tərk etdilər və heç bir yardım göstərmədilər”,

Məlumatda o da deyilir ki, Rusiya, İngiltərə və Almaniyada “Palmali Holdinq”in borclu olduğu şirkətlər holdinqi məhkəməyə veriblər. / Virtualaz.org

Mübariz Mənsimovun həbsxanadan gizli məktubu: “Xahiş edirəm...”
Mübariz Mənsimovun həbsxanadan gizli məktubu: “Xahiş edirəm...”

araz.az xəbər portalı.