WhatsApp Image 2021 02 18 at 20.50.52

Nicat Cəlilov müəssisəyə və məhkumlara aid yüksək məbləğli dərman preparatlarını, tibbi ləvazimatları və avadanlıqları paytaxt Bakıdakı şəxsi apteklərində satdırmaqdan da çəkinmir

11 saylı Cəzaçəkmə Müəssisəsində məhkum həyatı yaşayan 2-ci qrup əlil Əli Azər oğlu Səmədov, Respublika Ədliyyə Nazirliyi Penitersiar Xidmətinin Müalicə Müəssisəsinin Baş həkimi Nicat Cəlilovu sərt şəkildə ittiham edib. Məhkumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı Şikayət ərizəsi başdan-ayağa bu ittihamlar barədədir. Məhkumun öz yaxını, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Gülnaz Mirzə qızı Səmədovanın vasitəsi ilə, araz.az xəbər portalına da göndərdiyi həmin Şikayət ərizəsində, Baş həkimin tutduğu vəzifədən hədsiz sui-istifadə ilə, dövlət müəssisəsindən özəl obiyekt kimi istifadə etdiyi xüsusi vurğulanıb: “Cənab Prezident, yazaraq, bir daha Sizə bildirmək istəyirəm ki, Nicat Cəlilov dövlət tərəfindən ayrılan və məhkumlar üçün nəzərdə tutulan dərman preparatlarını, bu azmış kimi, bu müəssisəyə aid yüksək məbləğli tibbi ləvazimatları və avadanlıqları, paytaxt Bakıdakı özünə məxsus 2 şəxsi aptekində satışa çıxarır. Onun qanunlarımızdan qorxub-çəkinmədən, yüksək risk tələb edən bu cür mənimsəmə yolu ilə, külli miqdarda var-dövlət əldə etməsi, artıq, çoxlarına məlumdur. Daha doğrusu, bütün bunlar danılmaz faktlardır. Di gəl ki, indiyədək, Nicat Cəlilovun barəsində ciddi ölçü götürülməyib.  
Əlbəttə, bunların hamısı xəstə, eyni zamanda kimsəsiz məhkumların əlindən alınmış haqlarıdır. Hətta, dünyanın bəlasına çevrilmiş COVİD-19 xəstəliyinə yoluxduğu ehtimal edilən xəstə məhkumlar belə, müəssisəyə daxil olmadan öncə, heç bir testdən və yoxlamadan keçmədən, Nicat Cəlilovun dediyi məbləği ödəməyə məcburdurlar. Əsk halda, yəni, bura gələn və tələb olunan məbləği verə bilməyən xəstələr, dərhal, cəza çəkdikləri müəssisələrə geri qaytarılırlar. Bu isə, əksər hallarda həmin xəstələrin ölümü ilə nəticələnir.Mən, 2019-cu ildə, Müalicə Müəssisəsində bilavasitə Nicat Cəlilov tərəfindən törədilən çox sayda qanunsuz əməllərə şahidlik etdim. Onda da, bütün gördüklərimi, məktub vasitəsilə, Sizə və aidiyyatı dövlət strukturlarına ünvanladım. O zaman, Baş həkim mənim müalicəmin təşkili və xəstəlik sənədlərimin Dövlət Tibbi — Sosial Ekspertizia və Reabilitasiya Komissiyasına təqdim edilməsi üçün, 2000 (iki min) manat rüşvət istəmişdi. Lakin Nicat Cəlilov çoxsaylı göstəriş və tapşırıqlardan sonra, qorxaraq, bu məsələni rüşvətsiz yerinə yetirdi və mənə, 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edildi.

              Cənab Prezident!
 Hazırda oğlumun xəstəliyinin ağırlaşması səbəbindən, o, əlilliyinin vaxtından əvvəl dəyişdirilməsi üçün, Baş həkimə müraciət edib. O, haqqı olan 1-ci dərəcəli əlilliyini almaq istəyir. Bu dəfə isə, Nicat Cəlilov mənim övladımdan 1000 (min) manat rüşvət tələb edir.Sizdən çox xahiş edirəm, bu ciddi məsələlərin araşdırılmasını Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin korrupsiya və rüşvət çirkabında çabalayan, arxasında Ramiz Mehdiyevin yüksək çinli məmurlarının dayandığı deyilən əməkdaşlarına deyil, bu araşdırmanın obyektivliyinin təmin edilməsi üçün, Respublika Baş Prokurorluğuna və Dövlət Təhlükəsizliyi Xidmətinə göstəriş verəsiniz! Mən, bir vətəndaş olaraq, tam əminəm ki, əgər belə olarsa, Ramiz Mehdiyevin tör-töküntü məmurlarından biri olan Nicat Vidadi oğlu Cəlilovun necə təhlükəli bir kreslo sahibi olduğu tezliklə üzə çıxar, onun barəsində isə, qanunlarımızın tələbləri çərçivəsində ciddi ölçü götürülər. Beləcə, haqq da öz yerini tapar!”.
 
Səməndər QURBANOV,
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.