“Gürcüstanda Türkiyəyə uçuş biletləri Azərbaycandan 2-dəfə ucuz qiymətlərə satılır”
Hazırda əksər vətəndaş AZAL-da biletlərin bahalığından şikayət edir. Bir müddətdir Bakı-İstanbul-Bakı reysi üzrə mütəmadi uçuşlar həyata keçirilir. Bununla yanaşı sərnişin problemi də yoxdur. İnsanlar pandemiya dövründən öncəki vaxtlardakı kimi qardaş ölkəyə gedib-gəlirlər. Həm də çarter reyslərinə tələbat da çoxdur. Lakin qiymətlər olduqca bahadır. Məsələn, 800 manatdan aşağı satılan bilet tapmaq mümkün deyil. Belə olduğu halda Türkiyədə təhsil alan azərbaycanlı tələbələr nə gələ bilirlər, nə də gedə. Nəzərə alsaq ki, Türkiyədəki həkimlərə üz tutan vətəndaşlarımız da var. Onların da müalicələri üçün qardaş ölkəyə getməsi AZAL-ın bilet qiymətlərinə görə çətinləşib.
Bəs insanlar nə etsinlər? Bəlkə, AZAL fikirləşir ki, imkanı zəif olan vətəndaşların ölkədən çıxması da elə imkansız olmalıdır.
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a AZAl-ın bu davranışının illərdir sual doğurduğunu söyləyib:
“Pandemiyadan öncə də bazarda sərnişin daşımanın 95 faizi AZAL-a məxsus idi. Buna baxmayaraq qiymətlər fərqlənirdi, biletlər qonşu ölkələrə nisbətən baha satılırdı. Ona görə KOVİD-dən əvvəl əhalinin bir qismi Gürcüstan üzərindən uçmağa çalışırdı.
Gürcüstan tərəfinin rəsmi məlumatlarında qeyd olunurdu ki, hava limanlarındakı sərnişinlərin 20-25 faizi azərbaycanlılardır.
Koronavirus infeksiyasına rəğmən reyslərdə ciddi sıxlıq var, təyyarələr dolu uçurlar. Yenə də qiymətlər AZAL-ın birbaşa tənzimləməsi ilə yüksəkdir. Gürcüstanda da hava limanları fəaliyyətə başlayıb, bəzi reyslər bərpa edilib. Orda Türkiyəyə uçuş biletləri Azərbaycandan 2-dəfə ucuz qiymətlərə satılır.
Bu onu göstərir ki, AZAL bazarda qiymət diqtəsini davam etdirir. Nə tələbələrə, nə də xəstələrə güzəşt olunur. Bu da bazarda AZAL-ın rəqibinin olmamasının nəticəsidir”.
araz.az xəbər portalı.