Osman Gündüzün sözlərinə görə, bağçalara qəbulun ənənəvi qaydada aparılması korrupsiya imkanlarını artırır:
“O da yadımdadır ki, “Açıq hökumətin təşviqi üzrə” Milli Fəaliyyət Proqramı müzakirə olunarkən Təhsil Nazirliyin məsul nümayəndəsi BŞİH-in nümayəndəsinə bildirdi ki, artıq TN-də 1-ci siniflərə və məktəbə hazırlığa qəbulla bağlı oxşar informasiya sistemi qurulub və onlar bunu quruma təqdim edə bilərlər.
Lakin görünür, BŞİH-də ayrı küləklər əsir…
BŞİH-in rəsmi saytından (əgər rəsmi sayt demək mümkünsə), dövlət bağçalarının siyahılarından belə qənaətə gəlmək olur ki, hələlik bağçalara qəbul elektronlaşmayıb və  ənənəvi qaydada aparılır.
Bakı şəhərində 350-dək, ölkə üzrə 1600 dövlət tabeçiliyndə məktəbəqədər təhsil müəssisisəsi fəaliyyət göstərir.
Maraqlıdır ki, adi bir informasiya sistemi tətbiq etməklə on minlərlə vətəndaşa, xeyli sayda ailəyə rahatlıq vermək, korrupsiya risklərini sıfra endirmək olardı, rüşvət üçün imkanlar məhdudlaşdırılardı.
Təəssüf ki, qərar qəbul edənlər hələlik susurlar.
O da maraqlıdır ki, elektron qəbul prosesini tənzimləyən təkmil bir oxşar dövlət informasiya resursu olduğu bir zamanda onun, digər bir dövlət qurumunda tətbiqi ilə bağlı, eGov sahəsində əlaqələndirici qurum olan VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi, daha yuxarı qurumlar da təşəbbüs göstərmirlər.
Mövcud qanunvericiliyə görə məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər.
Amma bağçada boş yerin olmadığını bilmək üçün vətəndaşa heç bir imkan yaradılmayıb.
Vətəndaş bağça rəhbərliyinin adi bir sözünə inanmağa məcburdur. Amma sonradan məlum olur ki, kimlərsə müxtəlif yollarla uşaqlarını bağçaya qəbul elətdirə bilirlər.
Beləliklə, mövcud qanunvericilik korrupsiya riskləri yaradır, ictimai nəzarət imkanlarını məhdudlaşdırır, dövlət nəzarətini isə indiki halda effektiv formada reallaşdırmaq mümkün deyil”.
Ekspertin fikrincə, bu sahədə mövcud problemlərin həllinin iki yolu var:
Əgər bağçaların tabeçiliyi Təhsil Nazirliyinə verilərdisə, hansı ki, bu, doğru addım olardı və dəfələrlə bu haqda təkliflər irəli sürülüb, nazirlik özünün hazır elektron resursları vasitəsilə çox qısa zamanda bu problemi həll edə bilərdi.
İkinci yol isə qanunvericiliyi dəyişməkdir.
Düşünürəm ki, aidiyyatı qurumlar, VXSİ Dövlət Agentliyinin  eGov Mərkəzi “Məktəbəqədər təhsil müəssisələrinə qəbul QAYDASI” haqında Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarında “qəbulun elektron qaydada” aparılması ilə bağlı düzəliş təklifi etməklə bu problemi bir anda həll edə bilərdi.
Ümid edək, tezliklə bu problem öz həllini tapacaq”.
Qaynarinfonun araşdırmaları zamanı məlum oldu ki, bağçalara qəbul prosesinin elektronlaşdırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ötən ilin sentyabr ayının 29-da tender keçirib. 20.10.2020 tarixində də tenderin qalibi olan “Evrodizayn” QSC ilə satınalma müqaviləsi bağlanılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi və sair əlavələrin edilməsi satınalınması müqaviləsinə görə, sistem keçən ilin sonuna kimi hazır olmalı idi. Tenderin məbləği 387 min 984 manat təşkil edib.
 
Şərtlərə yaradılmış portalın təkmilləşdirilməsi və normativlərə uyğun müəyyən funksionallıqların əlavə edilməsi, qəbul portalı üçün çağrı mərkəzi yaradılması və cağrı mərkəzinə olan zənglərin qeydiyyatı daxil olub.
Qeyd edək ki, nizamnamə kapitalı 2 min manat olan “Evrodizayn” QSC 1998-ci ildə yaradılıb. Şirkətin hazırda hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Bakıxanov, ev 6-dır, qanuni təmsilçisi isə Tağıyev Teymur Ramis oğludur.
Şirkətin sahibi isə gənclər və idman naziri Azad Rəhimovdur. Mediada bununla bağlı təkzibolunmaz faktlar açıqlanıb.
Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin 400 min manat ayırdığı işlər vaxtında görülməyib…

araz.az xəbər portalı.