2018-ci ilin mayında redaksiyalara zəng gəlir. Xəttin o başında danışan, o dövrdə deputat olan Elmira Axundovadır. Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin şəxsən əlindən ad aldığı haqda xəbər yazılmasını istəyir…
Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevlə Ukraynadakı səfir Elmira Axundovanın əlaqələri haqda məlumatlar yeni deyil. Elmira Axundova deputat vəsiqəsini cibində gəzdirdiyi günlərdə Ramiz Mehdiyevin adı dilindən düşmürdü, onun şəxsən əlindən ad almasını da yerli-yersiz deməyi özünə borc bilirdi. Ümumdünya torunun ucsuz-bucaqsız çöllərində Ramiz Mehdiyevi mədh edən sicilləmələr bir deyil, iki deyil. Ramiz Mehdiyev də ona borclu qalmırdı. Həmin o ad söhbəti də bu gizli-aşkar əlaqələrin nəticəsi idi. O gün Elmira Axundova bəyan etdi ki, bəs xalq yazıçısıdır, adı da ona Ramiz Mehdiyevin kabinetində onun özü verib. Vəsiqənin nömrəsinin də sözbaşı 1-1 olduğunu təkrar təkrar deməyi də unutmadı.
Dəftər-kitabla isə belə olmur. Qayda belədir ki, xalq yazıçısı adının verilməsi haqda rəsmi qəzetlər xəbər yayır, AzTV xəbər blokunda bu haqda rəsmi məlumat verir. Bunların əvəzinə Elmira Axundova özü bir-bir saytlara zəng edib xəbər verir, adı Ramiz Mehdiyevin şəxsən əlindən almasını xüsusi vurğulayırdı. Ramiz Mehdiyevin adı öz kabinetində verməsini dönə-dönə təkrarlayır, bunun mütləq şəkildə yazılmasını istəyirdi. İkrah doğuran, özünüreklam xarakterli, şitliyi ilə bütün əndazələri aşan bu xahişi naəlac qalan saytlar yayır…
Bu hələ harasıdır?
Elmira Axundova Ramiz Mehdiyevi müasir Azərbaycan fəlsəfəsi və politoloji fikrinin korifeyi adlandırır. “Onun kitabları hər kəsin masaüstü kitabı olmalıdır” deyir. Həm də Ramiz Mehdiyevin kitablarından zəhlətökəncəsinə uzun-uzadı rəylər yazmağı da özünə ar bilmir. Ramiz Ənvəroviçə həsr olunan palaz-palaz yazılar, həmin söz yığnaqları əsasında hazırlanan qalaq-qalaq mənasız kitablar bu gün də ortalıqdadır.
2018-ci ilin həmin günlərində Elmira Axundova Ramiz Mehdiyevin vurub-yıxan kadrı, adı reyderlikdə keçən, cinayətlərinin sırası geniş olan “Baku Stell Company”nin İdarə Heyətinin sədri Rasim Məmmədovla birgə ortalığa çıxdı. O günlərdə Rasim Məmmədov Ramiz Mehdiyevin 1 nömrəli kadrı olaraq qalırdı. Qələmi sındırılsa da, patronunun “çətiri” altında mümkün həbsdən yayına bilirdi. Belə bir vaxtda Elmira Axundova Rasim Məmmədovu geniş reklam etməyə başladı. Onu kitaba sponsor kimi təqdim edib xilas planında yer aldı. Əslində bu kitab söhbəti ilə Elmira Axundova özünün də kitabını bağlamış olub…
İndi vəziyyət dəyişib, daha 1-1 vəsiqəsini əlinə verdiyi Mehdiyevin həşəmətli vəzifəsi yoxdur. Əlaqələr, gizli bağlar isə qalır.
Bu adamlar illərlə kitablar üzərindən spekulyasiyalara çox aludə olublar. Kitabların kölgəsində zəngin, komfort həyat qurublar. Hələ özlərini kitablara pərçim edib yüksək mərtəbələrə qoyublar. İllərlə öz aləmlərində özlərini toxunulmaz kastaya aid ediblər. Karantin vaxtı toy da bu yanaşmadan meydana çıxmış yığıncaq idi…
Həmin o kitablarda Ramiz Mehdiyev Elmira Axundovanı tərifləyir, Axundova da Mehdiyevi alqışlamaqdan yorulmurdu.
Xüsusən də bərkə düşəndə belə xəbərlər medianın gündəminə gətirilirdi. Axundovanın adı 8 milyon manatlıq dələduzluq işinə qarışdığı günlərdə Mehdiyevin ətəyindən bərk-bərk yapışıb ona mədhiyyələr deməkdən əl çəkmirdi.
Böyük dələduzluq, ardından Müdafiə Nazirliyi ilə şübhəli tenderlər, oğlu Həbib Axundovun model Günel Mirzəyevanı açıq dənizə çıxarıb müəmmalı şəkildə dənizə salıb ölümünə yol açması kimi mövzulardan mədhiyyə janrında çıxışlarla yaxa qurtara bilirdi.
Bu işlərin hər biri Elmira Axundovanın karyerasına birdəfəlik son qoyacaq gücünü saxlamaqdadır.
Lakin hər dəfə iş məhkəmələrə gedib çıxır, hakimlər əl yelləyir, Ramiz Mehdiyevin zəngi haqda danışmadan Axundovanı “sudan quru” çıxarırdılar. Bu zaman zərərçəkənləri susdurmaq üçün məhkəmələrə şikayətlər verilir, tam qanunsuz, absurd qərarlar ölkə adından çıxarılırdı. Məsələn Binəqədi məhkəməsi Elmira Axundovanın cinayətə bərabər əməllərindən prezidentə yazılan şikayətə görə zərərçəkənlərin hər birini 10 min manat cərimələyib.
Hələ Elmira Axundovanın, onun oğlu Həbib Axundovun barəsində yazıb-pozan jurnalistlər də məhkəmələrə çəkilir, barələrində söz azadlığına qarşı olması şübhə belə doğurmayan qərarlar verilirdi. Bu gün belə məhkəmə işlərindən biri Ali Məhkəmədə, hakim Mehparə Əhmədovanın icraatındadır. Fevralın 23-də qocaman jurnalistə qarşı qanunsuzluğu hər mənada göz qabağında olan işə yenidən baxılacaq.
Bilirsiz, qocaman jurnalist Firuz Haşımovu eyni yazıya görə 2 dəfə niyə cərimə eləyiblər?
Nə var ki, Haşımov yazılarında Elmira Axundovanın, onun oğlunun adı 8 milyonluq dələduzluq işinə qarıması mövzusunda “indiki halda harınlıq, milli xəyanətə bərabərdir” qiymətverici mülahizəsini yazıb. Bu mülahizə prezidentin harın məmurlarla mübarizəyə səslədiyi bir vaxtda səslənib, ardından da Firuz Haşımovun qanunsuz olaraq cərimələnməsi baş verib. Bu, əslində Ramiz Mehdiyevin ölkədə aparılan islahatyönümlü siyasətə daim badalaq vurmasının bariz nümunəsidir.
Bu gün Ramiz Mehdiyev vəzifədə deyil. Amma ondan qalma komanda, kadrlar hələ də var. Hətta Ali Məhkəmədə də onun adamları iş başındadır.
Elmira Axundovanın adı hallanan işin indiki halda Ali Məhkəmədə olması, həm də, oradakı “mehdiyevçi”ləri üzə çıxarmaq gücündədir. Qocaman jurnalistə qarşı Binəqədi Məhkəməsində başlanan səlib yürüşü Ali Məhkəmədə də qüvvəsində qalacaqsa, bu göstərici olacaq.
istiqlal/az
araz.az xəbər portalı.