Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Prezident Administrasiyasına təqdim edilən “Media landşaftı (barometri)” layihəsinin mahiyyətini açıqlayıb.
Z. Oruc deyib ki, beynəlxalq institutlar tərəfindən istənilən ölkədə medianın fəaliyyətini qiymətləndirmək üçün müxtəlif dərəcələr və yaxud modellər müəyyənləşdirilib.
Məqsəd istənilən kütləvi informasiya vasitəsi subyektinin auditoriyası, əhalinin hansı seqmentinə xitab etdiyi, kadr bazası, hansı mövzuları əsasən trenddə saxladığı, gündəmin formalaşdırılmasında necə iştirak etdiyi, nə dərəcədə bir ölkənin sərhədlərindən kənara çıxmağı bacardığını müəyyənləşdirməkdir.
STM də 2020-ci ilin İşlər Planı çərçivəsində bu araşdırmanı həyata keçirib, həm televiziya, həm radio kanallar, həm ənənəvi mətbuatın durumu, imkanları, resursları, o cümlədən “Youtube” kanallar tədqiq edilib. Araşdırma zamanı son illər ərzində KİV-in həm kadr bazası, həm reklam bazisi, o cümlədən peşəkarlıq əmsalı, əhatə dairəsi, xüsusilə də sosial medianın çap və digər elektron vasitələri üstələməsi haqqında fikirlərin böyük dərəcədə həqiqəti əks etdirdiyi üzə çıxıb.
Z. Oruc artıq Medianın İnkişafı Agentliyinin yaradılmasının və ətrafında cinayət məsuliyyəti təqibi seçilən məsələlərin bir qədər tarixə qovuşmasının çox müsbət hal olduğunu söyləyib.
Onun sözlərinə görə, yeni tendensiyalar, baxışlar, planlar və medianın fəaliyyətinin gücləndirilməsi, onun cəmiyyət həyatının, beynəlxalq həyatın, ictimai həyatın, dövlət həyatının ayrılmaz hissəsini çevrilməsi yönündə təşəbbüslər bilavasitə məsul qurum tərəfindən irəli sürülməkdədir: “Azərbaycan Prezidenti hər zaman mətbuatın fəaliyyətinə önəm verib. Xüsusilə də biz bunun bariz nümunəsini 44 günlük Vətən Müharibəsində gördük. Ali Baş Komandan həm də dünya masştabında dəqiq ünvanlara yönələn və məhz mühüm ölkələrin cəmiyyəti, ictimaiyyəti və elitasına hədəflənən müsahibələri ilə informasiya savaşını da qazanmış oldu. Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasının yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunu da yeni bir inkişaf mərhələsi kimi qəbul edirik. Sənəddə birgə təlimlər, mübadilələr, kadr hazırlığı kimi məsələlər də nəzərdə tutulub. Türkiyə mətbuatı son 100 ildə böyük inkişaf yolu keçib, beynəlxalq müstəvidə özünə meydan qazanıb. Mətbuat zəif olursa, KİV sektoru çox ciddi problemlərin içərisində qalırsa, bu, avtomatik siyasi hakimiyyətin digər qollarına, onun fəaliyyətinə və digər cəmiyyətlər tərəfindən qiymətləndirilməsinə də mənfi təsir edir. Əvəzində digər idarəolunmayan, əksər hallarda təhlükəli və xarici güclərin təsir dairəsində olan, bütün hallarda infodemiya kimi xarakterizə olunan fəaliyyətlər meydana çıxır. Təəssüflər olsun ki, biz bu il də həmin sənədi ictimailəşdirə bilmədik. Publik hüquqi şəxs olmasına rəğmən, Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsində ilk növbədə dövlət və hökumət orqanlarına siyasi sənədlərin hazırlanması tələbi qoyulub. Ancaq bu il biz tədqiqatı davam etdirəcəyik. Dəyişən mühitdə yeni qaydalar, yeni münasibətlər meydana çıxır. Bir çoxları bunu mətbuat üçün açılım formasında xarakterizə edir, bir qismi ölkədə yeni siyasi hakimiyyət quruculuğu fonunda bərqərar olan münasibətlərlə, digər qisim isə Vətən Müharibəsindən sonrakı dövrdə KİV-in yeni əsaslarla fəaliyyətinin quruculuğu ilə əlaqələndirir. Hər bir yanaşmada həqiqət payı var. Ona görə də Mərkəz olaraq mətbuatın fəaliyyəti, imkanları, resursları, o cümlədən problemləri, auditoriyası, əhali seqmentinin maraq dairələri, həmçinin mətbuatın differensial olaraq reytinqinin müəyyənləşdirilməsi yönündə addımlar atmaq fikrindəyik. Ümid edirik ki, 2021-ci ildə mətbuat üçün elə bir barometr meydana gətirə biləcəyik ki, növbəti dövr üçün siyasətə müəyyən qədər təsirini göstərmiş olacaq. Medianın İnkişafı Agentliyi ilə də bu istiqamətdə məsləhətləşmələrimiz mövcuddur”.
APA
araz.az xəbər portalı.