“Adamda elə təəssürat yaranır ki, elə bil Ağdamda, Füzulidə atom bombası partlayıb”.
araz.az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ziyarətinin təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib.
“İşğal altındakı torpaqların Azərbaycanın tərkibinə keçməsi, 30 il davam edən işğal dəhşətinin bitməsi sözsüz ki, sevindirici haldır. Bu baxımdan xoş təəssüratlar yaşadım. Digər tərəfdən isə, Azərbaycan azad etdikləri şəhərlər və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılıb, məhv edildiyini görəndə dəhşətə gəldim. Mən Füzulidə və Ağdamda oldum. Bu şəhərlər tamamilə yer üzündən silinib. Adamda təəssürat yaranır ki, elə bil, orada atom bombası partlayıb. Binalar məhv edilib, evlərin özülləri belə dağıdılıb, yerlə yeksan edilib. Bir sözlə, daş üstündə daş qalmayıb. Ona görə də, hesab edirəm ki, şəhərlərin, qəsəbələrin, kəndlərin bərpa olunması üçün böyük işlər görülməlidir. Əlbəttə ki, bu, uzun illər və böyük həcmdə maliyyə xərci tələb edir. Bu mənada ermənilər özlərindən sonra sanki atom silahının bombaladığı kimi yandırılmış və məhv edilmiş torpaq saxlayıblar. Ancaq ermənilərin atom bombası olmayıb. Onları atom silahı Azərbaycana qarşı nifrəti olub. Bunun nəticəsidir ki, həmin ərazilərdə hazırda ölü mənzərə hökm sürür. Yüzlərlə kvadrat kilometr minalanmış sahələr, heç bir heyvan, quş və canlı bitkiyə rast gəlmək mümkün deyil”, deyə İqor Korotçenko vurğulayıb.
araz.az xəbər portalı.