Ramin-ehmed.jpg

Ramin ƏHMƏDOV

Azərbaycanda növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca, ölkənin siyasi səhnəsində gərginlik daha da artır. Lakin çox təəssüf ki, bu dəfə olduqca eybəcər bir mənzərənin şahidi oluruq və bu mənzərəni yaradanlar Avropa ölkələrində məskunlaşımış “söyüş çetesi”, “tualet qrupu”, “virtual terrorçular” və sairə kimi adlarla tanınan başıpozuq dəstə üzvləridir. Bu adamlar bütün dəyərləri ayaqları altına atıb, nəinki siyasətdən, kişilikdən də uzaq olan davranışlara yol verirlər.

“Qırmızı xətti” keçiblər. Dövlətimizin atributlarından olan Prezidenti, onun ailə üzvlərini, eləcə də dövlətə və dövlət başçısına sədaqəti ilə seçilən məmurları təhqir edir, mövqelərini bölüşməyən, əməllərini tənqid edən ictimaiyyət xadimlərinə ağır söyüşlərlə xitab edirlər.

Əlbəttə, şübhə yoxdur ki, söyüş kampaniyası bir mərkəzdən idarə olunur.

Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Vidadi İsgəndərli və onlara bənzər məxluqların hamısının istifadə etdiyi tezislər oxşardır. Hər biri eyni leksikondan paralel şəkildə istifadə edirlər. Görünən odur ki, hər birinə xüsusi sifariş verilib: Prezident İlham Əliyevi və ailəsini xalqın gözündən salın. Adıçəkilən məxluqların çıxışlarını diqqətlə təhlil etdikdə məlum olur ki, onlar insanlara psixoloji təsir göstərməyə çalışır və bu yolla xalqı hakimiyyətə və prezidentə itaətsizliyə çağırırlar.

Deyirlər ki, biz heç kimdən tapşırıq almırıq. Gözlərinin içinə qədər yalan danışırlar. Məsələn, heç bir yerdən tapşırıq almadığını və Azərbaycan xalqının “rifahı üçün” mübarizə apardığını deyən Emin Hüseynovu bu ölkədə tanıyan çox olmasa da, tanıyanlar onun kimliyinə dərinliyinə qədər bələddirlər. O, Azərbaycanda olduğu vaxt barəsində vergidən yayındığı üçün cinayət işi açılmışdı. Bu səbəbdən hakimiyyəti çox sərt şəkildə tənqid edirdi. Hətta media mənsubları onun bir vaxtlar rəhbərlik etdiyi RATİ vasitəsilə böyük məbləğdə vəsaitləri mənimsədiklərini deyirlər. Bu barədə mətbuatda da müxtəlif müsahibələrə rast gəlinib. Vergi borclarını ödəmədiyi üçün həbs olunacağını hiss etdikdə o, İsveçrənin Azərbaycandakı səfirliyində gizləndi. Bir müddətdən sonra isə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının açılışına gələn İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə ölkədən çıxarıldı. Maraqlı bir sual yaranır: Siravi Azərbaycan vətəndaşı olan (hazırda vətəndaşlıqdan çıxarılıb) Emin Hüseynov niyə İsveçrə hakimiyyəti tərəfindən himayə olunsun? Yüksək rütbəli diplomatlar niyə Eminin taleyindən narahat olaraq xüsusi bir əməliyyatla onu ölkədən çıxardılar? Cavabı aydındır. Qorunan əslində casus idi. Qərb diplomatı öz informatorunu ölkədən çıxardı!

Emin və adı yuxarıda çəkilən digərləri Azərbaycan hakimiyyətinə təziq üçün bir vasitədir. Arxalarında duranlar isə konkret maraqlar güdür, şəxsi davalarını aparırlar.

Burada həm də “söyüş çetesini” istiqamətləndirənlərin qisasçılıq meyilləri də özünü göstərir. Yol verdikləri qüsurlara görə müxtəlif vaxtlarda cəzalandırılmış və “iqnor”a qoyulmuş şəxslərin hamısı indi bir araya gələrək ölkəni qarışdırmaq, insanları vətəndaş müharibəsinə sürükləmək bahasına olsa da, qisas almaq üçün alışıb-yanırlar. Diqqət edin, onların idarə etdiyi “söyüş çetesi” seçkilər yaxınlaşdıqca “küçələrə çıxın” kimi çağırışları daha da artırırlar.

Yaxın keçmişə nəzər salsaq görərik ki, bu ssenari dünyanın müxtəlif ölkələrində tətbiq edilib. Məsələn, Tunis, Liviya, Misir və Suriya kimi ölkələrdə “Ərəb Baharı” adı altında həyata keçirilən inqilablar eyni mərkəzdən idarə olunurdu. Həmin ölkələrdə də əvvəlcə sosial şəbəkələr vasitəsi ilə xalq kütləvi itaətsizliyə çağırıldı. Beyin mərkəzlərinin hazırladığı gənclər əhalini Cümə namazlarından sonra evlərinə dönməmələri və meydanlarda qalmaları ilə bağlı təlimatlandırırdılar. Çağırış müəllifləri “demokrat libası”na bürünüb, insanlara çaşdırıcı mesajlar ötürür, guya ölkənin “günəşli al səhərə” hamilə olduğuna dair bəyanatlar yayırdılar. Bu kimi aldadıcı manevrlərdən məharətlə istifadə edənlər istədiklərinə nail oldular: xalq aldanaraq küçələrə çıxıdı və bir anın içindəcə hər şey dağıdıldı. Böyük və yaraşıqlı şəhərlər od-alova büründü, rahat və firəvan ömür sürən insanlar bir göz qırpımındaca küçənin ortasında qaldılar. Getməyə yerləri qalmamışdı. Evləri bombalanmış, ocaqları söndürülmüşdü… Bir də başlarını qaldırıdılar ki, qardaş qardaşın başını kəsir. Bəs o “demokratiya” hanı? O “süd vannası” deyirdilər, o necə oldu? Hanı işıqlı səhərlər? Gecə niyə bitmir? Günəş niyə doğmur? Silah və raket səsləri niyə dayanmır?

… Hamı bir–birinin üzünə baxır. Hamı öz ölkəsinin “orduxanını” axtarır. Amma gözə dəymir, köməyə gəlmir, uşaqların fəryadını eşitmir. Hamı soruşmaq istəyir:

– Hanı o hüzur dolu səhərlərimiz?

– Hanı balalarımız?

– Məktəblər, kinoteatrlar, xəstəxanalar necə oldu?

– Lənət şeytana, hanı bizim ölkəmiz?

Cavab verən yoxdur. Danışan ancaq silahlardır…

Liviya iki yerə parçalanıb, Misirin bir hissəsini İŞİD nəzarətində saxlayır, Suriyanın aqibətindən isə danışmağa dəyməz… Orduxanların, turalların, vidadilərin, eminlərin səsinə səs verənlər indi peşmandır. Amma nə faydası, ölən ölüb, dağılan dağılıb… Oralarda demokratiyanın “d”sını görən varmı? İnsan haqları prinsiplərinə yaxın gələn balaca bir işartı görünürmü? Yoxdur, görünmür təbii ki… Lap elə Ukraynanı götürək. Yaxşılığa doğru nə dəyişib bu ölkədə? Nə qədər insan həlak oldu, Kiyevin mərkəzi küçələrində hələ də qan izlərinə rast gəlinir. Amma ölkədəki vəziyyəti normal məcraya yönəltmək mümkün deyil. Xalq taleyin ümidinə buraxılmış vəziyyətdədir. Hamımız gördük, Saakaşvilinin saçından tutub sürüdülər, ölkədən qovdular, dünən qəhrəman dediklərini, bu gün zindana atırlar… Baş itib, ölkə relsdən çıxıb!

Bizə belə bir aqibət lazımdırmı? Normal cümlə yaza bilməyən, nə danışdığının fərqində olmayan, tərbiyyəsizliyin ən müxtəlif formalarını nümayiş etdirən adamlar bu ölkəyə yaxşı nə verə bilər axı?

Qorumalıyıq! Nəyin bahasına olursa olsun, bu ölkənin qarışmasına imkan verməməliyik. Qarışacaqsa, onda hər bir vətəndaşın taleyinə bu günlərin xiffətini çəkmək yazılacaq.

Son olaraq.

O gün suriyalı bir kişinin müsahibəsinə baxdım. Ona sual verirlər ki, “inqilabdan əvvəl yaxşı idi, ya indi”? Cavabı qısa oldu:

– İnqilabdan əvvəl oğlum var idi, Universitetdə oxuyurdu. İndi oğlum yoxdur… (www.missiya.az)

araz.az xəbər portalı.