“Ermənistan rəhbərliyi illərdir bölgədə sabitliyi pozacaq yanlış siyasət yürüdür: Türkiyə ilə sərhədini tanımır, Qarabağı işğal edir və sairə. Bu yerdə deyərlər ki, “Sənin ətin nə, budun nə? Sən kimə güvənirsən axı?”
araz.az xəbər verir ki, bunu “Milli Məclis” jurnalına müsahibəsində Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım deyib.
“Ermənistan erməni diasporuna, ya Avropa ölkələrinə, məsələn, Fransaya güvənir? Bəlkə Amerikaya güvənir? Yaxşı, o zaman Qarabağ dastanı yazılanda bu ölkələr harada idilər?”, – deyə B.Yıldırım əlavə edib.
O qeyd edib ki, adıçəkilən ölkələrdən heç biri prosesə qarışa bilmədi.
“Nə edə bildilər ki? Çünki ortada bütün beynəlxalq hüquq normalarına görə ədalətsiz bir durum vardı. O da bu idi ki, Ermənistan bölgədə quldur rolunu oynayır və haqsız tələblər irəli sürürdü; 30 ildən çox idi ki, Azərbaycanın 20 % torpaqlarını ələ keçirmişdi”.
Eks-baş nazir Rusiya faktoruna toxunaraq deyib ki, Rusiya da bu haqsızlığı və Ermənistanın işğalçılığını müdafiə etmədi.
“Rusiya ilk gündən çox açıq və konkret duruş ortaya qoydu. Paşinyan Moskvanı müharibəyə cəlb etmək üçün dəridən-qabıqdan çıxırdı, telefon zəngləri edirdi. Putin isə bildirirdi ki, Azərbaycan öz ərazisi daxilində müharibə aparır, bu, onun daxili işidir və Rusiya bu prosesin xaricindədir. Bu, olduqca vacib bir detaldır. Rusiyanın 30 illik regional strategiyasında bu, köklü dəyişiklik deməkdir. Rəsmi Moskva daha çox bölgədə sabitliyin bərqərar olmasına diqqət yetirdi. Bunu qiymətləndirməliyik. Bu qələbədə mənəvi olaraq, ən böyük paylardan biri də Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana aiddir. Onu da deyim ki, Türkiyə maddi, mənəvi və texniki cəhətdən bundan sonra da hər zaman Azərbaycanın yanındadır. Müharibə bitdi, müqavilələr imzalandı, sülhməramlı qüvvələr xüsusi zonada yerləşdirildi. Türkiyə də bölgədə barışın daimi olması üçün orada rol aldı. Amma yaxın keçmişə nəzər salaq – Qərb qarışırdı, Fransa qarışırdı, Amerika qarışırdı, buna görə də sülh əldə olunmurdu. İndi isə prosesin iştirakçıları elə regionun dörd vacib ölkəsidir: Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan. Əlbəttə ki, belə olan halda məsələ daha asan idarə olundu, həlli istiqamətində davamlı addımlar atıldı və sonda xarici müdaxilələr də ortadan qalxdı”. (oxu.az)
araz.az xəbər portalı.