Azərbaycan xalqının qatı düşməni olan Rusiya imperatoru I Pyotrun erməniləri himayə etməsi və onlara «Böyük Ermənistan» vəd etməsi gələcəkdə Azərbaycanı və Azərbaycan xalqını məhv etmək və tarixi ərazilərimizdə «Erməni dövləti» yaratmağa hesablanmış mənfur plan idi. Gülüstan (1813), əsasən də Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında Azərbaycan ərazisinə ermənilərin kütləvi sürətdə köçürülməsi prosesinin əsası qoyuldu. Köçürülmə prosesi rusların Azərbaycan ərazisində demoqrafik vəziyyəti ermənilərin xeyirinə dəyişməsinə və öz planlarını həyata keçirməyə imkan yaradacaqdı.
Tarixin müxtəlif dövrlərində xalqımızın başına gətirilən bütün faciələrdə, soyqırımlarda rusların sağ əli olan ermənilər heç vaxt Azərbaycanın tarixi ərazilərinə olan əsassız iddialarından əl çəkməmişdir. Həm Çar Rusiyası, həm də SSRİ dövründə ermənilər rusların köməyi ilə Azərbaycanın bir çox tarixi ərazisini işğal etmiş və «özününküləşdirmişdir».
«XX əsrdə ermənilərin Osmanlı imperiyasına və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olmuşdur. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər, əslində, «Dənizdən-dənizə Ermənistan» planını həyata keçirmək istəyirdilər.
Bəşər tarixində görünməmiş vəhşiliklə törədilən Xocalı faciəsi də mənfur düşmənlərimiz olan rusların və ermənilərin iyrənc planlarının bir hissəsi idi.
Xocalı şəhəri öz tarixində bir neçə dəfə erməni təcavüznə məruz qalmışdı. Belə ki, XX yüzilin əvvəllərində — 1905-1906, 1917-1918-ci illərdə bu yaşayış məntəqəsi erməni hücumuna məruz qalıb yandırılsa da , talan edilsə də, ancaq ayağa qalxaraq düşməndən öz qisasını ala bilmiş , yenidən bərpa olunaraq əvvəlki vəziyyətinə geri dönmüşdü.
1988-ci ilin fevralında Azərbaycanda XX əsrin son erməni-türk münaqişəsi başlayanda, onun ilk zərbələrindən biri Xocalıya dəydi. Şəhərin Xankəndi, Əsgəran və əsasən ermənilər yaşayan digər qəsəbə və kəndlərində işləyən mütəxəssis və fəhlələri işdən qovuldu. Bundan başqa, qədim Oğuz yurdu olan Ermənistandan qovulmuş 130 azərbaycanlı ailəsi və Fərqanədən didərgin salınmış 40 Mesxeti türk ailəsi də buraya pənah gətirmişdi.
1989-1990-cı illərdə münaqişə daha da gərginləşdi. Bu dövrdə ermənilər Dağlıq Qarabağın yollarında azərbaycanlılara, o cümlədən xocalılara məxsus olan maşınları daşa basır, əzir, yandırır, insanları girov götürərək qətlə yetirirdilər.
Ermənilərin Xocalıya ilk irimiqyaslı hücumu 1988-ci il sentyabrın 18-də oldu.
Onlar belə hesab edirdilər ki, elə ilk həmlə ilə Xocalını məhv edərək bu maneəni aradan qaldıra biləcəklər. Həmin gün Xankəndindəki nümayişdən çıxan 5 minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalının üstünə hücum etdi. Qabaqda gedən 4 «Kamaz» və «Kraz» markalı yük maşınlarının arxasınca gələn ermənilər şəhərə yaxınlaşırdı. Şəhərə 2 km qalmış hücumdan xəbər tutan Xocalının 150 nəfər cəsur oğlu onların qarşısına çıxıb «Ura!» deyərək əks-hücuma keçdilər. Bəzi məlumatlara görə, bu döyüşdə 27 nəfər azğın erməni öldürülmüş, 100-ə qədəri isə yaralanmışdı. Bu, erməni quldurlarına vurulan ilk güclü zərbə idi. Məhz bundan sonra «yazıq», «fağır» erməniləri müsəlman türklərinin «hücumlarından» qorumaq adı ilə şəhərin sərhədlərində sovet qoşun hissələri yerləşdirildi.
1988-ci ilin oktyabrında Azərbaycan sovet hökuməti Xocalının sosial inkişafı qayğısına qalaraq bu barədə xüsusi qərar qəbul etdi. Bu qərardan sonra Azərbaycanın rayonları Xocalıya və bütün Dağlıq Qarabağa kömək etməyə başladı. Dağlıq Qarabağa və Xocalıya kömək ümumxalq xarakteri aldığı üçün burada tikinti və abadlıq işləri daha da genişləndi.
Bu işlər Sov.İKP MK-nın tövsiyəsi əsasında və SSRİ Ali Sovetinin 1989-cu il yanvarın 12-də verdiyi qərar ilə yaradılmış Dağlıq Qarabağa dair Xüsusi İdarə Komitəsinin (XİK) və onun burada külli ixtiyar sahibi olan rəhbəri Arkadi Volskinin planlarına uyğun gəlmirdi. Çünki A.Volski və onun rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi açıq-aşkar ermənipərəst mövqe tuturdu. Xüsusi İdarə Komitəsi vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına şərait yaratdı. A.Volskinin yaratdığı şərait nəticəsində DQMV-nin ərazisində Ermənistandan silah-sursat daşınır, erməni quldur dəstələri silahlandırılırdı. Beləliklə, əslində A.Volskinin əli ilə Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistanın, daha doğrusu, Moskvanın tabeçiliyinə keçmişdi. Xalq Volskinin bu xəyanətkarlığını görür və onun Dağlıq Qarabağdan qovulmasını tələb edirdi.
Xocalı sürətlə tikilib genişləndiyinə və həm də artan strateji əhəmiyyətinə görə 1990-cı ilin aprelində Azərbaycan hökumətinin qərarı ilə şəhər statusu qazandı.
1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi görünməmiş vəhşilikdən sonra Azərbaycanda vəziyyət daha da kəskinləşdi. Əhalinin sovet sisteminə və ordusuna nifrəti daha da artdı. Milli hərəkat gücləndi.
Sovetlər Birliyinin rəhbərliyi Azərbaycanın demokratik qüvvələrinin tələbinin güclənməsi ilə imperiya üçün artan təhlükəni azaltmaq və əhalini sakitləşdirmək üçün 1989-cu il noyabrın 28-də Xüsusi İdarə Komitəsini ləğv etdi. A.Volski yenidən Moskvaya qayıtdı. Ləğv edilən idarənin əvəzinə SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsi yaradıldı. Sovet işğalı zamanı Əfqanıstanda B.Karmelin siyasi müşaviri işləmiş, sonralar Azərbaycan Kommunist Partiyasının II katibi olan V.Polyaniçko onun sədri təyin edildi. Lakin V.Polyaniçko milli münaqişənin qızışdırılmasına heç də A.Volskidən geri qalmadı. Ona görə də bu əvəzləmə prinsipial dəyişikliyə səbəb olmadı, SSRİ rəhbərləri tərəfindən qəti tədbirlərin görülməməsi nəticəsində 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti <<Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında» qərar qəbul etdi. Xankəndində Ermənistan bayrağı qaldırıldı. Vilayətin ermənilər yaşayan hissəsinin iqtisadi və siyasi idarəsi Ermənistana tabe edildi. Bu isə qarşıdurmanı daha da gücləndirdi. Azərbaycanda Moskvanın ermənipərəst siyasətinə qarşı etiraz dalğaları daha da gücləndi. Təəssüf ki, taleyüklü belə mürəkkəb zamanda proseslərdə ovaxtkı respublika rəhbərliyinin baş verən hadisələrə qarşı qəti mövqe tutmaması, Kreml qarşısında Azərbaycanın mənafeyini, ərazi bütövlüyünü müdafiə edə bilməməsi də vəziyyəti pisləşdirirdi. Doğrudur, 1990-cı ilin mayında DQMV-nin idarəsi yenidən Azərbaycana qaytarıldı. Lakin bu, ciddi dəyişikliyə səbəb olmadı. Çünki Azərbaycan Şuşada, Xocalıda və s. yerlərdə tikinti işlərini artırdığı dövrdə DQMV-də yaşayan ermənilər sürətlə silahlanır və dünyanın müxtəlif ölkələrində yaşayan, terrorçuluqda kifayət qədər təcrübəsi olan ermənilərdən ibarət muzdlu qüvvələr toplayırdılar. Məsələn, Fransada terror aktları törətmiş beynəlxalq terrorçu Monte Melkonyan 1990-cı ildə həbsdən azad edildikdən sonra Ermənistanda sığınacaq tapmış və yaxud ora göndərilmişdi. O sonra Dağlıq Qarabağa gedərək orada azərbaycanlıların kütləvi sürətdə qətlə yetirilməsi və torpaqlarından qovulması üçün fəaliyyət göstərən terrorçu qruplara rəhbərlik etmişdir.
Xalqımıza qarşı belə qətliamlarda və terror aktlarının törədilməsində iştirakçı olmuş xarici ölkə vətəndaşlarından Suren Paşayan («Krunk» təşkilatının Fransa bölməsinin üzvü, Fransa vətəndaşı), Qabriel Şıxanyan («Vartan cəngavərləri» qrupunun Vyana bölməsi, Fransa vətəndaşı), Abram Çitçiyan (366-cı alayın I batalyonunun qərargah rəisi, Rusiya vətəndaşı, hazırda Fransa vətəndaşı), Romb Qalakçiyan (Xocalını bombalayan 39 nömrəli vertolyotun pilotu, Livan vətəndaşı), Razdan Minoyan (Xocalını bombalayan 40 nömrəli vertolyotun pilotu, Suriya vətəndaşı) və başqalarını da misal çəkə bilərik.
Qeyd edək ki, xocalılar da müəyyən müdafiə tədbirləri görürdülər. Burada, ilk növbədə, yerli özünümüdafiə dəstələri yaradılmışdı. Tərkibi 100 nəfər qeyrətli gəncdən ibarət olan bu dəstə Tofiq Hüseynovun komandirliyi ilə şəhərin müxtəlif yerlərində müdafiədə dayanırdılar. Bundan başqa, şəhər statusu aldığı üçün Xocalıda 60 nəfər əməkdaşı olan şəhər polis şöbəsi yaradılmışdı və onlar da müdafiədə iştirak edirdilər.
1990-cı ilin noyabrında Əlif Hacıyevin 20-yə qədər polis nəfəri və zabit heyəti olan Xocalı təyyarə limanının Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı hava limanının komendantı təyin olunması da ermənilərə silah daşınmasına ciddi maneə oldu. Qeyd edək ki, Ə.Hacıyev hələ 1984-cü ildə Xankəndində milisdə işləyərkən ermənilərin ustalıqla hazırladığı plan nəticəsində 10 il müddətinə həbs cəzasına məhkum edilmişdi, Günahsız olduğu yalnız 1988-ci ildə dəqiqləşdiyindən həbsdən azad olunmuşdu. O, dərhal Xocalıya gələrək şəhərin müdafiəsində yaxından iştirak etmişdi.
Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1991-ci ilin noyabrında «Sərhəd rayonları və Dağlıq Qarabağda yerli yaşayış məntəqələrinin mühafizəsinin təşkil edilməsi» haqqında kompleks proqramı nəzərdə tutan sərəncam imzalanmışdı. Bu sərəncamı yerinə yetirmək həmin dövrdə yenicə yaradılmış Müdafiə Nazirliyinə tapşırılmışdı. Lakın orada hərbi texnika və hərbi xidmətdən istifadə deyil, yalnız tikinti və texniki işləri həyata keçirmək nəzərdə tutulurdu. Təəssüf ki, o dövrdə nəinki Xocalıda, heç bir sərhəd bölgəsində müdafiə qurğularının inşası və təşkili gerçəkləşmədi.
Bundan istifadə edən ermənilər rus ordusundan «icarəyə» götürdükləri silahlarla tez-tez Xocalını atəşə tutur, evləri yandırır, dinc əhalini, qoca, qadın və uşaqları qətlə yetirirdilər. Belə hücumların biri 1991-ci il sentyabrın 10-da səhər saat 5:30–da baş vermişdi. Erməni quldur dəstələri Daşbulaq kəndi istiqamətindən şəhəri avtomat və pulemyotlardan, «Alazan» tipli raketlərdən atəşə tutmuşdular. Bir saata yaxın çəkən aramsız atəş nəticəsində şəhər sakinlərindən biri ölmüş, ikisi uşaq olmaqla altısı ağır yaralanmışdı. Xeyli sayda ictimai binalar, yaşayış evləri dağılmışdı.
Ermənilər sentyabr ayının birinci on günündə Qarabağın dağlıq hissəsində 10 nəfər azərbaycanlı öldürmüş, 21 nəfəri isə ağır yaralamışdılar.
Hələ 1991-cı ilin payızında sovet rəhbərliyinin əmri ilə Dağlıq Qarabağda yaradılmış prezident üsul-idarəsi kifayət qədər səmərəli fəaliyyət göstərmədiyindən Azərbaycanın o dövrkü rəhbərliyi 1992-ci ilin fevral ayının 10-da Xocalıda və Dağlıq Qarabağda yaranan vəziyyəti vahid mərkəzdən, operativ idarə etmək üçün ümumi komandanlıq yaratdı və Tahir Əliyev onun başçısı təyin olundu. Lakin o da müxtəlif səbəblərdən öz vəzifəsinin öhdəsindən gələ bilmədi.
Ümumiyyətlə, o zaman iqtidarda olanların müstəqil dövlət qurub idarə etmək bacarığının olmaması və bir çox məsələlərdə milli maraqlardan deyil, ümumi SSRİ və Rusiya marağından çıxış etməsi də vəziyyəti ağırlaşdırırdı.
Qeyd edək ki, o dövrdə Xocalının müdafiə qüvvələrinin ixtiyarında 250-yə qədər avtomat, bir ədəd top, iki ədəd «Alazan» raket qurğusu və 1 ədəd BRDM var idi. O dövrün məlumatlarına görə, həmin vaxtlar Xocalını əhatə edən ermənilər yaşayan kəndlərdə Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcanda ermənilərin 515 nəfər canlı qüvvəsi, 3 «Alazan» raketi, 10 ədəd zirehli transportyoru, 3 ədəd PDM və bir neçə tankı olmuşdur. Düşmənin əsas qüvvəsi isə Xankəndində və Əsgəranda əmrə hazır dayanmışdı. Bütövlükdə o dövrdə Dağlıq Qarabağdakı erməni ordusunun sayı buradakı Ermənistan Silahlı Qüvvələri nəzərə alınmadan 7 min nəfər olmuşdur.
1992-ci il fevral ayının 12 və 13-də Xocalı qonşu erməni kəndləri tərəfindən atəşə tutuldu və bundan az keçməmiş erməni hərbi qüvvələrinin Xankəndindən Xocalıya tərəf yerdəyişməsi baş verdi.
Belə gərgin bir vaxtda, fevralın 13-də Xocalıya sonuncu vertolyotlar gəldi. Onu da qeyd edək ki, hava nəqliyyatını Zabrat və Gəncədə yerləşən, ruslara məxsus desant diviziyasının mühafizəçi vertolyotları həyata keçirirdi. O vaxtlar Gəncə şəhər Polis İdarəsinin rəisi Eldar Həsənov, demək olar ki, təkbaşına bir neçə vertolyotu desantçılardan alıb Xocalıya göndərmişdi. Həmin vertolyotlarla 300 nəfər qoca, qadın, uşaq mühasirədən çıxarıldı. Ancaq məsələ orasında idi ki, vertolyotlar da bir çox səbəbdən istənilən vaxt uça bilmirdi. Ermənilər yanvar-fevral aylarında Xocalı və Şuşaya uçan 7 sərnişin vertolyotunu gülləyə tutmuşdular. Bu da hava əlaqələrini çətinləşdirirdi. Xüsusilə, 1992-ci il yanvarın 28-də Şuşa şəhəri səmasında içərisində 44 nəfər dinc azərbaycanlı əhalinin olduğu mülki vertolyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də, demək olar ki, kəsildi. Beləliklə, şəhərin blokadası tam başa çatdırıldı.
Ümumiyyətlə, Xocalıya axırıncı dəfə avtomobil 1991-ci il oktyabrın 30-da gedib və noyabrın 1-dən bu şəhər artıq mühasirə vəziyyətində olub. 1992-ci il yanvarın 2-dən isə oraya işıq verilməyib.Fevral ayının 19-da saat 17-də Xocalı hər tərəfdən PDM, iriçaplı pulemyot və avtomatlardan 4 saat aramsız atəşə tutuldu.
Faciə ərəfəsində ermənilər istər canlı qüvvə, istərsə də hərbi texnika və silah cəhətdən xocalılardan üstün idi. Xocalı faciəsi ərəfəsində İran İslam Respublikasının rəsmiləri münaqişənin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyası ilə Azərbaycana gəlmişdi. Odur ki, cəbhədə atəşkəs elan edilmişdi. O dövrdə İranın xarici işlər naziri işləyən Əli Əkbər Vilayəti fevralın 25-də Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşüb müzakirə aparmışdı. Daha sonra o, Dağlıq Qarabağa, İrəvana getməliydi. Atəşkəs haqqında bundan əvvəl razılıq əldə edilməsinə baxmayaraq, erməni tərəfi uçuşun təhlükəsizliyinə təminat vermədi və ermənilər bütün beynəlxalq hüquq normalarını tapdalayıb elə həmin günün axşamı Xocalıya bütün istiqamətlərdən hücum etdilər.
Qəribədir ki, Azərbaycanın başqa bir qədim şəhəri olan Şuşanın işğalı ərəfəsində də İranla danışıqlar aparılırdı. Azərbaycanın o vaxtkı dövlət rəhbəri Tehranda vasitəçilik missiyası ilə bağlı görüşlər keçirdiyi gün Şuşa işğal edildi. Maraqlıdır, görəsən bu iki hadisə arasında bağlılıq varmı? Təəssüf ki, buna birmənalı cavab tapa bilmədik. Ancaq bunların təsadüfi olması da az inandırıcıdır.
Bu məsələdən bəhs edərkən rus tədqiqatçısı Y.Pompeyev «Qarabağ qan içində» adlı əsərində yazır ki, «erməni və Rusiya xüsusi alayının əsgərlərindən ibarət peşəkar qatillər bütün tərəflərə sübut etdilər ki, heç bir sülh və barışıq məqamı onlara lazım deyil. Onların seçdiyi yol təcavüzkarlıq və zorakılıqdır».
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilin sonlarında Azərbaycan türklərinin tarixində ən böyük faciə Xocalı qırğını baş verdi. Həmin gecə saat 23:00–da ermənilər üç istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeliyində olan silahlı qruplar, muzdlu əsgərlər, özünü «Artsax Xalq Azadlıq Ordusu» adlandıran Dağlıq Qarabağın erməni bölmələri və 366-cı rus hərbi alayı iştirak etmişdi. Bu hücumda Xankəndi tərəfdən öndə olan 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar daha çox fəallıq göstərirdilər. Əvvəlcə 366-cı alayın tanklarının köməyilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi ilə şəhərdə olan əsgəri qərargahları və atəş mövqelərini məhv etmişdilər. Şəhərin müdafiəçiləri səhərə qədər düşmənə qarşı rəşadətlə döyüşmüşdülər. Onların bir neçəsi kamikadze şücaəti göstərərək bədənlərinə partlayıcı qurğu bağlayaraq özlərini düşmən texnikasına çırpmışdılar. Sonuncu müqavimət məntəqəsi səhər saat 7-də susdurulmuşdu. Atışma zamanı Xocalıda yüzlərlə adam döyüşə-döyüşə həlak olmuşdu. Ağdama tərəf müxtəlif istiqamətlərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri tərəfindən atəşə tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə məruz qalmışdı. Dinc sakinlərin qaça biləcəyi yolların qarşısında gizlənmiş erməni əsgərləri gəlib keçənləri qətlə yetirmişdilər.
Ermənistan hərbi birlikləri qətlə yetirdikləri insanların üzərində xüsusi əməliyyat apararaq onların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar. Ermənilərin bu vəhşiliklərini əks etdirən çoxsaylı sənədlərdən bir neçəsini verməklə kifayətlənirik:
»1992-ci il fevral ayının 25 dən 26 na keçən gecə Xocalı şəhərində erməni quldurları tərəfindən qətlə yetirilən şəxslərin xəsarətinin təhlili: Xocalı hadisəsi zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi müayinədən 181 meyid keçirilmişdir. Həmin meyidlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyidlərdən 13 nəfəri azyaşlı uşaq olmuşdur. Xəsarətlərin əmələgəlmə mexanizminə görə bölünməsi aşağıdakı qaydada olmuşdur:
a) qəlpə təsirindən 20 nəfər,
b) güllə təsirindən 151 nəfər,
c) küt alət təsirindən 10 nəfər.
Xəsarətlər yerləşdiyi nahiyəyə görə aşağıdakı kimi olmuşdur:
a)baş nahiyəsi -40,
b) döş qəfəsi -74,
c) qarın nahiyəsi -17
d) ətrafları-11.
Bununla yanaşı, müayinə olunmuş meyidlərdən 3 nəfərində ətrafların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərin kəsilməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, qadınların cinsiyyət üzvlərinə odlu silahdan atəş açılması əlamətləri aşkar edilmişdi. Eyni zamanda, göz almalarının çıxarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət üzvlərinin kəsilməsi müşahidə olunmuşdur.
Müayinə olunmuş 31 meyiddə isə kombinə olunmuş, yəni bədənin müxtəlif nahiyyələrinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər olmuşdur, Müayinə olunmuş meyidlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq kömürləşmə aşkar edilmişdir. Eyni zamanda müayinə edilən meyidlərdən 10 nəfərində güllə yarası ilə birlikdə onların üzərindən hərbi texnikanın keçməsi əlaməti olmuşdur.
Baş məhkəmə tibb eksperti, professor R.M.Yusifov:
Həsənova Fitat: başına küt alətlə vurub zədələdikdən sonra əl-qolu bağlanıb gözləri çıxarılıb.
Məmmədova Məhruzə: əvvəlcə bu qadının gözləri çıxarılıb, sonra döş vəziləri və burnu kəsilib.
Məmmədova Tamara Səlim qızı: əvvəlcə güllə yarası alıb, sonra gözləri çıxarılıb və döşləri kəsilib.
Aslanov İqbal Bahadır oğlu: əvvəlcə güllə yarası alıb, sonra gözləri çıxarılıb və cinsiyyət üzvləri kəsildikdən sonra bədəni yandırılıb.
Hüseynov Şakir Mustafa oğlu, İmani Ağayar, Məmmədov Saday, Hüseynov Allahverdi Qulu oğlu, Rəcəbov Cəbrayıl Mehdi oğlu, Fərzəliyev Cahan Hümbət oğlu, Kərimov Firuz diri-diri yandırılmışlar.
Kərimova Firəngül: döşü, qulaqları kəsilmiş, gözləri çıxarılmışdır. Sonra da bədəni doğranıb.
Əzimova Dilarə Seydulla qızı: döşü kəsilmiş, güllələnmişdir.
Səlimov Bahadur: cinsiyyət üzvü kəsilmiş, sonra bədəni yandırılmışdır.
Behbudova Sürəyya Yusif qızı: cinsiyyət üzvünə çoxlu güllə vurulmuşdur.
Kərimov Samuray: arxa keçəcək dəliyində boş içki şüşəsi. Bu işgəncədən sonra gözləri çıxarılmış və güllələnmişdir.
Erməni quldurları əsir götürdükləri adamlara qarşı qeyri-insani rəftar etmişlər. Məsələn, Xəzangül Məmmədova adlı bir qız bildirir ki, gözümüzün qarşısında əvvəlcə atamın ayaqlarına benzin tökdülər, sonra isə od vurub yandırdılar. Milli Ordunun 2 əsgərinin diri-diri başını kəsdilər. Əsir düşmüş başqa bir Xocalı sakini Səriyyə Talıbova isə gördüklərini belə deyir: «Bizi erməni qəbiristanlığına gətirdilər. Dörd nəfər gənc mesxeti türkünü və üç azərbaycanlını vaxtilə türklərə qarşı vurulmuş bir erməninin qəbri üstündə qurban kəsdilər. Bundan sonra əsgərlər və quldurlar valideynlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə başladılar. Sonra buldozerlərin köməyilə meyidləri dərəyə tökdülər. İnsan cildinə girmiş bu vəhşilərin ürəyi bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbaycanlı gətirdilər və vintaçanla onların gözlərini dəldilər»
Qadınlar, uşaqlar və qocalardan ibarət bir dəstə adam Qaraqaya tərəfə getmiş, Əsgəranın qarşısında meşədə gizlənmişdi. Onlar gecə qarlı-şaxtalı havada səhərə qədər dayanıb gizlənmişdilər.Səhər dan yeri ağaran zaman soyuqdan tir-tir əsən insanlar meşədən çıxıb Ağdama tərəf hərəkət etmək istəyəndə atəşə tutularaq qətlə yetirilmişdi. Bu dəstənin içərisindən təsadüf nəticəsində bir neçə adam xılas olub Ağdama gələ bilmişdi.
Başqa bir dəstə adam isə Abdal-Gülablı kəndinə tərəf qaçmışdı. Onları yolda Ağbulaq, Naxçıvanik və Dəhraz kəndlərinin silahlı erməniləri mühasirəyə alıb atəşə tutmuşdu. Bu istiqamətdə xeyli azərbaycanlı öldürülmüş, 250 nəfər isə əsir götürülərək dəhşətli işgəncələrə məruz qalmışdır. Yalnız 15 nəfərə qədər adam ölümdən və girov düşməkdən xilas olub axşama yaxın Ağdamın Gülablı kəndinə gəlib çıxmışdı. Təlaş və vahimə içində qaçan adamların 300 nəfərdən ibarət olan bir dəstəsi də böyük çətinliklə ermənilərin yaşadığı Dəhraz kəndinə gəlib çıxa bilmiş, ancaq burada da onlar mühasirəyə alınmışdılar. Dəstədə üç nəfərin əlində ov tüfəngi olmuşdu. Təslim olmaq istəməyən xocalılar atışma zamanı erməni pulemyotçusunu vura bilirlər. Yalnız güllələri qurtardıqdan sonra onları əsir götürürlər və ermənilər öldürülmüş pulemyotçunun əvəzinə 10 nəfəri dərhal güllələyir, qadın və qızların başlarına dəhşətli müsibət açırlar.
Qeyd edək ki, Xocalıda ermənilər qanlı qırğın törətdikləri gecədə Əsgəran yaxınlığındakı Qaraqaya adlanan ərazidə xocalıları xilas etmək üçün Ağdamdakı könüllü dəstələr ermənilərlə ağır döyüşlər aparmışdı. Məsələn, belə dəstələrdən birində vuruşan Canpolad Rzayev Qaraqaya yaxınlığındakı döyüşün ilk anlarında sərrast atəşlə ermənilərin 2 ədəd PDM-ni məhv etdikdən sonra Əsgəran körpüsü yaxınlığında qəflətən düşmən tankı ilə üzbəüz gəlir. O, düşmənin bu tankını da sıradan çıxarır və 30 nəfər Xocalı sakininin həyatını xilas edərək qərargaha gətirir. Sonra tankını ermənilərin yaşadığı Naxçıvanikə, Əsgəran tərəfə sürür. Erməni quldurları bu yolda pusquda dayanaraq xocalıların qarşısını kəsib yaxınlıqdakı donuz pəyəsinə yığmışdılar. Canpolad yoldaşları ilə düşmənə qarşı rəşadətlə döyüşür və 30 nəfərə yaxın erməni quldurunu məhv etdikdən sonra donuz pəyəsinə doldurulmuş 100-ə yaxın Xocalı sakinini azad edir.
Bundan sonra o, rusların idarə etdiyi PDM-lə qarşılaşır. Bu döyüşdə xalqının, torpağının azadlığı uuğunda mübarizə aparan Canpolad Rzayev qəhrəmancasına həlak olur. Ümumiyyətlə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rus əsgərləri ilə birlikdə ermənilərin Xocalıda həyata keçirdikləri hərbi əməliyyat öz miqyası, qəddarlığı və amansızlığı ilə insanı dəhşətə gətirir.
Qəsəbəyə hücum edən düvvələr arasında yerli erməni hərbi birləşmələr ilə yanaşı ruslardan ibarət olan 366-cı alayın komandirləri, əsgərləri beynəlxalq qanunları və hərbi Nizamnaməni deyil, milli nifrəti əsas tutaraq soyqırım həyata keçirmişdilər. Erməni qaniçənləri bu şəhərdə yaşayan azərbaycanlılara qarşı milli-etnik və dini zəmində soyqırım aktı törədərək şəhəri tamamilə yandırmış və dağıtmışlar. Bu faciəli gecədə «dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verməklə öldürülmüş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Onlardan 150 nəfər ütkin düşmüşdür. Sonradan onlardan 1165 nəfərini geri almaq mümkün olmuşdur. Bu qətliam zamanı 7 ailə büsbütün məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini itirmişdir. Bundan başqa 230 ailə öz başçısını itirib. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuşdur. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının yə 26 uşağın taleyi bu günədək məlum deyil.
Vaxtilə Xocalıya pənah gətirmiş Mesxeti türklərinin 7 nəfəri şəhərin müdafiəsi zamanı həlak olmuş, 12 nəfəri əsir götürülmüş, 86 nəfərindən də heç bir xəbər yoxdur.Ermənilərin Xocalıdakı vəhşiliyini əks etdirən çoxsaylı sənədlər göstərir ki, rus və Ermənistan Silahlı Qüvvələrinin və onların tabeçiliyində olan muzdlu əsgərlərin və terrorçu dəstələrin törətdiyi vəhşilik məhz soyqırım aktıdır və beynəlxalq hüquq normalarına, insan haqlarına tamamilə ziddir. Onu da bildirək ki, Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılmasında, ermənilərin əsir götürülmüş azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin lentə alınmasında cəsur telejurmalist Çingiz Mustafayevin çox böyük zəhməti olmuşdur. Sonralar o, erməni qəsbkarlarına qarşı Naxçıvanik kəndi yaxınlığında aparılan döyüşü lentə alarkən qəhrəmancasına həlak olmuş, göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layıq görülmüşdür. Cəsur, vətənpərvər insan olan Ç.Mustafayev Xocalıda gördüyü dəhşətli mənzərəni belə təsvir edir: Yüzlərlə insan cənazəsi… əksəriyyəti yaxın məsafədən, başından güllələnmiş 2 yaşından 15 yaşınadək uşaq, qadın və qoca meyidləri. Meyidlərin vəziyyətindən aşkar bilinir ki, heç biri müqavimət göstərməyə, qaçmağa cəhd etməyib. Onları son dərəcə soyuqqanlıqla, vəhşiliklə qətlə yetiriblər.
Hər şeydən əvvəl aydın olur ki, bəzilərini kənara çəkib tək-tək öldürmüş, digərlərini ailəliklə güllələmişdilər. Bir çox meyidlərdə yeddi-səkkiz, hətta daha çox güllə yarası var. Həmin güllələrdən biri mütləq başa dəyib. Deməli, yaralananların işini bu yolla bitirmişlər. Bir neçə uşağın qulaqları kəsilmişdi. Kişilərin əksəriyyətinin kəlləsi dağıdılmışdı. Qarət olunmuş meyidləri saymaq mümkün deyildi. Soyqırımın nişanələri olan yerə ilk dəfə iki vertolyotla fevralın 28-də gəldik. Hələ səmadaikən 500 metr radiusu olan sahənin insan cəsədləri ilə örtüldüyünün şahidi olduq. Həmin yerlər erməni quldurlarının nəzarəti altında olduğuna görə pilotlar aşağı enməyə ehtiyat edirdilər. Buna baxmayaraq biz yerə endik. Vertolyotdan çıxan kimi atışma başlandı. Bizi müşayiət edən milis işçiləri, əvvəlcədən razılaşdığımız kimi, meyidləri vertolyota yükləyib sahiblərinə çatdırmalı idilər. Lakin 4 meyidi yuxarı qaldıra bildilər. Onları qınamaq çətindir. Gördüyümüz mənzərə hamının ağlını başdan çıxarmışdı. Özümüzə gələ bilmirdik. Martın 2-də xarici furnalistlərlə təkrar həmin yerə gələndə də eyni vəziyyətlə rastlaşdıq. Meyidlərin əksəriyyəti daha eybəcər şəklə salınmışdı. Görünür, cəlladlar hər gün vəhşiliklərini davam etdirməkdən zövq alırdılar.Xocalıda dinc insanların vəhşicəsinə qətlə yetirilməsinin şahidi olan «Moskovskie novosti» qəzetinin müxbiri Viktoriya İvlevanın etirafları da tükürpədicidir. O, Xocalıya hücum edənlərin birinci eşelonunda deyil, ikincisində gedib. Bu zaman o qarşıdan «nə isə buludu xatırladan bir şey yaxınlaşdığını» görüb, qeyd edir ki, «sonra bildim ki, bu bulud kimi görünən yarıçılpaq adamlar dəstəsi imiş. Türklərin dəstəsinin sonunda üç uşağı olan qadın gedirdi. Qarın üstüylə, ayaqyalın. O çox çətin hərəkət edirdi, tez-tez yıxılırdı. Onun uşaqlarının ən kiçiyi ikigünlük idi» . Bu adamların sonrakı taleyini isə biz cəsur teleyurnalist Ç.Mustafayevin çəkldiyi kadrlarda görürük.
Bu dəhşətli faciə ermənilərin qəddarlığını, insanlığa ləkə olan hərəkətlərini gözləri ilə görən, bu vəhşiliklərin şahidi olan Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin polkovniki V.Savelyevi də təəccübləndirmiş və sarsıtmışdı. «Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun-dedim. Biz rusların zabit şərəfi, görün, necə ləkələndi.. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğası vurdular… Mən on addımlıqda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyindən qorxdum».
Ermənilərin öldürülən azərbaycanlıları dəfnetmə üsulu isə, ümumiyyətlə, insanlığa yaraşmayan hərəkət olmuşdur. Belə əxlaq sahibi olanların Avropa və Amerikada himayə edilməsi təəssüf doğurmaya bilməz. Bu məsələdən bəhs edərkən V.Savelyev yazır: «Onları yarım metr qazılmış çalalara atıb üstünü torpaqlayırdılar. Axşamlar belə çalaların ətrafında itlərin və çaqqalların səs-küyündən, dartışmalarından qulaq tutulurdu, adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və ölmüş cəsəd iyi gəlirdi».
Erməni və rus hərbi birləşmələri Xocalıda soyqırımı elə dəhşətli və qəddarlıqla həyata keçirmişdilər ki, bu o dövrdə bir çox dünya mətbuatı səhifələrində də öz əksini tapmışdı. Akif Asırlı «Türkün Xocalı soyqırımı» adlı əsərində xarici ölkə mətbuatında yer alan məqalə lərdən xeyli sitat vermişdir. Oxucuların marağına səbəb ola biləcəyini düşünərək, onlardan bir neçəsini diqqətə çatdırırıq:
»Vaşinqton-Post» qəzeti: «Dağlıq Qarabağ qurbanları Azərbaycan şəhərində torpağa basdırılıb. Qaçqınlar deyirlər ki, ermənilərin hücumu zamanı yüzlərlə adam həlak olub. Həlak olmuş 7 nəfərin meyidini bu gün göstəribilər, onlardan 2-si uşaq, 3-ü qadındır. 120 qaçqın Ağdam hospitalındadır, onların bədənlərində çoxsaylı dərin yaralar var»
»Tayms» qəzeti: «Erməni əsgərləri yüzlərcə qaçqın ailəsini qırıblar. Sağ qala bilənlər xəbər verirlər ki, erməni əsgərləri 450-dən artıq azərbaycanlını güllələyiblər. Onlardan çoxu uşaq və qadınlardır. Yüzlərcə, mümkündür ki, minlərcə insan itkin düşüb. «Onlar atəş açırdılar, atəş açırdılar, atəş açırdılar» -deyə Xocalıdan digər qadın və uşaqlarla birlikdə Ağlama qaçmış Raziyə Aslanova bildirib. Ö deyib ki, əri və oğlu öldürülüb, qızı itkin düşübə.
»Tayms» qəzeti: »Qırğın aşkar oldu. Anatoli Levin: «Dağlıq Qarabağın yamaclarında aralarında qadın və uşaq olan 60-dan çox meyid aşkar olunub, bu isə erməni qoşunları tərəfindən azərbaycanlı qaçqınların qırılması haqda məlumatları təsdiqləyib. Yüzlərlə qaçqın hələ də tapılmayıb. Onlaran çoxu tanınmaz hala düşüb. Balaca bir qızcığazın isə yalnız başı qalıb»
»İzvestiya» qəzeti: »Videokamera qulaqları kəsilmiş uşaqları göstərib. Yaşlı qadınlardan birinin üzünün yarısı kəsilib. Kişilərin baş dərisi soyulub».
»Sandi Tayms» qəzeti: «Tomas Tols erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumatlar verən ilk reportyordur. Xocalı sadə Azərbaycan şəhəri olub, Lakin dinc dövrdə əkinçiliklə məşğul olan minlərlə azərbaycanlı evi olub. Ötən həftə şəhər yer üzündən silinib».
»Fayneyşnıl tayms» qəzeti: «Ermənilər Ağdama gedən qaçqın kolonunu güllələyiblər. Azərbaycanlılar 1200 meyid sayıblar. Livandan olan reportyor təsdiq edib ki, varlı daşnak icması Qarabağa silah və adam göndərin».
»İzvestiya» qəzeti: «Mayor Leonid Kravets: «Mən özüm yamacda yüzə qədər meyid gördüm. Oğlan uşaqlarından birinin başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla öldürülmüş qoca, qadın və uşaq meyidləri gördüm».
»Fayneyşnl tayms» qəzeti: »General-polkovnik bildirib ki, 366-cı alaydan 103 hərbi qulluqçu Dağlıq Qarabağda qalıb».
»Le Mond» qəzeti: cAğdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında 3 baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyid görüblər. Bu, Azərbaycan təbliğatı yox, reallıqdır».
»Valer aktual» jurnalı: «Bu Muxtar vilayətdə erməni hərbi birləşmələr Yaxın Şərqdə olanlarla birlikdə ən müasir hərbi texnikaya, eləcə də vertolyotlara malikdir. ASALA Suriya və Livanda hərbi düşərgə və silah anbarlarını məhv ediblər, 100-dən artıq müsəlman kəndini qırıb».
»Qolos Ukrainı» qəzeti: V.Skaçko: «Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaşları, ölüm, bədbəxtlik, dağıntılar… Xocalıda körpələri qətlə yetirdilər? Bəs analarını? Allah insanı cəzalandırmaq istəyəndə onun ağlını alır»
O dövrdə Türkiyə Respublikasının prezidenti S.Dəmirəl, Xarici İşlər naziri H.Çətin, Türkiyə Böyük Millət Məclisinin sədri H.Cindoruk öz çıxış və bəyanatlarında bu qətliamı pisləmiş, beynəlxalq təşkilatları buna ən ciddi reaksiya verməyə çağırmışdılar. Təəssüf ki, belə həssaslığı biz uzun illər bir «ittifaqda» birləşdirdiyimiz «qardaş» sovet respublikalarından görə bilmədik.
Xocalı şəhərinin sakinlərinin soyqırımı zamanı 1949-cu il Cenevrə Konvensiyasına əlavə olunan 1977-ci il «Beynəlxalq və qeyri-beynəlxalq hərbi konfüktlərdə qurbanların müdafiəsini gücləndirən» iki protokolun tələbləri də erməni birləşmələri tərəfindən kobudcasına tapdalanmışdır.
Bundan əlavə, 1980-ci il «Adi silahların konkret növlərinin tətbiqini qadağan edən və məhdudlaşdıran» Konvensiyanın xüsusilə I və II müddəalarına məhəl qoyulmamışdır. AK markalı avtomatlar üçün, xüsusilə təhlükəli olan yeni millimetrlik güllələrdən, piyadalar əleyhinə minalardan da bu soyqırım zamanı istifadə edilmişdir.
Beləliklə də, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri və onların tabeliyində olan muzdlu əsgərlər, terrorçu qruplar beynəlxalq hüquq normalarını, insan haqlarını, ayrı-ayrı dövrlərdə qəbul olunmuş konvensiyaları və protokolların «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyasının tələblərini pozaraq Azərbaycan Respublikasının Xocalı şəhərində dinc sakinlərə, yerli özünümüdafiə dəstəsinin üzvlərinə, din xadimlərinə, yaralı və əsirlərə qarşı misli görünməmiş soyqırım aktı həyata keçirmişlər».
Bundan başqa, bu qərar layihəsində çoxsaylı təkzibedilməz faktlar və sənədlər əsasında Xocalı soyqırımını həyata keçirən mülki və hərbi adamların adları göstərilir, onların Beynəlxalq Məhkəməyə verilməsi zərurəti qeyd olunur. Bu qətliamda iştirak edənlər aşağıdakılar olmuşlar:
1. Robert Köçəryan: Ermənistanın keçmiş prezidenti (separatçıların lideri), Azərbaycan vətəndaşı,
2. Arkadi Qukasyan: Separatçıların liderlərindən biri, Azərbaycan vətəndaşı,
3. Seyran Ohanyan: 366-cı alayın 2-ci batalyonunun komandiri, Ermənistan vətəndaşı, indiki müdafiə naziri,
4. Levon Ter-Petrosyan: (Sabiq Ermənistan prezidenti), Ermənistan vətəndaşı,
5. Polkovnik Zarviqarov: 366-cı alayın komandiri, Rusiya vətəndaşı, hazırda Ermənistan vətəndaşı,
6. Seri Babayan: («Haydad» Erməni Terror təşkilatının səlahiyyətli nümayəndəsi) Azərbaycan vətəndaşı,
7. Suren Paşayan: «Krunk» təşkilatının Fransa bölməsi, Fransa vətəndaşı,
8. Qabriel Şıxanyan: «Vartan cəngavərləri» qrupunun Vyana bölməsi, Fransa vətəndaşı,
9. Aşin Simonyan: «ASALA» Erməni Terror təşkilatı, Fransa vətəndaşı,
10. Abram Çitçiyan: 366-cı alayın I batalyonunun qərargah rəisi, Rusiya vətəndaşı, hazırda Fransa vətəndaşı,
11. Polkovnik V.Baymukov: 366-cı alayın Arxa cəbhə üzrə komandir müavini, Rusiya vətəndaşı,
12. Polkovnik İ.V.Moiseyev: 366-cı alayın 1ci batalyonunun komandiri, Rusiya vətəndaşı,
13. Mayor E.A.Nabokix: 366-cı alayın 3-cü batalonunun Baş leytenant O.V.Mirzoyan komandiri,Rusiya vətəndaşı,
14. Mayor V.Q.Hayriyan: 366-cı alayın kəşfiyyat rəisi, Ermənistan vətəndaşı,
15. 366-cı alayın rota komandiri, Ermənistan vətəndaşı,
16. Baş leytenant S.V.Xrinxua: 366-cı alayın kəşfiyyat bölməsinin rəisi, Rusiya vətəndaşı,
17. Baş leytenant V.N.Qarmaş: 366-cı alayın Tank rotasının komandiri, Rusiya vətəndaşı,
18. Baş leytenant N.T.Nakonyan -366-cı alayın rota komandiri, Ermənistan vətəndaşı,
19. Baş leytenant V.A.Azriyan 366-cı alayın batareya komandiri, Ermənistan vətəndaşı,
20. Leytenant V.A.Bondarev -366-cı alayın kəşfiyyat rəisinin müavini, Rusiya vətəndaşı,
21. Leytenant A.İ.Kuçov 366-cı alayın RadioKimyəvi bölməsinin rəisi, Ükrayna vətəndaşı,
22. General A.N.Kovalyov Rusiya Ordusunun yüksək çinli zabiti, Rusiya vətəndaşı,
23. Qalakçiyan Romb Arutyunoviç Xocalını bombalayan zaman 39 nömrəli vertolyotun pilotu,Livan vətəndaşı,
24. Minoyan Razdan Alekseyeviç 40 nömrəli vertolyotun pilotu, Suriya vətəndaşı,
25. Zahid əl-Məhəmməd 29 nömrəli vertolyotun pilotu, Livan vətəndaşı,
26. Saracyan Ararat Qrekoviç 17 nömrəli vertolyotun pilotu, Ermənistan vətəndaşı,
27. Pirimyan Suren Alekseyeviç 45 nömrəli vertolyotun pilotu, Ermənistan vətəndaşı;
28. Aşot Manuçaryan — Ermənistan prezidentinin keçmiş müşaviri, Ermənistan vətəndaşı.
Bu faciələr zamanı həlak olanlar əslində, Azərbaycanın müstəqiliyi, ərazi bütövlüyu uğrunda şəhid olmuşlar. Ona görə biz bu dəyərli insanların şəhidlərin ruhuna rəhmət oxumaqla yanaşı, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə ümidlə baxmalı, ümidlə yaşamalıyıq. (Mənbə: «Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri» — Boran Əziz)
Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir. Bu səbəbdən də o, həm də qanla yazılan qəhrəmanlıq tarixi kimi qeyd edilə bilər. Ona görə də bu tarix həmişə geniş təbliğ edilməli, gələcək nəsillərə ötürülməlidir. Mənfur düşmənlərin xalqımıza qarşı törətdikləri soyqırımları, faciələri heç vaxt unutmaq olmaz! 31 mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı faciəsi və,s hər biri Azərbaycan xalqının sağalmaz yarasıdır. 30 ilə yaxın zaman ərzində rusların köməyi ilə Azərbaycanın 20 faizdən çox torpaqlarımızı işğal altında saxlayan erməniərin tapdağından ali baş komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində azad edilməsi yuxarıda sadalanan xalqın dərin yaralarına bir məlhəm oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şərəf hissi ilə qeyd edə bilərəm ki, müxtəlif yollarla əl atan düşmənlər heç vaxt Azərbaycan xalqını sındıra, diz çökdürə bilmədilər. Bəşər tarixində dərin iz qoyan və minillik tarixə malik Azərbaycan xalqı qədim zamanlardan indiyə qədər yaşamış, yaratmış, böyük dövlətlər qurmuş və həmişə düşmənlərini məhv etmişdir! Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir. 44 günlük vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının müasir dövrdə özünün əbədi yaşamağa layiq olan xalq kimi bir daha sübut etməsi idi.
Qarayev Anar Saleh oğlu,
Azərbaycan Dövlət Pedaqoji Universitetin Tarix və Coğrafiya Fakültəsinin tələbəsi,
Yevlax rayonu Ərəş kənd sakini
araz.az xəbər portalı.