1613997672 xes

Cenub.az. 1 aydan artıqdır ki, Masallı Mərkəzi Xəstəxanasında narahatlıqlar davam edir. Xəstəxananın rəhbəri həbs olunduqdan sonra burada problem problem dalınca gəlir. Yeni, qaydalara görə, xəstəxananın 2 rəhbəri – həm direktor, həm baş həkimi olmalı olsa da, hələ ki, birini də tapa bilmirlər. Bəzi saytlar poliklinikanın müdiri Rasim Əzizovu gah Baş həkim, gah direktor təyin etsə də, TƏBİB-in rəsmisi Qafqazinfo.az saytına məlumat verərək bildirilib ki, R. Əzizova hələ ki, baş həkimlik yox, baş həkimin səlahiyyətləri həvalə olunub.

İndi xəstəxanada qəribə vəziyyət yaranıb; xəstəxananın rəhbəri olmadığı üçün möhür həvalə olunan şəxsə verilsə də, onun ASAN imzası təsdiq olunmayıb. Nəticədə Masallı Mərkəzi Xəstəxanasının 1000 nəfərə yaxın həkim və texniki işçisi 2 aya yaxındır ki, əmək haqqını ala bilmir.

Xəstəxana üçün başbəlasına çevrilmiş 500-ə yaxın “Pensiyaçıların işi” həllini tapmamış, pandemiya peyvəndi aləmi bir-birinə qatıb. Belə ki, hər iş günü peyvəndlə bağlı bir neçə yüz adam xəstəxanaya müraciət edir, peyvənd olunan otaqda saatlarla vaxt itirir, içəridəki tünlükdən az qalır sağlam adamlar da koronavirusa tutula.

Xəstələr bir yana “xəstəxananın xəstəliyi” sağalmaq bilmir. Masallı icra hakimiyyətinin rəhbər işçiləri bu sahədə qayda yaratmaq üçün xəstəxanaya təhkim olunub.

Masallı Mərkəzi Xəstəxanasının baş həkim əvəzləyicisi Rasim Əzizov RegionNEWS.AZ saytının sorğusunu cavablandıraraq bildirib ki, həbs olunan baş həkimin istintaqı davam edir və bununla bağlı hələ ki, işlər davam etdirilir:

“Pandemiya ilə əlaqədar olaraq TƏBİB tərəfinin təsdiqləməsi gecikir. Amma yaxın günlərdə bütün işçilər əmək haklarını alacaqlar. Hətta, biz göstəriş vermişik ki, kartlara maaşların vurulması gecikməyə davam edərsə, o zaman nağd şəkildə, yəni əllə vermik şərti ilə ödənilsin”.

Hazırladı: Turan Əlisoy. Cenub.az

araz.az xəbər portalı.