zeytun

Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi “Zeytun Pharmaceuticals” şirkətinin qalib gəldiyi dərman və tibbi ləvazimatların alınmasına dair tenderin nəticələrinin ləğv edildiyini elan edib.

Turan agentliyi xəbər verir ki, müsabiqənin nəticəsinin ləğv edilməsinin səbəbi kimi şirkətin böyük sahibkarlıq subyekti olduğu göstərilib.

Qanunvericiliyə əsasən, təxmin edilən dəyəri 3 milyon dollara qədər olan satınalmalarda yalnız kiçik və orta sahibkarlar subyektləri iştirak edə bilər.

Lakin fevralın 16-da DİN-nin Tibb İdarəsi “Zeytun Pharmaceuticals” MMC-ni ümumi məbləği 445 min manat olan iki tenderin qalibi elan edib.

2020-ci ildə tərəflər arasında ümumi dəyəri 1 milyon 378,4 min manat olan dərman, sarğı və tibbi ləvazimat tədarükünə dair 4 müqavilə imzalanıb.

“Dövlət Satınalmaları haqqında” qanunun iri biznes subyektlərinin təxmini dəyəri 3 milyon dollaradək olan dövlət satınalmalarında iştirakını məhdudlaşdıran müddəası 2019-cu ilin əvvəlindən qüvvədədir.

araz.az xəbər portalı.