mobil+telefon-2.jpg

Azərbaycanda yeni yaradılan Kredit Bürosunun (KB) əsas partnyorlarından biri də mobil operatorlar olacaq. Bu barədə FED.az-a KB-nin icraçı direktoru Elçin Həbibov bildirib: «Artıq rəsmi olaraq mobil operatorlara müraciət edilib və biz yaxın vaxtlarda onlarla danışıqlara başlamağa hazırlaşırıq ki, kredit bürosuna hansı tip məlumatlar ötürüləcək və onların alınması prosesi (texniki cəhətdən) necə baş verəcək».

– Bəs mobil operatorların məlumatları KB və banklara hansı formada faydalı ola bilər?
– Əslində mobil operatorlarla kredit bürosu arasında bir neçə istiqamətdə əməkdaşlıq ola bilər. Bunlardan biri odur ki, mobil operatorlar özləri büronun xidmətindən istifadə etməklə yeni məhsullar yarada bilərlər. Eyni zamanda onların öz məlumatlarının da kredit büroları üçün böyük faydaları ola bilər.

– Onlar bu məlumat vasitəsilə adamın ödədiyi aylıq məbləği  və onun ödəniş qabiliyyətini müəyyən edəcəklər?
– Birincisi hazırda mobil operatorlara bir neçə cür ödənişimiz var. Məsələn, qabaqcadan ödənişlərdə (hazır paketlər alınanda – FED.az) adətən borc olmur. Amma fakturalı xətt abunəçilərinin məlumatları çox faydalıdır (yəni hansı müştərinin hər ay telefonla nə qədər danışması və nə qədər ödəniş etməsi barədə məlumatlar). Eyni zamanda mobil telefon operatorları həm telefon satışı, həm də danışıqları  əhatə edən paketlər satırlar. Yəni onların satıqları telefonların pulu hissə-hissə ödənilir və burada müştərinin intizamını izləmək olur.

– Bəs KB-yə digər şirkətlərin qoşulması ilə bağlı işlər nə yerdədir?
– Kredit bürosunun qurulması ilə paralel olaraq böyük canlanma olacaq. Hazırda kredit bürosuna bank və bank olmayan kredit təşkilatları, sığorta  şirkətləri və təkrar sığorta şirkətləri üzvdür.
Gələcəkdə büronun əsas mştərilərindən və iştirakçılarından biri də riteyl şirkətləri (kreditlə mal satan pərakəndə satış şəbəkələri) olacaq. Hazırda bu sahə onların üçün yeni bir sektordur. Ona görə də hesab edirəm ki, bu təşkilatlar büroya həm məlumat ötürməli, həm də məlumat almalıdırlar. Ona görə də onların bu sistemə qoşulması müəyyən vaxt çəkəcək (məluatların onlayn mübadiləsi üçün  – FED.az).

– Riteyl şirkətləri büroya üzvlükdə maraqlıdırlarmı?
– Əlbəttə, onlar büroya qoşulmaq üçün olduqcə həvəslidirlər. Hətta kredit bürosu yaranmamışdan əvvəl, Mərkəzləşmiş Kredit Reyestri (MKR) mövcud olanda onlar bu sistemə qoşulmaq üçün bir neçə dəfə müraciət etmişdilər və danışıq aparmışdılar. Amma həmin vaxt kredit reyetrində səlahiyyət məhdudiyyəti olduğuna görə, bu mümkün olmadı (qaydaya görə, MKR yalnız bank və BOKT-larla işləyə bilərdi).  Kredit Bürosunda isə səlahiyyət məhdudiyyəti yoxdur. Bu şirkətlərlə hələlik heç br müqavilə bağlanmayıb amma danışıqlar gedir.

araz.az xəbər portalı.