ELÇİN CAVADOV
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru
***
1980- ci ilə qədər Gəncə şəhərində rayon olmayıb, şəhər yalnız o vaxtkı Şəhər Partiya Komitəsi tərəfindən idarə olunurdu. 1980-ci ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Gəncə və Kəpəz rayonları yaradıldı. Kəpəz rayonunun ərazisi 7064, Nizami rayonunun ərazisi isə 3926 hektardır. İki rayonda birlikdə 300 mindən artıq əhali yaşayır.
Gəncə şəhərinin iki rayona bölünməsindən 40 ildən artıq vaxt keçmişdir. Bu qədər müddət ərzində bu rayonların partiya komitəsi, partiya komitəsinin katibləri, müstəqillik dövründə İcra Hakimiyyəti oldu, amma bunlar formal olaraq fəaliyyət göstərdilər.
Bu gün Gəncədə Kəpəz və Nizami rayon İcra Hakimiyyətlərinin olması günün tələblərinə cavab vermir. Bunlarda mərkəzi İcra Hakimiyyətlərindəki qurumların çoxusu yoxdur. Məsələn, təhsil, səhiyyə, mədəniyyət və s.kimi qurumlar yalnız Şəhər İcra Hakimiyyətindədir. Adicə bir kommunal problemin həlli ilə bağlı rayon icra hakimiyyətinin nə fəhləsi, nə də bir strukturu var. Faktiki olaraq bu rayon icra hakimiyyətləri mənasız bir quruma çevrilmişdir, demək olar ki, heç bir fəaliyyətləri yoxdur.
Bu qədər ərazi və əhali üçün iki rayon icra hakimiyyəti strukturunun olması dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinin göstəricisidir. Bunlardan başqa İcra hakimiyyətlərindən əlavə hər rayon üzrə müxtəlif nazirliklərin rayon şöbələri də fəaliyyət göstərir. Bu isə yüzlərlə əlavə ştatın saxlanması deməkdir.
Ümumiyyətlə, Gəncədə rayon İcra Hakimiyyətlərinin mövcudluğu problemləri həll etməkdən çox, vətəndaşlara əngəl törədir. Formal olaraq, vətəndaş hər hansı bir məsələnin həlli ilə bağlı əvvəlcə yaşadığı rayon İcra Hakimiyyətinə müraciət etməlidir, daha sonra bu qurum vətəndaşın müraciətini öz məktubu ilə birgə Şəhər İcra Hakimiyyətinə göndərməlidir. Bundan sonra Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı qərar verməlidir. Bu da idarəçilikdə həm operativliyi ləngidir, həm də vətəndaşların problemlərinin həlli gecikir. Göründüyü kimi, rayonlara bölünmə faktiki olaraq formal xarakter daşıyır.
Ona görə də bir ziyalı kimi hesab edirəm ki, Gəncədə bir İcra Hakimiyyətinin olması daha məqsədəuyğundur, bu böyük həcmdə dövlət vəsaitinə qənaət etməyə imkan verər. Onsuz da bütün vətəndaşlar müraciətlərini şəhər İcra Hakimiyyətinə edirlər. Şəhərin bütün iqtisadi, sosial, siyasi tədbirləri Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunur və həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyəti isə şəhəri saat mexanizmi kimi idarə edir. Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin ləğv olunub, bütün səlahiyyətlərin Gəncə Şəhər İcra Hakimiyyətinə veriləcəyi təqdirdə düşünürəm ki, idarəetmə daha çevik olacaq, bütün problemlər və müraciətlər vaxtında öz həllini tapacaqdır. Həmçinin, büdcə vəsaitlərinə qənaət ediləcək, qənaət edilən həmin xərclər isə şəhərin digər problemlərinə yönləndiriləcək.
Miili Məclisin bu yaxınlarda keçirilən iclasında Gəncədən olan millət vəkilləri çox doğru olaraq bu məsələni qaldırdı. Mən də Gəncədə yaşayan bir vətəndaş kimi, bir ziyalı kimi Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati vahid kimi ləğv edilməsi və səlahiyyətlərinin Gəncə Şəhər İcra Hakimiyyətinə verilməsi təklifini geçikmiş çox düzgün təklif hesab edirəm və dəstəkləyirəm. Ümid edirəm ki, bununla bağlı müvafiq qərar yaxın günlərdə qəbul ediləcəkdir.
MİA.AZ
araz.az xəbər portalı.