1614283004 1606383602329 lkogi0wu

 

“29 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror birləşmələri Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə Azərbaycanın qədim yaşayış məskənlərindən biri və 7 min əhalisi olan Xocalı şəhərinə hücum edərək şəhəri işğal etmiş, köməksiz vəziyyətdə qalmış insanlara qarşı xüsusi qəddarlıq və amansızlıqla soyqırım aktı törətmişlər”

araz.az   Ovqat.com-a istinadən  xəbər verir ki, AMİP-in dünya birliyinə ünvanladığı bəyanatında belə deyilir:

“Azərbaycan tarixinə ən qanlı səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 

Xocalı soyqırımında 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri ahıl olmaqla 613 nəfər dinc sakin amansızcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib, 76 azyaşlı körpə şikəst edilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb və 1000 nəfər güllə yarası alıb. Xocalı şəhəri ilə birlikdə 10 yaşayış məntəqəsi dağıdılaraq talan edilib, 2 tarixi abidə məhv edilib. Bu dəhşətli qətliam zamanı itkin düşənlərin və indiyədək taleyi bəlli olmayan girovların sonradan işgəncələr altında qətlə yetirildiklərinə də heç bir şübhə yoxdur.

Qətliamdan dərhal sonra bölgəyə səfər edən yerli və xarici jurnalistlərin və nüfuzlu beynəlxalq media orqanlarının hazırladıqları reportajlardan, çəkilmiş çoxsaylı foto və video materiallardan da aydın surətdə görünür ki, Xocalıda əsrin ən dəhşətli soyqırımlarından biri həyata keçirilmiş, dinc, silahsız, köməksiz əhali xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilmişdir. 

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı qətliamı kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Cinayət cəzasız qalmamalıdır. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilib. 

Lakin, təəssüf ediləcək haldır ki, qətliamdan 29 il ötməsinə baxmayaraq, Türkiyə, Pakistan və Sudan dövləti, eləcə də Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlamentləri, həmçinin ABŞ-ın 24 ştatından savayı digər dünya dövlətləri hələ də bu soyqırıma hüquqi qiymət verməmiş, onu azərbaycanlılara qarşı törədilən genosid aktı kimi tanımamışlar. 

Halbuki, bu qırğınlar zamanı Cenevrə konvensiyası, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) 2, 3, 5, 9 və 17-ci maddələri, o cümlədən «Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi» Bəyannaməsi (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) kobud surətdə pozularaq insanlığa sığmayan qəddarlıq nümayiş etdirilmişdir.

Azərbaycan Milli İstiqlal Partiyası növbəti dəfə dünya ölkələrinə və parlamentlərinə, beynəlxalq təşkilatlara, bütün sivil dünyaya müraciət edərək, bu dəhşətli qətliamı Azərbaycan xalqına qarşı törədilən genosid aktı kimi tanımağa səsləyir, 1992-ci il fevralın 26-da baş verən bu qanlı soyqırıma hüquqi qiymət verilməsini və cinayətkarların layiq olduqları cəzanı almalarını tələb edir”.

araz.az xəbər portalı.