parlament jurnalistleri

Parlament Jurnalistləri Birliyi (PJB) son günlər sosial şəbəkələrdə hansısa qüvvələrin düşünülmüş üslubda apardığı təbliğatla bağlı açıqlama ilə çıxış edib.

Açıqlamada bildirilir ki, Milli Məclisin iclaslarını izləyən parlament jurnalistləri hər zaman qanunverici orqanın fəaliyyəti barədə doğru informasiyalar yaymağa çalışıblar.
PJB üzvlərinin açıqlamasında Milli Məclisin sonuncu iclasında spiker Sahibə Qafarovanın söylədiyi “Hazırda Qarabağ döyüş bölgəsi deyil” sözlərini kontekstdən çıxaranların sosial şəbəkələrdə yanlış təbliğat aparmaqlarından narahatlıq ifadə edilib.

“Milli Məclisin 23 fevral tarixli iclasının da gedişini izləyən parlament jurnalistləri olaraq deyə bilərik ki, sosial şəbəkələrdə yayılmış guya spiker Sahibə Qafarovanın “Hərbiçilərə ikiqat maaş lazım deyil” deməsi yönündə iddialar tamamilə yalandır. Spiker çıxışında belə bir cümlə ifadə etməyib. Müzakirələr zamanı spiker bildirdi ki, daha Qarabağda müharibə yoxdur və hazırda ora döyüş bölgəsi deyil və əminliklə bildiririk ki, bunun əsgərlərin maaşının artırılmasına qarşı fikir kimi dəyərləndirilməsi yanlışdır. Spiker həmin fikri səsləndirərkən 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan sonrakı vəziyyəti – döyüşlərin dayandırıldığını nəzərdə tutub”, – deyə PJB üzvləri bəyan ediblər.

PJB üzvləri qeyd edirlər ki, Milli Məclisin iclaslarında parlamentin sədri və deputatlar tərəfindən hərbçilərə həmişə diqqət və dəstək göstərilir.

Jurnalistlər bu həssas mövzu ətrafında manipulyasiya cəhdlərinin müşahidə olunduğunu qeyd edərək, sosial şəbəkə istifadəçilərini diqqətli olmağa səsləyiblər:

“Gəlin, qarşı tərəfin təbliğat maşınına işləməyək ki, Azərbaycanı sözün həqiqi mənasında döyüş bölgəsinə çevirmək istəyənlər arzusuna çata bilsinlər. Əminik ki, xalqı təhrikedici çağırışlarla çaşdırmağa çalışanlar bu dəfə də yanılacaqlar”.

araz.az xəbər portalı.