WhatsApp Image 2021 02 28 at 21.42.32

 
Gəncə Dövlət Universitetinin dosentləri Maqbet Əhmədov, Abbas Hüseynov,          Abbas Məmmədov və digərləri, bu ali təhsil müəssisəsində baş verən biabırçı qanunsuz hərəkətlərlə bağlı, araz.az-ın redaksiyasına narahatlıq ifadəsi olan yazı ünvanlayıblar. Bu yazını, olduğu kimi, dəyərli oxucularımızın da diqqətinə çatdırırıq:”Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Nə barəsində edilən şikayətlərə, nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov dünyanın, eləcə də respublikamızın koronavirus pandemiyasından təlaş etdiyi indiki həssas məqamda belə, neqativ hal yaradan əməllərinə rəvac verməkdə davam edir.Universitetdə baş alıb gedən özbaşınalıq, qanun pozuntuları bu ali təhsil müəssisəsində həm professor-müəllim heyəti, həm texniki işçilər, həm də tələbə kontingenti arasında normal atmosferi pozur, pessimist əhvali-ruhiyyə yaradır. Bir sözlə, bütün universitet kollektivinin hüquqları pozulur, onlar müxtəlif sıxıntılara məruz qalırlar.Yusif Yusibov o qədər özünə arxayındır ki, bu günlərdə, Təhsil Nazirliyinin xüsusi komissiyasını belə universitetdən qovub. Bu bir həqiqətdir ki, Yusif  Yusibovun təhsil naziri Emin Əmrullayevlə münasibətləri normal deyil. Yəni, bu rektor nazir üçün arzuolunmaz şəxsdir. Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara, həm də Nazirliyə olunan çoxsaylı şikayətlərə görə universiteti yoxlatmaq  üçün xüsusi komissiya göndərib. Komissiya yoxlama prosesində  maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib. Buna görə, rektorun kabinetinə girən komissiya üzvləri, Yusif Yusibov tərəfindən kobud tərzdə təhqir olunublar. Rektorla komissiya üzvləri arasında danışıq alınmayıb deyə, o: “Gedin, bacardığınızı edin!” — deyə,  yoxlama aparanların üstünə qışqıraraq, onları otağından qovub. Bundan sonra, rektor, birbaşa Mikayıl Cabbarova zəng edib. Komissiya üzvəri bu barədə təhsil naziri Emin Əmrullayevə məlumat veriblər. Nazir bundan sonra universitetə daha bir komissiya göndərib, özü də Gəncə şəhərinə səfər edib, amma, universitetə gəlməyib. Digər ali məktəblərə, bir neçə orta məktəbə baş çəkib. Görünür, təhsil naziri Samir Şərifov, Mikayıl Cabbarov və Ceyhun Bayramov tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Çünki rektorun onlarla sıx əlaqələri var, onlar tərəfindən güclü müdafiə olunur. Yeri gəlmişkən, onu da qeyd edək ki, Yusif Yusibovun qardaşı Cavanşir Yusibov, Maliyyə Nazirliyinin yuxarılarda sözü keçən Aparat rəhbəridir.Məhz bu səbəbdəndir ki, GDU-da pul vəsaitlərinin xərclənməsində böyük israfçılığa yol verilir. Rektor müəllimlərin maaşlarını qaldırmaq əvəzinə, bu pulları şişirtmə qiymətlərlə lüzumsuz şeylərə xərcləyir, universitetdə özünəməxsus maaş sistemi tətbiq edir. Respublikamızın digər  ali məktəblərində professor-müəllim heyətinin əmək haqqları xeyli miqdarda artırılsa da, bu, GDU-da xəyal olaraq qalır. Yalnız onu demək kifayətdir ki, Gəncədə yerləşən ADAUGDU əməkdaşlarının maaşları arasında əsaslı fərqlər var. Di gəl ki, rektor öz yaxın ətrafına maaş verilməsində heç də xəsislik etmir, hətta, onları paketlə də mükafatlandırır. Başqa sözlə, özünün rüşvət mexanizminin dayaqlarına fərqli maaşlar verir. Məsələn, rektorun test maxinasiyalarına rəhbərlik edən, nənələri erməni olan (Vətən Müharibəsində Gəncəyə edilən raket hücumları zamanı yaralanan Kalina Qriqoryan) Vasif və Asif  Həsənov qardaşlarının maaşı 2500 manat, prorektorlarınkı 2000 manatadək, rektorun katibəsinin maaşı isə, 1800 manat həddindədir. Onu da qeyd etməyi lazım bilirik ki rektor öz fantaziyalarına uyğun qəribə şöbələr yaradıb, işçilər götürür. Asif və Vasif Həsənovların həm bacıları, həm də həyat yoldaşları, eləcə də rektorun yaxın ətrafının qohumları bu şöbələrə işə götürülürlər.Amma, təhsil prosesi çiyinlərində dayanan professor-müəllim heyətinin maaşı 450-700 manat arasında olaraq qalır və uzun müddətdir ki, dəyişmir. Dekanların və kafedra müdirlərinin bütün hüquqları əllərindən alınıb. Maraqlıdır ki, tələbələrin hansına təqaüd verilməsi məsələsi dekanın səlahiyyətində olduğu halda, bu məsələni də rektorun özü həll edir. Özü də, təbii ki, Vasif və Asif qardaşlarının əli ilə!.. İşçilərin işə davamiyyəti məsələsinə  müvafiq kafedra müdirləri nəzarət etməli olduğu halda, bu məsələ də hümanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tərəfindən yoxlanılır. Gülsüm Fətəliyeva isə, əlinə bir dəftər alaraq, siyahı üzrə adları oxuyur və qəribə tərzdə işçilərin davamiyyətini yoxlayır.
Bu o Gülsüm Fətəliyevadır ki, 70 yaşını çoxdan keçib, əksər hallarda universitetə çəkələkdə gəlir, yeriməyə belə çətinlik çəkir, amma, özünü Gəncə şəhərinin birinci xanımı hesab edir. O, deputat  Musa Urudun bacısı, keçmiş icra başçısı Elmar Vəliyevin ən sabiq kadrı olan Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qayınanasıdır. Gülsüm Fətəliyeva yaşla bağlı olaraq, özünü tam idarə edə bilmir, danışanda mənasız və məzmunsuz sözlər işlədir. Məsələn, Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə belə deyib: “Sizin Xocalı bayramınızı təbrik edirəm!”. Bundan başqa, həmin tədbirdə harada olmağını unudub və iclas iştirakçılarına qayınatasından, qaynanasından danışıb. Bir müddət bundan öncə, universitetə hicabla gələn tələbənin hicabını açaraq, ayaqlar altına tullayıb və həmin tələbəni kobud sözlərlə təhqir edərək, universitetə buraxmaması ilə gündəmə gəlib. Özünüz deyin, huşu özündə olmayan, dedikləri sözün mənasını dərk etməyən bu adam necə prorektor vəzifəsi daşıya bilər?!.Daha bir maraqlı fakt isə, Gülsüm Fətəliyevanın digər kürəkəni Afiq Marlen oğlu Zeynalovla bağlıdır. Afiq Zeynalov Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin bacanağıdır. Onun qayınatası Kamil Fətəliyev isə, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun  direktorudur. Gülsüm xanımın 74 yaşı olan qaynı isə, Musa Quliyevin köməkçisidir. Afiq Zeynalov əvvəllər ADAU-da müəllim işləyirdi. Universiteti güc-bəla ilə bitirən, adi bir kvadrat tənliyi həll etmək iqtidarında olmayan bu şəxs, hətta elmi iş müdafiə edərək, alim adını alıb. Adı müəllim olsa da, onu auditoriyalarda görən olmayıb. Bu şəxsin dərsləri ADAU-nun digər müəllimləri tərəfindən tədris olunub. Özü isə,bir növ, “eşik ağası” funksiyasını daşıyıb. Universitetin ətrafında fırlanıb, saxta yolla diplom həll etməklə, tələbə qəbulu və tələbə köçürmələri həyata keçirməklə məşğul olub. Müəllim işləyə bilməyəcəyini dərk edən bu şəxs, tərəfdarlarının köməyi ilə, hətta, Samux Rayon DSMF-nin müdiri vəzifəsinə təyin olunub. Burada da çox işləyə bilməyib. İşində yol verdiyi ciddi nöqsanlara, saxtakarlıqlara və yeyintilərə, saxta yolla pensiya təyin etdiyinə və s. bu kimi qanunsuz əməllərinə görə, oradan da, biabırçı şəkildə qovulub. İndi isə, bu şəxsi rektor kənardan gətirərək, Gəncə Dövlət Universitetinin “Elementar riyaziyyat” kafedrasına müdir təyin etmək istəyir. Maraqlıdır, GDU-nun Riyaziyyat fakültəsi universitet yaranan gündən fəaliyyət  göstərir və burada çox güclü kadr potensialı var. Elə isə, niyə, məhz Afiq Zeynalov, layiq olmadığı halda, bura təyin olunmalıdır, bu nə özbaşınalıqdır?!.Prezident İlham Əliyevin fərmanı ilə, GDU-nun dörd mərtəbəli üç tələbə yataqxanasının təmiri üçün 8 milyon vəsait ayrıldı. Amma yataqxananın binaları sökülmədən, sadəcə təmir olundu. Bu qədər vəsaitə böyük bir kompleks tikmək olardı, lakin rektor bu məqsədlə universitetin büdcəsindən də xeyli miqdarda əlavə vəsait ayırdı. Təmirə ayrılmış bu qədər vəsaiti, rektor Y. Yusibov,  şübhəli tenderlərin qalibi, sənədlərdə başqa adamın adı olmağına baxmayaraq, bu tikinti işlərinə başçılıq edən öz qardaşı Çingiz Yusibovun və təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun əli ilə həzmi-rabedən keçirdi. Elə, gələn komissiya da, bu sahədə güclü saxtalaşdırmanın üstünü açdı. Ona görə də, komissiya üzvləri rektor tərəfindən təhqir olunaraq, universitetdən qovuldu.Maraqlıdır, Təhsil Nazirliyi 70  yaşını çoxdan keçmiş, ən yaşlı rektorlardan hesab olunan, kabinet kralı, heç kimi qəbul etməyən GDU rektoru Y. Yusibovun saysız-hesabsız belə qanunsuz əməllərinə nə vaxta kimi göz yumacaq?! Axı, bu şəxsi əvəz etməyin vaxtı çoxdan çatıb. Çətin duruma salınmış, banklardan kredit götürmüş pulsuz müəllimlərin halal zəhmətini yeyib, xarici dövlətlərdə kefə gedənlər, hardan biləcəklər ki, müəllim kollektivinin ehtiyacı nədir?!. Bir qarın çörək puludur belə yolverilməz təhqirlərə məruz qalan yazıq müəllimlərin arzu-istəyi…Sonda onu bir daha deyək ki, GDU-nun kollektivi rektor Y. Yusibovun çürümüş, iflasa uğramış idarəçilik mexanizminin, nifrət doğuran kadr islahatlarının, təhsilə ləkə gətirən və rəzil mühit yaradan qanunsuz hərəkətlərinin qarşılığında, məsələyə cavabdeh olan qurumların, xüsusilə, Təhsil Nazirliyinin hələ də susqunluğunu çox qınayırlar…”. 
                                                                
araz.az xəbər portalı.

araz.az xəbər portalı.