WhatsApp Image 2021 01 11 at 22.41.43

Vüqar DADAŞOV: “Putin siyasi nüfuzunu itirib, Rusiya üçün geriyə sayım sürətlənib”

“Rusiya öz mövqeyini asanlıqla təhvil vermir. Sözsüz ki, Rusiyanın dünyada görünən gücü, əsasən onun postsovet ölkələrindəki mövqeyi ilə ölçülür və təbii ki, Rusiyanı narahat edən ən başlıca məsələ onun məhz postsovet məkanında da mövqeyinin zəifləməsidir”.

Bunu araz.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) siyasi şurasının üzvü, hüquqşünas Vüqar Dadaşov deyib.

O bildirib ki, SSRİ dağıldıqdan sonra Rusiyanın ən güclü mövqeyi Orta Asiya dövlətlərində Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda olub:

“Ancaq son dövrlərdə baş verən əsaslı siyasi proseslər Rusiyanın bu regiona da təsir imkanların azaldıb. Qazaxıstan ilə Rusiyanın müttəfiqlik səviyyəsində olan münasibəti qarşılıqlı ərazi iddialarının yüksək səviyyədə səsləndirilməsilə, Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayevin Rusiyaya “tarix dərsi” ilə kəskin şəkildə korlanmışdır. Təbii ki, bu iki ölkə arasında münasibətinin pozulmasına gətirib çıxaran səbəblər var.

Qazaxıstanla Rusiyanın münasibətinin indiki vəziyyəti Türkiyənin regionda, o cümlədən Qazaxıstanda güclənən mövqeyinin nəticəsidir. Postsovet məkanında Tacikistandan başqa Orta Asiya dövlətlərinin hamısı türkdilli xalqlara və türk etnosuna mənsubdur. Bu dövlətlərin rus kiril əlifbasından imtinası, Türkiyə və Azərbaycanla ortaq latın əlifbasına, ortaq türk dilinə keçidin son dərəcədə aktuallaşması və artıq reallaşması astanasında Rusiyanın Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və nəhayət Türkmənistanda çox illik mövqeyinin sovrulmasının göstəricisidir.

Türkmənistanla bağlı məsələ isə olduqca maraqlı görünür. Yanvar 21-də Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yatağın “Dostluq” adı ilə karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması Rusiyanın maraqlarına böyük zərbədir hansı ki, İran və Rusiyanın təsiri ilə illərlə həlli mümkünsüz idi. Bu razılaşma Rusiya dövlətinin Avropa ölkələrinə qarşı “qaz siyasəti”nin neytrallaşdırılması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı üçün vacib “Cənub Qaz Dəhlizi” layihəsi üzrə TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yardır. Bu isə o deməkdir ki, Rusiya Türkmənistanda da mövqeyini itirib ki, bu vacib memorandum imzalanıb”.

MCP funksioneri qeyd edib ki, Şərqi Avropada yerləşən postsovet respublikaları – Moldovada, Ukraynada və Belarusda da Rusiyanın mövqeyi gərgin siyasi və hərbi proseslərlə müşahidə edilir:

“Moldovanın yeni seçilmiş prezidenti qərbyönümlü Maya Sandu rusmeyilli Prezident İqor Dodon üzərində qələbə qazandı və xanım prezidentin “Rusiya sülhməramlıları dərhal ölkədən çıxarılmalıdır” bəyanatını verdi. Rusiya Ukraynanın Krımını və Dombasını işğal edib. Ukrayna Azərbaycanın Qarabağdakı qazandığı qələbənin təcrübəsini öyrənməyə başlayıb və bu iki ölkə arasında müharibənin yenidən qızışacağı real görünür.

Göründüyü kimi, Rusiyanın Moldovada, Ukraynada hərbi konflikt və real müharibə şəraitindədir. Belarus ilə vəziyyət 2020-ci prezident seçkilərindən sonra məhz Rusiyanın müdaxiləsi ilə Aleksandr Lukaşenkonun hakimiyyətdə qalması ilə daha ağırlaşıb. Rusiya Belarus xalqının seçimini tapdalayaraq, faktiki Belarus prezidenti seçilmiş Svetlana Tixanovskanın hakimiyyətə gəlməsini əngəllədi. Təbii olaraq Belarus xalqı baş verənlərə və Rusiyanın müdaxiləsinə narazılıqlarını uzunmüddətli etirazlarda göstərdi.

Rusiyanın hakimiyyət səviyyəsində Belarusda mövqeyi məcburi, iki təcrid olunmuş dövlətin və iki dövlət başçısının sövdələşməsi çərçivəsindədir. O ki qaldı, Baltikyanı keçmiş üç sovet respublikalarına – Latviya, Litva və Estoniya bu ölkələrdə rus mövqeyindən söhbət belə gedə bilməz. Hər üç dövlət Avropa İttifaqının və NATO-nun üzvüdür”.

Vüqar Dadaşov bildirib ki, Rusiyanın Cənubi Qafqazda mövqeyi digər sadaladığım regionlardan ilkin baxışda məqbul görünür:

“Ancaq real vəziyyət budur ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra Rusiya Cənubi Qafqazdakı lider mövqeyini Türkiyə ilə bölüşməli olub. 2008-ci ildə Rusiya Gürcüstan müharibəsində Rusiya Gürcüstanın Abxaziyasını və Osetiyasını işğal etdikdən sonra bu iki ölkə arasında heç bir münasibət mövcud deyil. Digər Cənubi Qafqaz respublikaları Azərbaycan və Ermənistanda vəziyyət tam fərqli məcradadır.

Rusiyanın hərbi müttəfiqlik münasibətində olduğu Ermənistanda da mövqeyi əsaslı şəkildə laxlayıb ona görə ki, 44 günlük Azərbaycanla müharibədə Rusiya Ermənistana birbaşa açıq canlı qüvvə ilə kömək etmədi, daha doğrusu siyasi şərait buna imkan vermədi. Ermənistan Azərbaycan qarşısında acı məğlubiyyətə uğradı. Biabırçı məğlubiyyətdən sarsılan erməni cəmiyyəti Rusiyanı xəyanətdə ittiham edir. Rusiya Prezidenti Putinlə Ermənistan Baş naziri Paşinyan arasında heç bir insani ünsiyyət belə yoxdur. Qərbyönümlü Paşinyan Azərbaycan qarşısında məğlub olduğu halda hakimiyyətini saxlaya bilib.

Rusiya Ermənistanda rusmeyilli “Qarabağ klanı”nın heç bir nümayəndəsini hakimiyyətə gətirə bilmədiyindən Paşinyanla iş birliyinə getdi və artıq müəyyən vaxtadək olsun, Paşinyana hakimiyyətini saxlamaq üçün dəstək verməli oldu. Rusiya ehtiyat edir ki, Paşinyanın əvəzində daha radikal qərbyönümlü siyasətçi hakimiyyətə gələ bilər. Nikol Paşinyan ara-sıra Rusiyanın maraqlarına kəskin toxunan açıqlamalar verir, nüfuzdan salmaqda davam edir. Ermənistan Baş nazirinin son açıqlaması dünyanı silkələdi, Putini hücuma keçməyə məcbur etdi. 22 fevral 2021-ci il tarixdə Ermənistan Baş naziri Nikol Paşinyan ölkə KİV-nə müsahibəsində etiraf etdi ki, bəli Ermənistan Azərbaycana qarşı Rusiyanın “İsgəndər” raketindən istifadə edib, lakin raketlər partlamayıb. Bu açıqlama ilə Paşinyan bir daha sərt anti-Rusiya mövqeyini göstərərək, Rusiyanın müasir silahlarından biri olan və fəxr etdikləri “İskəndər”in nüfuzunu yerlə-yeksan etdi.

Paşinyanın son çıxışı “isgəndəri”, 44 günlük müharibədən sonra dünya bazarında hörmət və nüfuzdan düşmüş, canıçıxmış rus silahının qəbrinə baş daşına çevirdi. An keçmədən Rusiya Paşinyanı cəzalandırmaq fikrinə düşərək Ermənistanı qarışdırdı, hətta dövlət çevrilişinə cəhd etdi. Ancaq Paşinyan və onun tərəfdarları Rusiyanın təzyiqlərini dəf etdi, erməni cəmiyyəti Paşinyana dəstəyini göstərdi. Ermənistanda Paşinyana təzyiqlərin nəticəsindən asılı olmayaraq Rusiyanın bu ölkədə nüfuzu sürətlə azalmaqda davam edir”.

Hüquqşünasın fikrincə, Rusiyanın Ermənistanda mövqeyinin olduqca zəifləməsinin bir görüntüsü də odur ki, Rusiya Qarabağda separatçı ermənilərə “stavka” edir:

“Orada separatçıların əli ilə “rus dili” ssenarisini işə salıb. Bu isə onu göstərir ki, Rusiya Ermənistana hazırda etibar etmir, orada mövqeyi olduqca zəifdir və haçansa Ermənistanı itirə biləcəyi ehtimalı görünür. Azərbaycanda sözsüz ki, Rusiyanın müəyyən mövqeyi var. Ancaq bu mövqeyin duruşu mümkünsüz görünür. Rusiya 9 noyabr 2020-ci il müəmmalı rus helikopterinin vurulması bəhanəsi ilə şantaj və təzyiqlə Azərbaycana öz ordusunu yeridərək Ermənistan üzərində Azərbaycanın qələbəsinin tamamlanmasına imkan vermədi.

Təbii ki, Azərbaycanın yüksək dövlət rəsmiləri bu məsələyə münasibət bildirilməsə də, bütün Azərbaycan xalqı Rusiyanın Azərbaycana qarşı ənənəvi işğalçılıq, hökmranlıq siyasətini davam etdirməsindən xəbərdardır. Rusiya öz ordusunu sülhməramlı adı ilə Azərbaycana, Qarabağa yeritməsi ilkin baxışda onun uğuru sayıla bilər. Ancaq rus sülhməramlıların Azərbaycana Qarabağa yerləşdirilməsində də Azərbaycan çox vacib qazanclarını əldə etdi, dünyanın daha doğrusu xristian dünyasının Azərbaycana basqısını neytrallaşdıra bildi, Qarabağla bağlı ən pis mümkün variantların Azərbaycana qarşı tətbiq edilməsi real göründüyü halda əhəmiyyətini itirmiş oldu”.

V.Dadaşov əlavə edib ki, paralel olaraq Türkiyə rəsmən Azərbaycanda, yəni Rusiyanın “arxa baxçası” saydığı Cənubi Qafqaza oturuşdu:

“Rusiya Qafqazda Türkiyənin mövcudluğunu qəbul etdi. 44 günlük müharibədə rus hərb elminin, hərb sənayesinin yararsızlığı Rusiyanın Azərbaycanda mövqeyinin güclənməsi yox, hərb nüfuzun sıfıra enməsi deməkdir. Digər tərəfdən Azərbaycanda yüksək hakimiyyət postlarında təmsil olan rusmeyilli məmurların və hərbçilərin vəzifədən uzaqlaşdırılması 44 günlük müharibə ərəfəsində və sonradan da prosesin davam etdirilməsi Rusiyanın Azərbaycanda siyasi ideoloji təsirinin zərərsizləşdirib.

Bir mənalı demək olar ki, Rusiyanın müdaxilə etdiyi konfliktlər onun işğalçılıq siyasətinin sübutu kimi həm yerli xalqların gözündə həm də dünya dövlətləri üçün təhlükə mənbəyi kimi arzuolunmaz dövlətə çevirib.

14 fevral 2021-ci tarixdə Rusiya Prezidenti Vladimir Putin ölkə mediasının redaktorları ilə görüşdə “Rusiyanın postsovet məkanında artan təsiri narahatlıq doğurur, ölkənin əleyhdarları dünyada gərginliyin azaldılması barədə danışıqlar çərçivəsində Rusiyanı iddialı və hakimiyyətə həsrət qalan insanlardan istifadə edərək MDB məkanından çıxarmağa çalışacaqlar. Postsovet məkanındakı təsirimiz, nə qədər olsa da, artır. Bütün çətinliklərə baxmayaraq. Axı, ittifaqı (Sovet İttifaqı – red.) dağıdanda, sonrakı bütün nəticələri ilə müstəqil dövlətlərin qurulmasını anlamalı idilər. Ancaq buna baxmayaraq, son illərdə burada təsir gücümüz artmaqdadır. Həm də bu, narahatlığa səbəb olur”, – deyə bir fikir səsləndirdi. Putinin açıqlaması onu göstərdi ki, həqiqətən Rusiyanı narahat edən ən başlıca məsələ onun məhz postsovet məkanında da mövqeyinin zəifləməsidir. Ona görə ki, Rusiyanın dünyada müasir gücünün bazası məhz postsovet ölkələrindəki mövqeyidir. Putinin açıq-aşkar həqiqətəuyğun olmayan açıqlaması vəziyyətinin ağırlığının göstəricisidir.

Bu mövqeyin zəifləməsi həm də onu göstərir ki, Putin siyasi nüfuzunu itirib, Rusiya üçün geriyə sayım sürətlənib. Rusların belə bir atalar məsəli var: “Kimin nəyi ağrıyırsa, elə ondan da danışar”. Odur ki, Putin bu açıqlaması öz atalar məsəlinə uyğun olaraq ağrı yerini nümayiş etdirir”.

araz.az

araz.az xəbər portalı.