bandicam 2021 03 03 11 30 03 498

Son bir neçə ildir ki, Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın və ona bağlı olan ayrı-ayrı şəxslərin onlarla deyil, bəlkə də yüzlərlə insanları aldatmaları, mallarını, pullarını və s. mənimsəmələri kimi qanunazidd əməlləri haqda, bəzi media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlanmaqdadır. Çox təəssüflər olsun ki, nə adı çəkilən bu şəxsin, nə də ki, ona bağlı olan digər şəxslərin belə bir çirkin əməllərinə hansısa səbəbdən hüquqi qiymət verilmir. Bu da zərərçəkən şəxslər arasında böyük şübhələrin əmələ gəlməsinə səbəb olur. Belə şəxslərdən biri də, Şəmkir rayonu, Düyərli kənd sakini Anar Əliqulu oğlu Abbasovdur. Bir neçə gün bundan öncə adı çəkilən bu şəxs üz-üzə qaldığı problemlə bağlı Araz.Az-za video-müraciətini təqdim edib. Anar Abbasov video-müraciətində qeyd edir: “Mən 2007-2008-ci il tarixlərdə Kəbrə Məmmədovanın qohumu, hansı ki, daxili işlər orqanında çalışan Şahin müəllimin vasitəçiliyi ilə, Binə Ticarət Mərkəzinin rəhbərliyinə 45 min dollar pul verib 16-cı sırada 40 kvm sahəsi olan mağaza aldım. Az sonra bəlli oldu ki, həmin sırada elə bir mağaza yoxdur. Yəni, “sənə mağaza vermişik” deyən şəxslər məni aldadıblar. Ləngimədən Kəbrə Məmmədovanı bu haqda məlumatlandırdım və ona bildirdim ki, 16-cı sırada mənə verilən mağaza yoxdur. Belə olan halda Binə Ticarət Mərkəzinin rəhbərinə bağlı olan şəxslər mənə “Gəl razı ol, sənə bazarın ön hissəsindən, hansı ki, xalçalar satılan ərazidən 20 kvm sahəsi olan mağaza verək” dedilər. Həmin vaxt onların belə bir təklifinə razı oldum və qeyd olunan yerdən mənə mağaza verdilər. İki ay həmin mağazada ticarətlə məşğul olsam da, əldə etdiyim gəlirlərdən yalnız “arenda pulu”nu ödəyə bildim. Bir sözlə, iki ay ərzində yalnız əlavə yüz manat xeyr götürə bildim. Belə olan halda təkrar Kəbrə xanımın qəbulunda oldum və vəziyyətin ağırlığını ona danışdım. O halda Kəbrə xanıma bağlı olan şəxslər “əgər bunu bəyənmirsənsə, ya mağazanı təmir et, ya da ki, onu geri qaytar” deyə təkliflərini verdlər. Mən mağazanı geri qaytarmağa razı olduğumu bildirdim. Belə olan halda həmin şəxslər verdiyim 45 min dollar pulu 78 faizlə hesabladılar və “sənə cəmi 36 500 manat pul verəcəyik” dedilər.

Düzdür, onlar ilk söhbətimiz zamanı belə bir məbləğ pulu birdəfəyə verməyəcəklərini bildirdilər və mənə hər ay 500 manat pul verəcəkləri vədini verdilər. Təəssüflər olsun ki, onlar ilk aydan belə bir vədlərinə əməl etmədilər və yalnız ayda yüz manat pul verməklə işlərini bitmiş hesab etməyə çalışdılar. Həmin şəxslər başa düşmürlər ki, mən Şəmkirdə yaşayıram və hər ay yüz manat pul almaqdan ötəri Bakı şəhərinə gedib-qayıtmaq heç cür sərf etmir. Sözsüz ki, mən buna heç cür razı ola bilmərəm.

Fakt budur ki, vaxtilə Binə Ticarət Mərkəzinin rəhbərliyinə verdiyim 45 min dollar pulu heç cür geri qaytara bilmirəm. Ona görə də, belə bir problemin həllində ölkə rəhbəri cənab İlham Əliyevdən, hörmətli Mehriban xanımdan, daxili işlər naziri cənab Vilayət Eyvazovdan köməklik istəyirəm. Qeyd edim ki, mən həmin pulları alıntəri ilə qazanmışdım. 5-6 fevral 2021-ci il tarixində Kəbrə xanımın yaxın çevrəsində olan Şahin müəllimlə, Bəhruz müəllimlə və Sahib müəllimlə danışmışam. Onlar Kəbrə xanımla danışıb mənə cavab verəcəkləri vədini versələr də, təəssüflər olsun ki, həmin şəxslərdən heç bir cavab çıxmadı. Bu gün mən dövlətimizə güvənirəm və mənə köməklik olunacağına ümid də edirəm. Onu da bildirim ki, 45 min dollar pulumun müqabilində mənə verilmiş mağaza anam Qənbərova Səyyarə Sabit qızının adına rəsmiləşdirilmişdi. Biz Binə Ticarət Mərkəzindən mağaza almaq fikirinə düşərkən, bütün danışıqlarımızı Şahin müəllimlə aparırdıq. Qeyd edim ki, hazırda qarşı tərəf mənə müxtəlif bəhanələr danışır və verdiyim pullarımı geri qaytarmırlar.

Əlavə olaraq onu da bildirim ki, Binə Ticarət Mərkəzinə rəhbərlik edən Kəbrə Məmmədovanın “minbir oyun” qaydalarına “tuş gələn”lərdən biri də, ər-arvad olan Nəsib və Suğra Daşdəmirovlardır. Bu haqda bəzi xəbər portallarında Kəbirə xanımın adı çəkilən şəxslərə 221 000 dollar pul “fırlatması” haqda müəyyən açıqlamalar da yayımlanıb. Bütün bunlar onu söyləməyə əsas verir ki, hal-hazırda Binə Ticarət Mərkəzinə rəhbərlik edən bu şəxsin atdığı addımların varlığı səbəbindən, hal-hazırda onlarla deyil, bəlkə də yüzlərlə insan bir çox dövlət qurumlarının “qapılarında sürünməkdədirlər”.

 Mövzu diqqətimizdədir.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/p8iEUcbWaB4′” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

Araz.Az xəbər portalı

araz.az xəbər portalı.