Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox müddətdə keçirdiyi mətbuat konfransı bütün dünyada böyük maraqla qarşılanıb. Dünyanın bir sıra nüfuzlu mətbu orqanlarında bu konfransla bağlı siyasi təhlillər yer alıb. Həmin konfransla bağlı, Moldova mətbuatında da, yeni analitik məqalə yayımlanıb. Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan məlumatda bildirilir ki, “Ильхам Алиев: “Азербайджанцы вернутся на освобожденные земли. Другого пути нет” adlı həmin məqalə point.md, ava.md, tribuna.md, noi.md kimi tanınmış media vasitələrində rus və rumın dillərində dərc edilib.
Həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:
İlham ƏLİYEV: “Azərbaycanlılar azad edilmiş torpaqlara qayıdacaqlar. Başqa yol yoxdur
Fevralın 26-da, Xocalı soyqırımının 29-cu ildönümü günü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfrans zamanı Prezident bildirib ki, Azərbaycan üçün ilk və ən vacib mərhələ 30 il əvvəl doğma yurdlarından qovulmuş vətəndaşların — məcburi köçkünlərin azad edilmiş torpaqlara geri qaytarılmasıdır: “Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyanın nəzarətində olan torpaqlarına da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda, bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma, bu, qaçılmazdır. O cümlədən, biz, Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”, — deyə, dövlət başçısı qeyd edib.
Mətbuat konfransında İlham Əliyev, qaçqınların qayıtmasının əsas şərtinin torpaqların minalardan təmizlənməsi olduğunu da bildirib. Dövlət başçısı öz çıxışında, Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritəsini verməməsindən də söz açıb. Qeyd edib ki, bu bir cinayət kimi qəbul edilə bilər, çünki minalar səbəbindən dinc azərbaycanlılar ölür. Prezident bildirib: “Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra, bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə, mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə, başqa cür hərəkət edirlər”.
Ölkə başçısı jurnalistlərin suallarını cavablandırarkən, vətəndaşların geri qaytarılması üçün, digər bir vacib cəhətin azad edilmiş ərazilərin bərpası olduğunu
söyləyib. Çünki erməni işğalçıları Qarabağın şəhər və kəndlərini xarabalığa çeviriblər.
“Füzulidə hava limanının inşasına artıq başlanılıb, Zəngilan və Laçında daha çox tikinti aparılması planlaşdırılır. Biz də, “Smart Village” pilot layihəsini ilin sonuna qədər həyata keçirmək istəyirik, çünki vətəndaşlarımız yaxşı şəraitdə yaşamağa layiqdirlər. Artıq, təkcə Qarabağ sakinləri üçün deyil, ümümiyyətlə, Azərbaycan və qonşuları üçün faydalı olan iqtisadi layihələr planlaşdırılır. Türkiyə, İran, Rusiya və bəlkə şansını əldən verməsə, Ermənistan da, bu layihələrə daxil ola bilər. Məsələn, Zəngəzur dəhlizi. Hər şey qaydasında olarsa, Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər”, — deyə, Prezident əlavə edib.
Konfrans zamanı jurnalistlər, azərbaycanlıların, ermənilərin etdiklərindən sonra, onlarla birlikdə yaşayıb-yaşamayacaqları ilə də maraqlanıblar. İlham Əliyev cavabında bildirib: “Baxmayaraq ki, biz, yaralarımızın hələ sağalmadığını və bunun çox vaxt aparacağını başa düşürük. Lakin, bu, tamamilə mümkündür. O ki qaldı gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu baş verir, o cümlədən, Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Azərbaycanda yaşayan keçmiş Ermənistan müdafiə nazirinin bacısını da tapmışdılar. Baxın, Ermənistan müdafiə naziri 90-cı illərdə olub, hansı ki, azərbaycanlılara qarşı soyqırımın törədilməsində iştirak edib, onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var?! Yox! Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur! Biz, bundan sonra da, buna hazırıq. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar və Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdilər. Müharibə yaraları hələ sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz, heç vaxt Xocalı soyqırımını unutmayacağıq! Həm qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı! Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik. Heç kimi məcbur etmək istəmirik”, — deyə, Prezident əlavə edib.
Eyni zamanda Azərbaycanın dövlət başçısı bölgədə uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin ləğv edilməsi məsələlərinin ölkə üçün çox ciddi məsələ olduğunu söyləyib: “Müharibədən heç dörd ay da keçməyib, ancaq, Azərbaycanla Ermənistan rəsmiləri arasında təmaslar qurulur, görüşlər bəzən açıq, bəzən qeyri-rəsmi formatda
keçirilir. Lakin bu proses gedir. Buna görə də, məsələnin bütün incəliyini dərk edərək, bir daha demək istəyirəm ki, istədiyimizə tam nail olmaq üçün müdrik olmalı və bütün addımları vaxtında atmalıyıq. İkinci Qarabağ müharibəsi, vaxtında atılan addımların təsiri oldu”, — deyə, Prezident İlham Əliyev bildirib.
Həmin yazıların linklərini də, dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
https://tribuna.md/ru/2021/03/02/ilham-aliyev-azerii-se-vor-intoarce-pe-pamanturile-eliberate-nu-exista-alta-cale/
https://ava.md/2021/03/02/il-ham-aliev-azerbaydzhancy-vernutsya/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.